Erməni icması bölünür: Ankaranın “Mahçup” olmasının sirri – TƏHLİL
Bizi izləyin

Dünya

Erməni icması bölünür: Ankaranın “Mahçup” olmasının sirri – TƏHLİL

Türkiyənin erməni icması iki cəbhəyə parçalanır.


Publika.az xəbər verir ki, “Aksiyon” jurnalı parçalanmanın erməni yazıçıları və ziyalıları arasında kəskin xarakter aldığını yazıb.

“17 dekabr” hadisələrindən sonra icmanın tanınmış simalarından olan Etyen Mahçupyan “Zaman” qəzetini tərk edərək, “Akşam” qəzetində yazmağa başladı. Ardınca Türkiyə baş naziri Əhməd Davudoğlu Mahçupyanı öz müşaviri təyin etdi.

Daha sonra Mahçupyan və “Yeni Şafak” qəzetinin aparıcı jurnalisti Markar Yesayan “17 dekabr çevrilişi” başlıqlı yazılar yazmağa başladı.

Erməni icmasının digər tanınmış üzvü, “Taraf” qəzetinin jurnalisti Hayko Bağdat erməni həmkarlarını sərt tənqid etdi. Bu qarşıdurma nəinki erməni icması arasında, bütün Türkiyədə ciddi rezonans doğurdu.


Məlumatlara görə, hazırda Türkiyənin erməni icması Ərdoğan hökumətini dəstəkləyənlər və ona qarşı çıxanlar arasında iki cəbhəyə bölünüb. Cəbhələrin bir-birinə qarşı sərt ittihamlar irəli sürdüyü müşahidə olunur.
Bu, qarşıdan gələn qondarma “erməni soyqırımı” məsələsində də icmanın eyni mövqedən çıxış etməsinə mane olacaq. Artıq türkiyəli ekspertlər də erməni icmasının müəyyən kəsiminin “soyqırım” məsələsində İrəvanı dəstəkləməyəcəyini, ən azından susqunluq nümayiş etdirəcəyini proqnozlaşdırırlar.


Bu fakt Ərdoğan administrasiyasının Mahçupyanı müşavir təyin etməklə ağıllı gediş etdiyini göstərir. Halbuki, bir erməninin yüksək posta gətirilməsi Bakıda qıcıq yaratmışdı. Rəsmi Bakı bu məsələdə mövqe sərgiləməsə də, ictimaiyyət olaraq buna qarşı çıxmış, Türkiyəni qardaşlığa xəyanət etməkdə ittiham etmişdik.


Bu, ilk növbədə Ankaranın başını ağrıdan “soyqırım” məsələsində İrəvanı dəstəkləyən bir erməniyə vəzifə verəcək qədər sadəlövh olmadığını göstərdi. Digər tərəfdən, Mahçupyanın müşavir təyin edilməsi ilə Ankara incə və ağıllı gediş etdi.


Ankara üçün xarici siyasətindəki çətinliklər, xüsusilə Suriya və İŞİD problemi fonunda daxili sabitlik hava-su kimi lazımdır. Kürd problemi onsuz da illərdir Ankaranın başını ağrıtmaqdadır. Bu təyinatı zaman-zaman kürdlərlə birləşən, yaxud dolayısı yolla onlara dəstək verən Türkiyə ermənilərinə jest hesab etmək olar. Nəzərə alınmalıdır ki, Türkiyədə rəsmi rəqəmlərə görə 60 min erməni var və onların 45 mini İstanbulda yaşayır.

Digər tərəfdən, qardaş ölkədə mövcud olan yeganə erməni kəndi Vakıflı Suriya ilə sərhəddə yerləşir. İndiki məqamda bu kiçik, amma vacib detalı nəzərdən qaçırmaq səhv addım olardı.


Bu addım həm də müəyyən mənada Ankaranın “etimad hökumət” gedişi idi. “Etimad hökumət” nəzəriyyəsinə görə, cəmiyyətdə narazı qüvvələri azaltmaq üçün həmin qüvvələr arasında nüfuzu olan şəxslərə hökumətdə təmsilçilik verilir və bununla müəyyən mənada narazılıq aradan götürülür. Bu hansısa dini kəsimin, yaxud milli azlığın nümayəndəsi ola bilər. Eyni zamanda, elm adamları, mütəxəssislərin də hökumətdə təmsilçiliyi etimad hökumətin qurulmasına xidmət edən amillərdəndir. Mahçupyanın təyinatında bu elementlər açıq şəkildə seçilir.


Nəhayət, 2015-ci ildə “soyqırımın 100 illiyi” faktoru önə çıxır. İrəvan bu il Ankaraya qarşı genişmiqyaslı həmlə etmək niyyətindədir və bunu gizlətmir.


2015-ci ildə Ankaranı gözləyən qondarma “erməni soyqırımı” problemi də bu təyinatın tərkib hissəsidir. Beləliklə, Ankara heç olmasa ölkə daxilindəki erməniləri müəyyən mənada neytrallaşdırmaq və “daxildən zərbələri” önləmək niyyətindədir. Mahçupyanın vaxtilə “Agos”da post tutması, hazırda bu qəzetə təsir imkanlarının olması, Türkiyədəki ən böyük erməni mediasının onun əli ilə neytrallaşdırmaq ehtimallarını artırır.
Türkiyədəki erməni icmasının hazırda yaşadığı qarşıdurma da rəsmi Ankaranın bu təyinat arxasında düşündüyü siyasətin gerçəkləşdiyini göstərir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm