Bərbad, məntiqsiz, uzun, mənasız: Dilimizdə kitab oxuyanlar niyə bu qənaətdədir?
Bizi izləyin

Elm və təhsil

Bərbad, məntiqsiz, uzun, mənasız: Dilimizdə kitab oxuyanlar niyə bu qənaətdədir?

Ötən günlərdə ölkəmizdə 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Müşahidilərimizə və bir çox kitab satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, ölkəmizdə türk əsərlərinə və ya türkcəyə tərcümə edilmiş kitablara maraq daha çoxdur. Hazırda gənclər arasında da türk dilində kitab oxuyanların sayı çoxdur. Əvvəllər isə oxucular əsasən rus dilində çap olunan kitablara üstünlük verirdilər. Əvvəlki və indiki dövrü müqaisə edəndə belə çıxır ki, oxucuların öz doğma dilimizdə - Azərbaycan dilində yazılan kitablara marağı olduqca azdır və yaxud ümumiyyətlə, yoxdur. Bəs buna səbəb nədir? Niyə Azərbaycan dilində yazılan, çap olunan, yaxud dilimizə tərcümə olunan əsərlərə maraq aşağı səviyyədədir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, türkcə kitablara olan maraq artmaqdadır:

“Çünki mütaliə imkanları daha genişdir, çox anlaşılan dildir. Köhnə nəsil rusca oxuya bilirdi, yeni nəslin rusca oxumaqda bir az çətinliyi var. Hətta rus məktəbində oxuyan uşaqların belə elmi və bədii kitabları anlayaraq oxumasında çətinliklər var. Türk dili ən azı televiziya və başqa vasitələrlə daha çox danışıldığına və izləndiyinə görə, bu sahədə daha fərqlidir. Türkcədə oxumaq ənənəsi də çox yayğındır. Burda həm də kitabların alternativ seçim imkanları, tərcümə sektorunun inkişaf etməsinin rolu var.

Türkiyədə universitetlər bu işi çox uğurla öhdələrinə götürüblər və əsərlərin xeyli hissəsi tərcümə olunur. Ona görə də fəlsəfə, hüquq, sosiologiya, iqtisadiyyatda çox sayda yeni kitabları var. Bu baxımdan məncə, məsələnin başqa izahını vermək çətindir. Tərcümə keyfiyyəti və çevikliyinə görə kitablar türk dilində oxunur. Amma bütövlükdə bu özü də yaxşı haldır, ən azı alternativ variantdır. Kitabları öz dilində tapa bilmədiyin halda, ən azı digər dildə taparaq ondan istifadə etmək imkanı əldə olunur”.

“Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”. - R.Bredberi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının sədri, şair Fərid Hüseynin sözlərinə görə, türk dilindəki kitablara marağın özəyində qardaş xalqla dil, düşüncə, dünyagörüş ortaqlığı dayanır:

“İkinci məsələ bir sıra naşirlərimiz adətən tanınmış yazarlarla işləməyə meyilldirlər. Ona görə də maraqlı yazar, fərqli imza meydana çıxara bilmirlər. Türkiyə naşirləri isə aramsız olaraq çox yeni, fərqli düşüncələrlə oxucunun görüşünə gəlmiş müəllifləri tanıdırlar. Ağıllı, yəqinləri sabit olan oxucu da təbii ki, yeni düşüncələrə daim açıq olur və ona təklif edilən cəzbə doğru irəliləyir. Amma bütün bunlara baxmayaraq, ötən onilliklərlə müqayisədə Azərbaycanda həddən artıq maraqlı kitablar çap olunmaqdadır, ən müxtəlif dünyagörüşlərinə xitab edən çeşidlər sərgilənir. Bu dəfə Rusiyadan gələn kitabların bir çoxu Azərbaycan oxucusuna zaman-zaman bəlli olan mətləblərlə bağlı idi deyə, elə də maraq görmədi. Amma onların güclü ənənələrə malik naşirlik ənənələrinin tarixi bəhrələrini danmaq da namərdlik olar”.

Şair əlavə edib ki, Türkiyə kitabı isə geriyə dönməz bir inkişaf yoluna qədəm qoyub bu da çox sevindiricidir:

“Nəticədə Türkiyə türkcəsi vasitəsi ilə bizim bəşəri bilgilərə qapılarımız daha geniş açılıb. Heç kəsə sirr deyil ki, qardaş ölkədə təhsil alanlarımızın sayı hər keçən gün durmadan artır, orada nəşr edilən kitablara maraq heç vaxt olmadığı qədər güclüdür. Tərcümə problemi isə hər ölkədə var. Hər naşir öz vicdanına, insafına uyğun iş görür. Bu qaçınılmazdır. Oxucuların Türkiyə türkcəsində oxumasından isə təlaşa qapılmaq yersiz olardı, çünki xalqımız ən ağır əsarət dönəmlərində öz dilini itirməyib, nəinki indiki halda - bu cür pak qardaşlıq əsrində itirə. Türkiyə ilə dil birliyimizdən, əqidə, amal yoldaşlığımızdan bizə heç vaxt zaval gəlməz”.

Oxucular ən müxtəlif yazıçıların əsərlərini, dini kitabları qeyd etməklə yanaşı, qiymətlərin baha olmasından, yaxud da axtardıqları kitabı tapa bilməmələrindən şikayətləndilər.

“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu əlavə edib ki, Bu günləri ingilis, türk və rus dilində oxuyanların sayı artıb:

“Artmağa da davam edir. Bu da təbii bir prosesdir. Amma bu o demək deyil ki, Azərbaycan dili bunun qarşısında geri çəkilməlidir. Bunun üçün daha çox kitablar nəşr etməliyik. Daha maraqlı ədəbiyyatları öz dilimizdə nəşr etməliyik ki, oxucuda dilimizdə oxumağa maraq yaransın. Əgər oxucu fəlsəfədən bizim dildə Martin Heideggerin kitablarını tapmırsa, onda əlbəttə ki, o, gedib rus dilində və yaxud türk dilində oxuyacaq. Bu təkcə bədii kitablar üçün nəzərdə tutulmayıb. Habelə riyaziyyat, biologiya, kimya ilə bağlı da öz dilimizdə kitab tapa bilmirlərsə, gedib ingiliscə, rusca, türkcə oxuyacaqlar. Çalışıb, daha maraqlı kitablar nəşr etmək lazımdır. Müxtəlif dildə olan kitablarla yerli dili inkişaf etdirmək olmaz. Bunun əksinə yerli dildə daha maraqlı kitablar nəşr etməklə bu yarışa qatılmaq olar. Bu daha da faydalı olacaq”.

Eyni zamanda mütaliəyə olan maraq insanların önəm verdiyi dəyərlərin böhranıdır. Hazırkı dövrdə oxucuların elektron kitablara daha çox üstünlük verdiyini düşünürlər. Əslində isə elektron kitablar oxunan kitabların ümumi sayının heç 23 faizindən çoxunu təşkil etmir. Maraqlıdır, niyə 21-ci əsrdə ənənəvi kitablar elektron kitablardan daha populyar olaraq qalır?

Birincisi, bu bir estetikadır, kitabı səhifələyib oxumaq, səhifələrin xoş ətrini hiss etmək zövq verir. İkincisi, uşaq ədəbiyyatı kimi böyük bir seqment var. Dünyada uşaq ədəbiyyatı satışı 20-30 faiz təşkil edir. Uşaq ədəbiyyatı tamamilə elektron formata çevrilə bilməz. Çünki uşaq ədəbiyyatının özünəməxsus ritualları var (yatmazdan əvvəl ana ilə birlikdə kitab oxuyub qucaqlaşmaq, müəyyən duyğuları və emosiyaları paylaşmaq).

Kitabsevər Asiman Dadaşova vurğulayıb ki, son dövrlər türkdilli kitab oxumağın ən böyük səbəbi tərcümədir:

“Azərbaycan dilində olan tərcümələrin çoxu bərbad vəziyyətdədir, əsasən də “Qanun” nəşriyyatının tərcümələri. Rusdilli kitabların Azərbaycan dilinə tərcümə olunması daha asandır, buna baxmayaraq türklər bunu daha yaxşı bacarırlar. Azərbaycan dilinə tərcümə olan kitablarda məntiq tutmaq olmur. Cümlələr çox uzun və mənasız olur. Ona görə çox kitabı türk dilində oxuyuram”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm