Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
Bizi izləyin

İqtisadi gündəm

Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA

“İmprotex” Şirkətlər Qrupuna daxil olan “İmprotex Industries”in dövlətə olan 2,2 milyon manat borcunu ödəməsi, illərdir Azərbaycanın biznes sektorunda mövcud olan şirkətin fəaliyyəti ilə bağlı bir sıra məsələləri gündəmə gətirib.

Dövlətə borcunu illərdir ödəməyən şirkətin maliyyə vəziyyəti doğrudan da dövlət qarşısında öhdəliklərini icra edə bilməyəcək qədər ağır idi?

Əvvəla qeyd edək ki, 1991-ci ildə yaradılan “İmprotex” Şirkətlər Qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “Improtex Motors” və “Imagro”, “Improtex Travel Tours & Conferences” kimi törəmə şirkətlər daxildir. Düzdür, qrup yeni yaradılanda bu profil daha geniş idi. Lakin illər ərzində bəzi törəmə şirkətlər sıradan çıxdılar. Bazarda qalanlar isə dövlətin ən iri layihələrinin icrasında ön sırada yer alır. Bunun üçün təkcə son 5 ildə keçirilən tenderlərə və bağlanan müqavilələrə nəzər yetirmək kifayətdir.

“İmprotex Trucks & Buses”

2005-ci ildə fəaliyyətə başlayan şirkət "MAN" markalı yük avtomobilləri və avtobuslarının Azərbaycanda rəsmi distribütorudur. Amma “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslə imzaladığı müqavilələrdən belə aydın olur ki, şirkət istehsalat nəqliyyat vasitələrinin yağ-sürtgü materiallarının dəyişdirilməsi, təmiri və ehtiyat hissələrinin xidmətinin satın alınması kimi xidmətləri icra edir. Dövlət qurumu bu məqsədlə 2025-2026-cı illər üzrə “Improtex Trucks and Buses” ilə 133.135,6 manat dəyərində müqavilə imzalayıb.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 2025-ci ilin əvvəlində şirkətdən 388 min manat dəyərində nəqliyyat vasitələri satın alıb. Hər iki müqavilə bir mənbədən keçirilən satınalma nəticəsində imzalandığından mallarının sayını müəyyən etmək çətindir.

Qurum eyni zamanda 2024-cü ildə də şirkətdən 3.551.567,2 manat dəyərində istehsalat nəqliyyat vasitələri alıb. Bu qiymətə konkret nə qədər nəqliyyat vasitəsinin satın alındığı bəlli deyil. Çünki qeyd etdiyimiz kimi, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Improtex Trucks and Buses" ilə satınalma müqavilələrini bir qayda olaraq bir mənbədən keçirilən satınalmanın nəticəsi olaraq bağlayır.

“Improtex Trucks and Buses”in daha bir tərəfdaşı “Naxçıvan Yol Təchizatı” MMC-dir.

Ötən ilin avqustunda “Naxçıvan Yol Təchizatı” MMC 22 ədəd özüboşaldan yük avtomobili, 1 ədəd dartıcı yük avtomobilinin satınalınması üçün "Improtex Trucks and Buses" MMC ilə 6 milyon 952 min 560 manat dəyərində müqavilə imzalayıb.

2025-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə imzalanan satınalma müqaviləsinin dəyəri də diqqət çəkir. “MAN TGS 33.400 6X4 BB CH” markalı tullantı daşıyan avtomobillərin satın alınması üçün şirkətə 1.083.000 manat ödənib.

Bundan əvvəlki illərdə isə "Improtex Trucks and Buses" MMC-nin dövlət layihələrində iştirakı Mənzil Kommunal Təsərrüfat Birliklərinin vasitəçiliyi ilə olub. Şirkətlə imzalanan müqavilə əsasında eyni profilli nəqliyyat vasitələri müxtəlif qiymətlərə satın alınıb.

2021-ci ildə Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə imzalanan müqavilənin dəyəri 457.151,35 AZN manat təşkil edib. Elə həmin ildə Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti bərk məişət tullantılarının daşınması məqsədilə iki ədəd nəqliyyat vasitəsinin (həcmi 22m3 üst qurğusu ilə) alınması üçün “Improtex Trucks and Buses”ə 914.302,7 AZN ödəyib.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti 2020-ci ildə şirkətlə 9 milyon 997 min 414,3 manat dəyərində satınalma reallaşdırıb.

Departament “Improtex Trucks and Buses” ilə 2019-cu ildə də müqavilə bağlayib. Bu alqı-satqı müqaviləsinin dəyəri isə 12 milyon 436 min 322 manat olub.

“İmprotex Industries”

Bir müddət əvvəl dövlətə 2,2 milyon manat vergi borcunu bağlayan, 2013-cü ildə “İmprotex Group” tərəfindən təsis edilən “İmprotex İndustries” zavodu metal konstruksiya və üst qurğuların, eləcə də minatəmizləmə qurğularının yerli istehsalı, təkmilləşdirilməsi, o cümlədən servisini həyata keçirir.

Yəqin elə buna görə şirkət Minatəmizləmə Agentliyinin sifarişçi olduğu dövlət layihələrinin əsas icraçısıdır. Lakin bir məqamı da vurğulayaq ki, zavod 2022-ci ildən minatəmizləmə qurğularının istehsalına başlayıb. Tenderin qalibi isə o şirkətlər ola bilər ki, onlar seçilmiş sahə üzrə ən azı 5 illik təcrübəyə malikdirlər.

Təkcə ötən ilin sonunda "İmprotex Industries" Minatəmizləmə Agentliyi ilə 5 milyon manatlıq iki müqavilə imzalayıb. Minatəmizləmə maşınlarının cari təmiri və servisi üçün "İmprotex Industries"ə 1 milyon 204 min 496 manat, minatəmizləmə texnikalarının (ehtiyat hissələri dəsti daxil) satın alınması üçün isə 4 milyon 118 min 561,9 manat ödənib.

Hər iki xidmət üzrə müqavilənin müddəti bu ilin sonu bitir.

2024-cü ilin sonunda imzalanan müqaviləyə əsasən 2025-ci ildə minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması məqsədilə Minatəmizləmə Agentliyi "İmprotex Industries" ilə 2 milyon 304 min 864 manatlıq müqavilə bağlayıb.

Tərəfdaşlar arasında minatəmizləmə maşınları üçün servis xidmətlərinin satın alınması ilə bağlı 2024-cü ilin avqust ayından ötən ilin avqustuna qədər davam edən müqavilə üzrə işlərin dəyəri 880.669,16 manatdır.

2024-cü ildə agentliyin şirkətlə imzaladığı daha bir müqavilənin dəyəri isə 19 milyon 629 min 520 manat olub. Bu çərçivədə "İmprotex Industries" dən minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətləri satın alınıb.

“İmprotex Motors” MMM

“İmprotex” Şirkətlər Qrupunun aparıcı törəmə şirkətlərindən biri olan "İmprotex Motors" BMW, "BMW Motorrad", "MINI", "Rolls-Royce" və "Yamaha" kimi məşhur markaların Azərbaycanda rəsmi idxalçısıdır. Şirkət dövlət vəsaitlərindən pay alır. Son 5 ildə dövlətin əksər orqanlarının sərəncamındakı nəqliyyat vasitələrinin cari təmiri, yanacaq və sürtkü materiallarının dəyişdirilməsi, BMW markalı nəqliyyat vasitələrinin təmiri, yağlarının dəyişdirilməsi xidmətləri üçün “İmprotex Motors” MMM ilə dəyəri 2000 manatdan başlayaraq 100 000 manata qədər yüksələn müqavilələr imzalanıb.

Lakin şirkətin dövlət vəsaitlərindən pay almasının tarixçəsi bu qədər yeni deyil.

Xatırladaq ki, büdcə təşkilatlarının avtomobil parkının yeniləndiyi illərdə (2007-2016-cı illər; 358.2 milyon manat xərclənib) nəqliyyat vasitələri əsasən "İmprotex Motors" MMM-dən alınırdı. Bu gün dövlət orqanlarının sərəncamında olan və dəyəri 100-150 min dollar aralığında dəyişən həmin saysız-hesabsız 7-ci seriya “BMW” və “S” klass “Mersedes”lər büdcə vəsaitləri hesabına təmir edilir. Bu yöndə müqavilələr yenə də “İmprotex Motors” ilə imzalanır.

Yarımçıq maliyyə hesabatı

“İmprotex” Şirkətlər Qrupunun maliyyə hesabatları Füzuli Ələkbərova məxsus qrupun törəmə şirkəti olan “Improtex Trucks and Buses” MMC və digərlərinin illik audit edilmiş hesabatlarında əks olunur. Lakin bu hesabatlar ümumi ictimaiyyət üçün əlçatan deyil. “Improtex Trucks and Buses” MMC -nin 2023-cü il üzrə müstəqil auditor tərəfindən hazırlanan maliyyə hesabatından aydın olur ki, bu qədər şərait şirkəti rentabelli subyektə çevirməyib. Şirkətin 2023-cü ildə debitor borcları 5 milyon 41 min 565,3 manat təşkil edib. 2023-cü ildə gəlirləri də azalıb. 2022-ci ildəki 12 milyon 121 min 834 manatdan 2023-cü ildə 9 milyon 542 min 475,6 manata düşüb.

2023-cü ildə şirkətin xərcləri 8 milyon 38 min 114,4 manat olub. Halbuki 2022-ci ildə bu rəqəm 12 milyon 846 min manat təşkil etmişdi.

Qrupun xərclərinin azalmasında yanacaq, enerji, qaz, borca olan faiz, bank xidmətləri kimi xərclərinin kəskin azalması rol oynayıb.

Maliyyə hesabatından aydın olur ki, 2022-2023-cü illərdə şirkətin aktivləri və öhdəlikləri dəyişməz qalıb. Aktivlər 29 milyon 530 min manat, öhdəlikləri isə 26 milyon 82 min manat təşkil edib.

Daha bir məqam illərdir zərərlə işləyən şirkətin 2023-cü ildə 1 milyon manatdan çox mənfəət əldə etməsidir. Halbuki 2022-ci ildə şirkətin zərəri 724 min 376 manat idi. Maraqlıdır ki, hesabatlarda şirkətin vergi öhdəliklərinin icrası ilə bağlı vacib rəqəmlər əksini tapmayıb. Dövlət Vergi Xidmətində vergi uçotuna alınmış ödəyicilərin reyestrinə daxil olduqda bunun səbəbi aydın olur.

Gizlədilən vergi borcları

2025-ci ilin avqustunda “Improtex Trucks and Buses" MMC-nin 360 min 146 manat, ilin sonuna isə 572 min 24 manat vergi borcu olub. Ümumilikdə 2023-cü ildə şirkətin qısamüddətli vergi öhdəlikləri 177 min 199 manat olub. 2022-ci ildə bu rəqəm 48 min manat imiş.

Digər maraqlı məqam odur ki, vergi borclarına baxmayaraq, “Improtex Trucks and Buses" dövlət layihələrində tenderlərin qalibi olub. Qanunvericiliyə görə, vergi borcu olan şirkətlər ümumiyyətlə tenderdə iştirak edə bilməz.

Şirkətin başladığı ilk sahə olan turizm üzrə xidmətlər “Improtex Travel Tours & Conferences”in də vergiyə borcu var -1815 manat.

Aşağı nizamnamə kapitalı qohumlar arasında dəyişən hüquqi varislik

“İmprotex” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-dür. Bütövlükdə “İmprotex” Şirkətlər Qrupunun sahibi Füzuli Ələkbərovdur. O, 2006 - 2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib. Həmin müddətdə şirkətin rəsmi təmsilçiləri həyat yoldaşı və oğlu olub.

Onu da vurğulayaq ki, “İmprotex” Şirkətlər Qrupuna daxil olan törəmə müəssisələrin nizamnamə kapitalları “İmprotex Motors” istisna olmaqla 100-200 manat arasında dəyişir. Halbuki nizamnamə kapitalı iqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə təsəvvür yaratmağa imkan verən ən vacib göstəricilərdəndir. Eləcə də nizamnamə kapitalı şirkətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. 200 manat nizamnamə kapitalına malik MMC elə 200 manatlıq məsuliyyət daşıyır.

Dövlət tenderlərinin “ulduzu” olan “İmprotex Trucks and Buses” MMC 20 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 manatdır. Şirkətin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur.

2004-cü ildə dövlət qeydiyyatına alınan “İmprotex Motors”un hüquqi sahibi Füzuli Ələkbərovdur. Şirkətin nizamnamə kapitalı 5325 manatdır. Qeyd edək ki, Ələkbərov nazir olduğu dönəmdə şirkəti dostu olduğu deyilən Həsən İsmayılovun adına rəsmiləşdirib. 2022-ci ildən “İmprotex Motors”u Füzuli Ələkbərov idarə edir.

2010-cu ildə yaradılan “İmprotex Industries”in hüquqi sahibi bu ilin yanvarın1-dən Ruslan Ələkbərovdur. Bu şəxs İsmayıllının qalmaqallı keçmiş icra başçısı Nizami Ələkbərovun oğludur. Yaradılanda isə şirkətin rəhbəri Xanoğlan Güləliyev olub. İllərdir şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır.

“Improtex Travel Tours & Conferences” turizm agentliyinin hüququ sahibi Elman İsmayılovdur. Bu qurumun da 100 manat nizamnamə kapitalı var.

Teleqraf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm