Güzəşt olsun, yarıbayarı azaldılsın və ya ləğv olunsun – Təhsil xərcləri ilə bağlı TƏKLİFLƏR
Bizi izləyin

Elm və təhsil

Güzəşt olsun, yarıbayarı azaldılsın və ya ləğv olunsun – Təhsil xərcləri ilə bağlı TƏKLİFLƏR

Dünən keçirilən Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında bir neçə deputat ölkəmizdə təhsil xərcləri və onların ödənilməsi ilə bağlı bir sıra təkliflər veriblər.

Təklif irəli sürənlərdən biri də millət vəkili Aydın Mirzəzadədir.

Deputat hansı güzəştlərin tətbiq olunmasının vacibliyi və təkliflərin nədən ibarət olması ilə bağlı Publika.az-a danışıb.

O bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olanların bir hissəsi həmişə olduğu kimi yenə də ödənişli yerləri tutacaqlar: “Nəzərə alsaq ki, mart ayından bəri koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var və insanların bir hissəsi öz daimi iş yerlərindən, gündəlik gəlirlərindən məhrum olublar. Düşünürən ki, həmin ailələrdən ödənişli yerlərə qəbul olunan gənclərin təhsil haqlarını ödəməsində ciddi problem yarana bilər. Bu, eyni zamanda həmin ailələrdən başqa, cəmiyyətin də probleminə çevrilib. Çünki 4-5 ildən sonra biz az sayda mütəxəssis əldə edəcəyik və beləliklə, cəmiyyətimizin az bir hissəsi təhsilli olacaq və həmin ailələr müəyyən çətinliklərlə üzləşəcəklər”.

A.Mirzəzadə bu sadalanan məqamlarla əlaqədar olaraq təklif edib ki, həmin kateqoriyadan olan gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı müəyyən bir təkliflər paketi hazırlansın: “Ediləcək güzəştlər həm dövlət, həm də özəl ali məkəblərin tələbələrinə aid edilməlidir. Bununla bağlı bir neçə təklifim var. Birincisi, yeni qəbul olan tələbələrin təhsil haqqının ödənilməsinin bir qədər gecikdirilməsinə icazə verilməlidir. Ödənişləri hissə-hissə və ya az bir hissəsini birinci il ödəyərək, qalanını sonradan ödəmək də təkliflərim arasındadır. Eyni zamanda bu gənclər üçün banklardan aşağı faizli və uzunmüdətli kreditlərin verilməsi ilə bağlı və yaxud müəyyən bir kateqoriyanın ümumiyyətlə təhsil haqqından azad edilməsi ilə bağlı da təklifim var. Qeyd etdiyim məsələlərə baxılmasını təklif etdim, ancaq digər variantlar da ola bilər. İstənilən halda biz bir neçə aydan sonra yarana biləcək problemlərin həllinə dair öz həll variantlarımızı ortaya qoymalıyıq”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, təhsillə bağlı verilən təkliflər hər zaman diqqətdə olub və hər bir dövlətin təhsilinə qoyduğu vəsait ölkənin gələcəyinə xidmət edir: “Düşünürəm ki, dövlət hazırkı dönəmdə, xüsusilə pandemiyanın ölkələrin iqtisadiyyatına çox ciddi təsir göstərdiyi bir vaxtda təhsillə bağlı güzəştlər tətbiq etməlidir. Bu istiqamətdə dövlətimiz əksinə, əslində pandemiyanın ilk dövründən məhz xüsusi həssas ailə qruplarına daxil olan tələbələrin təhsil haqlarının qarşılanması ilə bağlı çox mühüm bir qərar verdi. Bu qərar sayəsində 20 mindən çox aztəminatlı ailələrdən olan tələbələrin təhsil xərcləri 2019-2020-cu tədris ilinin ikinci yarısı, 2020-2021-ci tədris ilinin isə birinci yarısı dövlət tərəfindən qarşılandı. Bu isə 40 milyon manatdan çox vəsait deməkdir. Dövlət bu istiqamətdə nə mümkündürsə, sosial dəstək olaraq nümayiş etdirir. Hesab edirəm ki, pandemiyanın davam edəcəyi halda bu cür dəstəklər mütləq şəkildə davamlı olmalıdır və biz gənclərimizin təhsil alması ilə bağlı istənilən addımı atmağa hazır olmalıyıq.

İ.Orucov qeyd edib ki, dövlət pandemiya sona çatanadək təhsil alan gənclərə dəstəyini sona qədər davam etməlidir: “Eyni zamanda təhsil haqlarının yarıbayarı azaldılması ilə də bağlı təkliflər var idi. Mənim də təklifim ondan ibarətdir ki, ölkəmizdə təhsil haqları aşağı olsun. Bu, dövlət ali təhsil müəssisələrinə aiddir. Dövlət hazırda aztəminatlı ailələrə dəstək göstərir. Düşünürəm ki, bu təhsil alan gənclərə də aid edilməlidir. Özəl ali təhsil müəssisələri də müəyyən güzəştlər edə bilərlər. Bir neçə il bundan əvvəl ödənişli təhsil alan tələbələrin ödənişlərinin hissə-hissə ödənilməsi ilə bağlı Təhsil Nazirliyi çox humanist bir addım atdı. Nazirliyin universitetlərə bunu məcburi tətbiq etməyə səlahiyyəti yoxdur, ancaq çağırış etdi. Artıq əksər ali təhsil müəssisələrimiz tələbələrin təhsil haqqının il ərzində bir neçə dəfə hissə-hissə ödənilməsi ilə bağlı nazirliyin çağırışına cavab verdi. Bu proses davam etməlidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm