Fransiskin arzusu reallaşmadı - Papa XIV Leo İznik səfərini gerçəkləşdirir
Bizi izləyin

Dünya

Fransiskin arzusu reallaşmadı - Papa XIV Leo İznik səfərini gerçəkləşdirir

Katoliklərin lideri Papa XIV Leo sabah Türkiyəyə ilk beynəlxalq səfərini gerçəkləşdirəcək.

Publika.az xəbər verir ki, Vatikandakı mənbələrə görə, Papanın səfər proqramına Ankara, İstanbul və İznik daxildir.

Papa səfər çərçivəsində Anıtqəbirə ziyarət edəcək. Daha sonra o, Beştəpədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi olaraq qarşılanacaq.

Ankara səfərindən sonra Papa Leo İstanbula gedəcək və Harbiyedəki Müqəddəs Esprit Katedralında xristian ruhaniləri ilə görüşəcək.

Bu il xristian tarixində əlamətdar hadisə olan Birinci Nikeya Şurasının 1700-cü ildönümüdür. Papa Leo bu səbəblə, uzun müddət İznik gölünün sahilində su altında qalan Müqəddəs Neofitos Bazilikasının xarabalıqlarını ziyarət edəcək.

İznikə bu səfəri aprel ayında vəfat edən Papa Fransisk planlaşdırmışdı, lakin onun ölümündən sonra anma mərasimi təxirə salınmışdı. Onun varisi Papa XIV Leo da səfərdən vaz keçməyib.

Qeyd edək ki, Papanın İznikə səfəri müəyyən dairələrdə qalmaqallı hesab olunur. Səbəb odur ki, 325-ci ildə İznikdə keçirilmiş Birinci İznik Konsili xristian məzhəblərinin tarixində dönüş nöqtəsi olub və bu hadisənin 1700-cü ildönümünün Papa tərəfindən qeyd edilməsi bəzilərində “Roma kilsəsinin üstünlüyü mesajı” kimi dəyərləndirilir.

Pravoslav-Katolik münasibətlərindəki həssaslıq, müxtəlif kilsələrin bu səfərə ehtiyatla yanaşması və səfərin dini-simvolik yükü ətrafında müzakirələr yaradır. Buna baxmayaraq, Vatikan səfərin məqsədinin dialoq və sülh çağırışı olduğunu bildirir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm