Şimali Koreyadan ABŞ-ı qəzəbləndirən xəbər: "Casus"umuz Ağ Evi, Pentaqonu çəkdi
Bizi izləyin

Dünya

Şimali Koreyadan ABŞ-ı qəzəbləndirən xəbər: "Casus"umuz Ağ Evi, Pentaqonu çəkdi

Şimali Koreya rəhbərliyi orbitə göndərdiyi casus peykinin Ağ Evi, ABŞ Müdafiə Nazirliyini (Pentaqon) və bəzi ABŞ hərbi bazalarını görüntülədiyini iddia edib.

Publika.az xəbər verir ki, Şimali Koreyanın yeni tip Chollima-1 raketi vasitəsilə orbitə göndərdiyi "Malliqyonq-1" adlı casus peyki ilə bağlı ABŞ-ı qəzəbləndirəcək bir iddia gəlib. Belə ki, Pxenyan administrasiyası Ağ Evi, Pentaqonu və bəzi ABŞ hərbi bazalarını casus peyki ilə görüntülədiyini açıqlayıb. Dövlət xəbər agentliyinin verdiyi açıqlamaya görə, Milli Aeronavtika və Kosmik Texnologiyalar İdarəsinə (NATA) səfər edən ölkə lideri Kim Çen In noyabrın 27-də yerli vaxtla saat 23:35-də "Malliqyonq-1" peyki tərəfindən Norfolk Dəniz Vağzalının, Nyuport Nyus gəmiqayırma zavodunun və ABŞ-ın Virciniya əyalətindəki bir hava limanının fotoşəkillərini araşdırıb.

Açıqlamada, "Norfolk Dəniz Stansiyası və Nyuport Nyus Gəmiqayırma Zavodunun fotoşəkillərində ABŞ-a məxsus 4 nüvə təyyarə gəmisi və bir İngilis təyyarə gəmisi görüldü" deyilir.

Kimin həmçinin noyabrın 27-də saat 23:36-da Ağ Ev və Pentaqonun çəkilmiş görüntüləri ilə bağlı da səlahiyyətlilərdən məlumat aldığı bildirilib.

Noyabrın 25-də saat 17:56-da İtaliyanın Roma şəhərinin çəkilmiş fotoşəkillərini və 27 noyabr saat 09:17-də Quam adasındakı Anderson Hərbi Hava Qüvvələri bazasından çəkilmiş fotoşəkilləri araşdırdığı bildirilən Kim, "Malliqyonq -1" casus peykinin rəsmi missiyasına başlamazdan əvvəl uğurlu hazırlığından çox məmnun olduğunu deyib.

Noyabrın 21-də iki uğursuz cəhddən sonra “Malliqyonq-1” casus peykini orbitə çıxaran Şimali Koreya bu yaxınlarda Cənubi Koreyanın hərbi hədəflərinin görüntülərini çəkməyə nail olduğunu açıqlamışdı. Lider Kim Çen Inın "düşmən zonası"nda və ölkənin müxtəlif bölgələrində əsas hədəfləri göstərən fotoşəkilləri araşdırdığı deyilmişdi.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm