Tələbələrə pulsuz təhsil, geyim və yemək verən institut
Bizi izləyin

Elm və təhsil

Tələbələrə pulsuz təhsil, geyim və yemək verən institut

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri ilə bağlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən institutun rektoru Ceyhun Məmmədov qısa fəaliyyətləri dövründə görülmüş işlər barədə danışıb, yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə məlumat verib:

“Hazırda institut Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsinin binasında müvəqqəti olaraq yerləşib. Növbəti ildən institutun üçün ayrıca bina ayrılıb, biz fəaliyyətimizi həmin binada davam etdirəcəyik. Azərbaycan İlahiyyat İnstitutu yaranana qədər Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsi bu istiqamətdə fəaliyyət göstərir. Azərbaycan İlahiyyat İnstitutu yaradılanda qarşıya qoyulan məqsəd həm dinşünaslıq, həm də islamşünaslıq üzrə mütəxəssislərin hazırlanması idi. Hazırda bu istiqamətdə institutda iki ixtisas mövcuddur, bir fakültə və üç kafedra fəaliyyət göstərir.

İnstitutda ümumilikdə 103 tələbə təhsil alır, onların 60-ı bu il qəbul olub, qalanları isə Bakı Dövlət Universitetindən köçürülüb. İnstitut fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsinə diqqət edir. Çünki bu gün bir çox ölkələrdə bu cür institutlar mövcuddur. Əsas hədəf mövcud yüksək dini-mənəvi mühitin gücləndirilməsi, dini fəaliyyətin təşkili sahəsində mütəxəssislərin yetişdirilməsidir. Buna görə yalnız dini deyil, dünyəvi təhsil də verilir”.

İnstitutda təhsilin ödənişsiz olduğunu deyən rektor tələbələrin qida və geyimlə təmin olunması istiqamətində işlərin aparıldığını bildirib: “Dərs vəsaitləri tələbələrə tam ödənişsiz verilib. Yeni dərs vəsaitlərin hazırlanması istiqamətində iş gedir”.

Tədbirdə çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov xurafatla mübarizə üçün təhsilin əhəmiyyətindən danışıb:

“Bu gün bəzi ailələrdə xurafat təbliğ edilir. Buna qarşı ən yaxşı mübarizə üsulu təhsil müəssisələrində şagird və tələbələrin maarifləndirilməsidir. Hər bir azərbaycanlı yalnız islam dini deyil, digər dinlər barədə də məlumatlı olmalıdır. Xarici ölkələrə dini təhsil ödənişsiz olduğundan kifayət qədər azərbaycanlı qonşu ölkələrdə dini təhsil alıb. Dini təhsil alıb ölkəmizə qayıdanlar həmin ölkələrin dini cərəyanlarını bura gətirirlər. Ödənişsiz təhsil imkanı yaradan Azərbaycan İslam Universitetin yaradılması xaricə dini təhsil üçün üz tutanların sayını azaldacaq”.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, multikultural ölkə olan Azərbaycanda tarixən zərdüştlük, xristianlıq, yəhüdilik, islam dininə inam olub.

“Bunlar hamısı siyasi həyatımız, dünyagörüşümüzdə izini qoyub. Bu institutun yaradılmasında məqsəd ölkəmizdə dini öyrənən kadrların hazırlanmasıdır ki, bu da çox müsbət haldır”.

Təhsilin strateji məsələ olduğunu deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu mənada Azərbaycan İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət götürdüyünü deyib:

“Din səssiz-səmirsiz təsir etmək imkanına malikdir. İnanırıq ki, institut dəyərli din xadimləri yetişdirəcək. Bu il tələbələrin sayı 100-dən çoxdur, gələn ildən bu say daha da artacaq. Milli dəyərləri qorumaq üçün bu cür kadrlara ehtiyac var”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev institutun yaradılmasını vaxtında atılmış addım olduğunu deyib.

“Ölkəmizə dini ad altında qonşu ölkələrdən problemlər “idxal” edilir. İslamın mahiyyətini, fəlsəfəsini cəmiyyətə çatdırmaq üçün savadlı din xadimlərinə ehtiyac var”.

Politoloq Arzu Nağıyev ölkəmizdə dini ekspertlərə daim ehtiyac olduğunu və Azərbaycan İslam Universitetinin savadsız mollalar problemini həll edəcəyini deyib.

“Universitet çətin strateji yoldadır. Bu gün din adı altında gənclər, yaşlı insanlar müxtəlif qruplar tərəfindən ələ alınır. Onlarla mübarizə aparmaq üçün media daim Azərbaycan İslam Universitetinin yanındadır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm