Elm və təhsil
Test imtahanları necə təkmilləşdirilməlidir? - Şahin Rəcəbovdan 4 əsas təklif
Bu gün test üsulunun təkmilləşdirilməsi müzakirəyə çıxarılan məsələlərdəndir. Ali məktəbə qəbulda test üsulu 1992-ci ildən tətbiq olunmağa başlandı. 1992/1993-cü tədris ilində ilk mərkəzləşdirilmiş test imtahanları keçirildi. Əslində testlə qəbul olunan ilklərdən biri kimi deyə bilərəm ki, bu üsulun tətbiqi o dövrdə bir çox formal maneələrin aradan qaldırılmasında inqilabi hadisə idi.
Bu üsulun tətbiq olunmasında məqsəd ali məktəblərə qəbulda tanışlıq, korrupsiya, subyektivliyin qarşısını almaq, hamıya bərabər imkanlar yaratmaq idi ki, bu məqsədə də əsasən nail olunmuşdu. Bilik və bacarıqları olan abituriyentlərin illərlə üzləşdiyi maneələrin dəf edilməsində bu üsul yaşıl işıq rolunu oynadı və gənclərimiz eyni vaxtda bir neçə ali təhsil müəssisəsinə qəbul olmaq şansını qazandı. Qəbul prosesində şəffaflıq və obyektivlik mexanizmi formalaşdı, şəxsi münasibətdən çox biliyə əsaslanan nəticələr ortalığa çıxdı. Bəs sonralar nə baş verdi. 2004-cü ildən Kurikulum islahatları istiqamətində işlər başlandı. 19 mayda 2005-ci ildə Azərbaycan Boloniya prosesinə qoşuldu ki, burada da məqsəd Avropa təhsil məkanına inteqrasiya idi. Bu bir çox inteqrasiya mərhələləri ilə yanaşı, həm də təhsildə keyfiyyətin qiymətləndirilməsini nəzərdə tuturdu. 30 oktyabr 2006-cı ildə Milli Kurikulum təsdiq edildi. 2007-ci ildə ibtidai siniflər üçün fənn kurikulumları, 2007/2008-ci illərdə yeni kurikulumla 1-ci siniflərdə tədris, 2011-ci ildə isə V-XI siniflər üçü fənn kurikulumları təsdiq edildi. Kurikulumun tətbiqi üçün maddi-texniki baza hələ tam formalaşmamış olsa da, bu mexanizmlərin yaradılmasına başlanıldı. Burada artıq təhsilə yanaşmalarda fərqlər meydana gəldi. Kurikulum şagirdin düşünmə və tətbiqetmə bacarığını inkişaf etdirməyi, şəxsiyyətyönümlü, nəticəyünömlü yanaşmaya keçidi hədəfləyirdi, lakin ali məktəbə qəbulda əsas mexanizm kimi yenə test imtahanı qalırdı.
Bütün bu dəyişikliklərdən sonra nə ilə rastlaşdıq?
1. Testə hazırlıq əsas məqsədə çevrildi. Şagird fənni dərindən öyrənmək əvəzinə sualların cavabını tapmaga kökləndi.
2. Əzbərçilik və hazır cavabların öyrənilməsi aradan qalxmadı.
3. İntelkektual və real bacarıqların qiymətləndirməsi üçün psixoloji, yaradıcı-emosional mühit formalaşmadı.
4. Repetirorluq vüsət almaga başladı. Burada bazar münasibətlərinin inkişafı, əmək haqqı, sosial təminat və s. məsələləri də rol oynadı. Repetitorluq həm də şagirdlərin sosiallaşmasına, asudə vaxtlarının səmərəli keçirilməsinə də maneə olur.
5. Məktəbdə təlim-tədrisin keyfiyyəti aşağa düşdü. Bir çox müəllimlərdə maddi tələbatlarını ödəmək motivasiyaları artdı.
6. Məktəbin tərbiyə funksiyası arxa plana keçdi və yalnız test, "bal toplamaq" yarışı ugrunda mübarizə başlanıldı. Uşaqlar, hətta ibtidai təhsildən məktəbdən küçələrə, hazırlıqlara meyl etdilər.
7. Psixoloji mühitin gərginləşməsi məktəblərdə bir çox neqativ hadisələrə yol açdı. Məktəb və müəllimin nüfuzuna zərbə dəydi.
Bir sözlə test şagirdlərin müəyyən biliklərini yoxlamaga imkan versə də, ünsiyyət, əməkdaşlıq, təqdimat, yaradıcılıq, praktiki fəaliyyət bacarıq və vərdişlərini tam ölçə bilmədi.
Bütün deyilənlərin üstünə dərsliklərin hazırlanmasını da gəlsək, ümumtəhsildəki proqram agırlığı ilə test sualları arasında fərqlər meydana gəlməyə başladı. İlk illərdə DİM və ETN arasındakı bu istiqamətdə koordinasiyasızlıq vəziyyəti daha da gərginləşdirdi və psixoloji disbalansı gücləndirdi. DİM cəmiyyətdə əsasən şəffaf bir qurum kimi qəbul olunsa da, proqramlarla test suallarının görünən fərqi valideynlərdə və şagirdlərdə haqlı narahatlıqlar yaratdı. Qəbul balı aşağı salınsa belə, uşaqların bilik və bacarıqlarının qiymətləndirilməsində, müasir beynəlxalq təhsil sisteminə inteqrasiyasında problemlər hələ də qalmaqdadır. Bu gün təhsilimizin məqsədi test sualına düzgün cavab verən şagird deyil, müstəqil düşünən, qərar verən, yaradıcı, həyatda biliklərini praktik tətbiq etmək bacarığı olan şəxsiyyət yetişdirməkdir. Bu baxımdan testin ləgvindən deyil, təkmilləşdirilməsindən, hər üç prosesin vahid mexanizmdə birləşdirilməsindən söhbət getməlidir.
Bunun üçünsə:
1. Məktəbin təlim-tərbiyə funksiyasını özünə qaytarmaq, uşaqları küçələrdən, hazırlıqlardan yığıb məktəbə cəlb etmək, müəllimlərin təlim məsuliyyətini artırmaq və onların iş motivasiyasını gücləndirmək, müəllim nüfuzunu bərpa etmək və bu istiqamətdə maarifləndirməni gücləndirmək lazımdır.
2. Dərs proqramlarını təkmilləşdirmək, sadələşdirmək, dərs yükünü azaltmaq, uşaqlara normal uşaq həyatını yaşamaq üçün imkanlar yaratmaq lazımdır.
3. Dərsliklərə yeni baxış, təhsildəki hər bir prosesdən öncə ictimai dinləmələri həyata keçirmək, ictimaiyyətin, valideynlərin və mütəxəssislərin, ekspertlərin rəyini almaq vacibdir. Yeni dərsliklərdə qeyd olunanları nəzərə almaq, dərsliklərin hazırlanmasında psixoloqların da iştirakını təmin etmək lazımdır.
4. Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasındakı koordinasiyanı və inteqrasiyanı yenidən qurmaq, təhsil proqramları ilə test suallarını ciddi şəkildə uygunlaşdırmaq və burada beynəlxalq inteqrasiya proseslərini nəzərə almaq məqsədəuygundur.
Təbiiki təhsilin fəlsəfəsi, hədəfləri, proqramlar, dərsliklər, imtahanlar, testlər, məktəbdə təlim-tədris, tərbiyə, hazırlıqlar, psixoloji mühit, müəllim və valideyn məsuliyyəti, məktəblərdə müəllim peşəkarlığı, idarəetmədə kadr məsələləri, ictimai dinləmə və rəylər, daxili və beynəlxalq qiymətləndirmə sistemləri, bütün bunlar biri-biri ilə bu və ya digər şəkildə baglı məsələlər oldugundan, bu məsələlərə vahid kontekstdən baxış, ümumi konseptual proqramın işlənilməsinə ehtiyac zərurəti də yaranır.
“Azərbaycan Valideyn Müəllim Assosiasiyası” İctimai Birliyinin sədri Şahin Rəcəbov
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi






















.png)












