• USD 1,7000 0,00% EUR 2,0083 +0,11%
    • GBP 2,2201 +0,07% RUB 0,0233 +0,86%

İlahi qadın gözəlliyinə sitayiş edən 58 yaşlı GİZLİ HOMOSEKSUAL - FOTOLAR

İlahi qadın gözəlliyinə sitayiş edən 58 yaşlı GİZLİ HOMOSEKSUAL

Qadın özünü dərk edəndən gözəl görünmək üçün əlindən gələni etməyə çalışan ilahi qüvvədir və maraqlısı odur ki, bu yolda onun ən böyük dəstəkçisi kişilərdir. Bir çox kosmetik məhsullar, müxtəlif geyimlər məhz kişi dizayner və vizajistlərin beyin məhsuludur. Bunu isə yalnız qadın gözəlliyinin əhəmiyyətini dərk edən, ona sitayiş edən kişilər bacara bilər. Məsələn, “Nars” kosmetika brendinin sahibi Fransua Nars kimi. O, 20 ildir ki, qadın gözəlliyinin keşiyində dayanır. Bu yaradıcı, həssas qəlbli insan ömrünü atasının donuz fermasına sərf etməkdənsə, ilahi gözəlliyin keşiyində durmağı seçib və nəticəsini də görüb. Odur ki, son onilliklərdə dünyada moda və kosmetika brendləri arasında “Cosmetics Nars” şirkətinin məhsulları xüsusi populyarlıq kürsüsünə yüksələ bilib.

Bəs bu kult brendin mövqeyinin möhkəmləndirilməsi və sürətlə populyarlıq qazanıb moda dünyasını fəth etməsinin sirri nədədir?

Publika.az “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə oxucuları məhz “Nars” kosmetika ticarət nişanının yaranması və uğur formulu ilə tanış edir.

Fransua Nars kimdir?

“Nars” kosmetika brendinin banisi dünyaca tanınmış vizajist Fransua Narsdır. Fransua Nars 1959-ci ildə Fransanın cənubunda anadan olub. O, donuz ətinin istehsalı üzrə zavod sahibinin oğludur. Onun anası isə heç bir moda həftəsini və dəb dərgilərini qaçırmayan kübar xanım idi. Ailə imkanlı olduğu üçün zavod sahibinin xanımı özünə lüks brendlərin əşyalarını rəva görürdü. Fransua etiraf edir ki, məhz anasının dəbdəbəli paltarları onda ilk estetik təəssüratlar doğurub. O, hələ uşaq ikən oyuncaq maşınlarla oynamaq əvəzinə, anasının aldığı moda jurnallarını vərəqləməkdən böyük zövq alırmış. Söszüz ki, dərgilərdə gördüyü bir-birindən gözəl dünya ulduzlarının cazibəsi də onu özünə çəkmişdi.

Vizajist karyerası

Fransua Narsın moda aləminə həmişə xüsusi həvəsi olub. Gələcəyini yalnız bu sahədə təsəvvür edən gənc atasının ət fabrikində işləməkdən imtina edərək makiyaj üzrə təhsil almağa yollanır. Bu yolda onun ən böyük dəstəkçisi anası idi. İstedadlı gənc 70-ci illərdə Parisdə Karita Makiyaj Akademiyasına qəbul olur. Burada o, fərdi istedad və yaradıcılığını inkişaf etdirir, makiyaj fəlsəfəsinin incəliklərinə yiyələnir, həmçinin anasının geniş əlaqələri sayəsində bir neçə nüfuzlu moda evində vizajist kimi çalışır. Akademiyanı bitirikdən sonra o, “Vogue” jurnalının təklifi ilə Nyu-Yorka köçür. Hollivud kinematoqrafiyasına vurulan əfsanəvi meykap (make-up) ustası qadınlarla işləməkdən böyük məmnunluq duyurdu. O, Amerikada uzun müddət moda çəkilişlərində çalışır, iş prosesində bir çox məşhur fotoqraflarla tanış olur, məşhur moda evlərinin reklam kampaniyalarını hazırlayır. Adı-sanı dünyaya yayılan peşəkar vizajist sonralar “Versace” və “Anna Sui” brendi ilə əməkdaşlığa başlayır. Lakin bir neçə il sonra F.Nars moda həftələrində vizajistlərin rəhbəri təyin olunur.

Fransua Nars “Dolce & Gabbana”, “Alberta Ferretti”, “Genny”, “Valentino”, “Calvin Klein”, “Ralph Lauren” və bir çox dünya şöhrtəli markalarla da çalışıb.

Ötən əsrin 80-cı illərində kino və moda dünyası həddindən artıq çox makiyajı diktə edəndə Nars təmiz və təbii makyajlar təklif edirdi. Bununla da o, sübut edir ki, az və qədərində makiyajla qibtə olunası gözəllik əldə etmək mümkündür. O, inadla yüksək modanın da hər kəs üçün əlçatan olması ideyasını irəli sürürdü.

Vizajistin qənaətinə görə, makiyaj özünü yaxşı hiss etməyə imkan verən və özünəəminlik yaradan vasitədir: “Düşünürəm ki, özünü yaxşı hiss edən qadın istənilən problemin öhdəsindən gələ bilər. Makiyaj məhz bunun üçün lazımdır, həm də gözəl aksessuardır. Bu, plastik əməliyyat deyil və çox pul tələb etmir, amma bir neçə yaxşı alətlərinin köməyi ilə özünüzü güclü və inamlı hiss edə bilərsiniz. Axı öz qayğına qalmağın nəyi pisdir ki?”

Brendin yaradılması

Nars gözəllik sahəsində böyük təcrübə topladıqdan sonra şəxsi brendini yaratmaq qərarına gəlir. Əslində, şəxsi markasını yartmaq Fransua Narsın uşaqlıq arzusu olub. Onun sözlərinə görə, iş zamanı, çəkilişlərdə və dəfilələrdə özünə lazım olan çalarları tapmaqda həmişə çətinlik çəkib. Bu səbəbdən də o, 1994-ci ildə özünün ilk “Barneys New York” dodaq boyası kolleksiyasını qadınların ixtiyarına buraxıb. Pomadalar dolğun çalarları sayəsində bir anda populyarlıq əldə edir. Dodaq boyalarına olan hədsiz maraq Fransuanı digər məhsulları da yaratmağa həvəsləndirir. Odur ki, brendin müvəffəqiyyətiylə birlikdə “Nars” 1996-ci ildə isə ilk reklam kampaniyasını təqdim edir. Bir neçə il sonra Fransua Nars Manhattendə ilk butikini açır. Hazırda “Nars” kosmetika brendi 400-dən artıq məhsul istehsal edir. Onların çoxu bütün dünyada tanınmış peşəkarlar və gözəllik blogerləri arasında əvəzedilməz məhsullar hesab olunur.

Nars - qəribə gözəllik və sənət dünyasıdır. İlk növbədə ona görə yaxşıdır ki, istər dodaq boyası, istər ənlik, istər tonal krem, istərsə də göz kölgələri palitrasında siz mütləq öz dəri rənginizə yaraşan münasib çaları seçə biləcəksiniz. Fransua Nars hesab edir ki, qadınların seçimi çox olmalıdır.

“Hazırda qadınların belə imkanları çoxdur. Əvvəllər yalnız bir üslub dəbdə idi, indi hər şey başqa cürdür. “Gözəlllik” sözünün təfsirində bu gün o qədər azadlıq var ki... “Nars” ideyası ondan ibarətdir ki, o, qadına daha çox yaraşan obrazı tapmağa imkan verir. Biz heç vaxt diktə etmirik. Biz geniş imkanlar təklif edirik”, - deyə brendin qurucusu əsas konsepsiyanı belə izah edir.

Makiyaj ustası rənglər arasında ayrıseçkilik etməyi isə qəti xoşlamır: “Mən göyü də, mavini də, qəhvəyini də, qırmızını da, ağı, bənövşəyini də sevir və onların hamısını maraqlı hesab edirəm. Əlbəttə ki, bəzi adamlara müəyyən rənglər yaraşmır. Amma yaradıcı insan kimi milyonlarla rəngi sevə bilərəm. Allaha şükür ki, belədir, əks halda bir rənglə məhdudlaşsaydım, həyatım çox darıxdırıcı olardı”.

Nars

Brendin 400 çeşiddə məhsullarına dəriyə qulluq kremləri də daxildir. “NARSSKİN” xəttinin özəlliyi bütün məhsulların tamamilə universal olması və çox asan istifadə olunmasıdır. Bu xəttin vasitələri dərinin təbii rəngin açmağa kömək edən və yaşlılıq əleyhinə malik olan nadir xüsusiyyətlərə malikdir.

İlham mənbəyi

Kolleksiyalarını yeniləmək üçün F.Nars ilham mənbəyini 2000-ci ildən Sakit Okeanın cənub hissəsində aldığı şəxsi Motu-Tane adasında axtarır. Bu ada Fransuanın özəl kurort məkanıdır. “Motu-Tane adası yeni çaları yaratmaq üçün məni daim ruhlandırır. Orada olanda ağlıma yüzlərlə ideya gəlir. Bura sehrli yerdir. Heyrətləndirici mənzələri olan adada ilin istənilən vaxtında rahatlıq hökm sürür”, - deyə Fransua Nars əlavə edir.

Ulduz müştəriləri

Hər bir makiyaj vasitələri moda həftələrinin kosmetikası olmaq şərəfinə layiq görülmür. 20 illik fəaliyyəti ərzində fərdi üslub, tekstura və rənglər arxtarışında olan “Nars” isə bu vəzifənin öhdəsindən layiqincə gəlir. Eyni zamanda onun məhsulları dəfələrlə dünyanın ən çox tələb olunan və ən yaxşı kosmetika markası seçilib. Xüsusilə yumşaq teksturası və təbii parlaqlıq verən tərkibinə görə ənlikləri siyahıda ilk yerlərdə dayanır. Bu ənliklərin “Orgasm” adlanan çaları dünya ulduzlarının vazkeçilməzləri arasındadır.

Kosmetikanın pərəstişkarları arasında bir çox ulduzlar da var. Məsələn, aktrisa və müğənni Cennifer Lopes “Nars” məhsullarından çoxdan istifadə edir. Onun sevimli vasitəsi isə şaftalı-çəhrayı çalarlı “Orgasm” ənliyidir. F.Nars 20 illik karyerası ərzində təkcə dünya bazarına ən çox tələb olunan məhsulları təqdim etməyib, o, eyni zamanda çox mötəbər fotoqrafdır. Və qadın gözəlliyinin inkişafı haqqında bir neçə kitab da yazıb. Fransua Narsın makiyaj və üslub haqqında kitabları makiyaj etməyi öyrənmək istəyən qızlar üçün əla vəsaitdir. Vizajistin kitablarını mağazalarında əldə etmək mümkündür. Onu da qeyd edək ki, brendin bütün reklam kampaniyalarının çəkilişini Fransua Nars özü reallaşdırır.

Şirkətin məhsulları öz müştərilərini ruhlandırır, yaradıcılığa həvəsləndirir və özünəməxsus gözəlliyi vurğulamağa kömək edir. Demək olar ki, şirkətin şüarını Nars Belə ifadə edib: “Çox ciddi olmayın, axı bu, yalnız makiyajdır!”

Təbii makiyaja üstünlük verən Cennifer Eniston da dəfələrlə etiraf edib ki, o, öz obrazını bu markaya borcludur. Onun sevimli məhsulları: universal çəhrayı dodaq stiki və təbii çalarlı karandaşdır. Həmçinin Emmi Rossum, Mila Kunis, Eşli Qrin, Emili Bluant, Kristina Riçi, Keyt Bekinseyl “Nars”dan istifadə edir.

Güclü qadın xarizması

Brendin yaradıcısı bir qayda olaraq güclü və özünə inamlı xanımlarla çalışmağa üstünlük verir. O, bunun səbəbini belə izah edir: “Əslində, mən çirkinlik və gözəllik barədə düşünmürəm. Maraqlı adam axtarıram. Dünyada eybəcərliklər çoxdur. Müharibə çirkinlikdir, minlərlə insanlar ölür və bu dəhşətdir. İnsanlarda isə eybəcərlik görmürəm. Hər bir insanın simasında gözəl nəsə var. Yaxşı vizajist o gözəlliyi tapır və vurğulayır. Ümumiyyətlə, mənim lüğətimdə eybəcərlik sözü yoxdur. Yalnız məni cəlb edən insanlarla işləyirəm. Mən onların şəxsiyyətini və enerjisini nəzərdə tuturam. Həmişə heyran olduğum insanları seçirəm. Əlbəttə, bu sahədə fiziki aspektlər var, lakin güclü şəxsiyyətə və xarakterə malik olan insanlar məni daha çox maraqlandırır. Ağıllı, parlaq karyerası və ümumilikdə güclü xarizması olan qadınları sevirəm”.

Gizli homoseksual

58 yaşlı vizajist şəxsi həyatı haqqında danışmağı sevmir. Yalnız bir çox həmkarları kimi, onun da homoseksual olması hamıya məlumdur. Onun heç vaxt evli və uşaqlarının olmaması bu faktı bir daha təsdiq edir. Əsfanəvi makiyaj ustası sevgilisinin kimliyini açıqlamır, amma onun həmcinsi olduğu istina deyil. Dahi gözəllik mütəxəssisinin nədən bir qayda olaraq, homoseksual olduqlarını söyləmək çətindir. İstənilən halda onun gözəllik sahəsinə verdiyi töhfələr hələ uzun illər qadınlara xidmət edəcək.

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR