Sabiq prezidentin həyat yoldaşına qarşı ittiham: Hansı cəza gözləyir?
Bizi izləyin

Dünya

Sabiq prezidentin həyat yoldaşına qarşı ittiham: Hansı cəza gözləyir?

Cənubi Koreyada vəzifəsindən uzaqlaşdırılan sabiq prezident Yoon Suk Yeolun həyat yoldaşı Kim Keon Hee dövlət işlərinə “qanunsuz şəkildə” müdaxilə etməkdə ittiham olunub.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, məsələyə baxan prokuror müavini Kim Hyonq-kun, Kim Keon Hee barəsində irəli sürülən korrupsiya iddiaları ilə bağlı aparılan 180 günlük istintaqın başa çatmasından sonra mətbuat konfransı keçirib.

O, bildirib ki, istintaq zamanı Yoonun həyat yoldaşının gizli şəkildə dövlət işlərinə qanunsuz müdaxilə etdiyi və ictimai vəzifələrin satışı proseslərinə qarışdığı müəyyən edilib.

Məlum olub ki, Kim Keon Hee dövlət vəzifələri və siyasi namizədliklər qarşılığında ümumi dəyəri 370 milyon von (təxminən 258 min ABŞ dolları) olan hədiyyələr qəbul edib.

Kim Keon Heenin adının hallandığı iddialarla bağlı bir çox şəxs barəsində cinayət işi açıldığı və hüquqi prosesin davam edəcəyi qeyd olunub. O, seçkilərə müdaxilə və rüşvət də daxil olmaqla müxtəlif ittihamlarla çıxarılan həbs qərarından sonra 12 avqust tarixində saxlanılmışdı.

Qeyd edək ki, Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etmiş, lakin parlamentin səsverməsi və Nazirlər Kabinetinin təsdiqi ilə qərarın ləğvindən sonra geri çəkilmək məcburiyyətində qalmışdı. 2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələb edilən Yoon Konstitusiya Məhkəməsinin onun işi ilə bağlı qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm