Dövlət sifarişli yerlərin sayı açıqlandı - Ən çox hansı ixtisaslara plan yeri ayrılıb?
Bizi izləyin

Elm və təhsil

Dövlət sifarişli yerlərin sayı açıqlandı - Ən çox hansı ixtisaslara plan yeri ayrılıb?

Dövlət sifarişli yerlərin sayı açıqlandı - Ən çox hansı ixtisaslara plan  yeri ayrılıb?

2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I ixtisas qrupu üzrə ümumilikdə 16 265 plan yeri ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.

Məlumata əsasən, I ixtisas qrupu üzrə həm dövlət sifarişi, həm də ödənişli təhsil üçün müsabiqəyə ümumi balı 200-dən, ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Riyaziyyat, fizika və kompüter elmləri ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarına imtahanın birinci mərhələsində nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılacaqlar.

Aşağıdakı ixtisasların ödənişli əsaslarla ayrılmış yerlərinə isə müsabiqədə ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılacaqlar:

Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, kompüter mühəndisliyi, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi.

Aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik ixtisasları üzrə isə həm dövlət sifarişli, həm də ödənişli əsaslarla qəbul müsabiqəsində ümumi balı 150-dən və ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.

II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri İqtisadiyyat (680), Turizm işinin təşkili (550), Maliyyə (550) və Mühasibat (500) ixtisasları üzrə ayrılıb.

II qrup üzrə ən az dövlət sifarişli plan yeri isə Davamlı inkişaf ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 30 dövlət sifarişli plan yeri ayrılıb.

Müsabiqəyə (həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.

Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Marketinq;

Biznesin idarə edilməsi; Turizm bələdçiliyi;

Turizm işinin təşkili; Mühasibat;

Dövlət və bələdiyyə idarəetməsi; Maliyyə; İqtisadiyyat;

Menecment;

Beynəlxalq ticarət və logistika;

Nəqliyyatda servis (nəqliyyat növləri üzrə).

III ixtisas qrupu üzrə ümumilikdə 4 218 dövlət sifarişli plan yeri ayrılıb.

Ən çox dövlət sifarişli plan yeri hüquqşünaslıq (600) və xarici dil müəllimliyi (460) ixtisasları üzrə ayrılıb. Bu qrup üzrə ən az dövlət sifarişli plan yeri isə ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 25 dövlət sifarişli yer nəzərdə tutulub.

Müsabiqəyə (həm dövlət sifarişi əsasında (dövlət hesabına), həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.

Belə ki, dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyat üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər” ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Muzey, arxiv işi və abidələrin qorunması;

Sosial iş;

Regionşünaslıq (regionlar üzrə).

IV ixtisas qrupu üzrə ümumilikdə 3 446 dövlət sifarişli plan yeri ayrılıb.

Ən çox dövlət sifarişli plan yeri isə Tibb (850) və Baytarlıq təbabəti (260 yer) ixtisaslarına ayrılıb.

Bu qrupda ən az dövlət sifarişli plan yeri Bitki mühafizəsi ixtisası üzrədir. Bu ixtisas üzrə cəmi 50 dövlət sifarişli yer ayrılıb.

Müsabiqəyə (həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.

Belə ki, Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar.

Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

Ekologiya;

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında/dövlət hesabına, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

Bağçılıq və tərəvəzçilik;

Baytarlıq təbabəti;

Bitki mühafizəsi;

Su bioehtiyatları və akvakultura.

V ixtisas qrupu üzrə ümumilikdə 1 543 dövlət sifarişli plan yeri ayrılıb.

Bu qrup üzrə ən çox dövlər sifarişli plan yeri Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (190), Təsviri incəsənət müəllimliyi (180) və İnstrumental ifaçılıq (160) ixtisasları, ən az yer isə Bəstəkarlıq ixtisası (10 yer) üzrə ayrılıb.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbul qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanının birinci mərhələsi üzrə topladığı ümumi balı əsasında aparılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların komissiyalar üzrə bölgüsü və qeydiyyat zamanı nəzərə alınan şərtlər “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm