• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Bəyin dostları toyda yedilər-içdilər, sonra... - Bakıda DƏHŞƏT

  • Hadisə
  • 1 Mart 2018 11:03
  • 3 307 Baxış
Bəyin dostları toyda yedilər-içdilər, sonra... - Bakıda DƏHŞƏT

Abşeron rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam şəhər sakini, 1990-cı il təvəllüdlü Nicat Baxışov və Təhmasib Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Nicat Baxışov 22 sentyabr 2015-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən “Nərgiz” şadlıq sarayında Söhbət İslamovun toy mərasiminə dəvət olunmuş Ramin İbrahimov, Elşən Dərgahov və digər qonaqlar zalda rəqs edib.

Toyda dava

Bu zaman toy sahibinin qohumu Təhmasib Qəhrəmanov rəqs edənlərin musiqisini kəsib və toyda fasilə verib. Bundan sonra Nicat Baxışov məclisi tərk edib və saat 21.30-da şadlıq sarayının qarşısında dayanaraq toyda baş verənləri müzakirə etdikləri vaxt Təhmasib Qəhrəmanov Elşən Dərgahovu qəflətən yumruqla vurub.

Bu səbəbdən onların aralarında dava düşüb. Spirtli içki qəbul edərək sərxoş vəziyyətdə kənarda dayanmış Nicat Baxışov dostu Elşən Dərgahovun digər şəxslər tərəfindən döyüləcəyi ehtimalını bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan hadisəyə müdaxilə edib.

Nicat Baxışov onları sakitləşdirməyə cəhd edən Elnur Qəhrəmanova və Buksay Zərbəliyevə zor tətbiq edib, bıçaqla Elnur Qəhrəmanova bir dəfə zərbə endirib. O, sonra Buksay Zərbəliyevə qəsdən bir dəfə bıçaqla vurub.

Cinayət işi: 3 maddə

İstintaq orqanı tərəfindən Nicat Baxışova Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır xəsarət yetirmə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. Digər təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunub.

“Sərxoş olduğum üçün nə etdiyimi bilmədim”

Təqsirləndirilən şəxs qismində ifadə verən Nicat Baxışov bildirib ki, sentyabrın 22-də dostu Elşən Dərgahov və Pərviz Məmmədovla birlikdə digər dostları olan Söhbət İslamovun Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəki “Nərgiz” şadlıq sarayında təşkil olunmuş toy məclisində iştirak edib: “Toyda xeyli miqdarda araq içərək sərxoş oldum. Saat 21 radələrində məclisdən çıxdıq. Şadlıq sarayının qarşısında dayanaraq söhbət edərdik. Bu zaman Elşənlə Söhbətin qohumları arasında dalaşma düşdüyünü, Elşənin üzünün qana bulaşdığını və döyülmüş olduğunu gördüm. Sərxoş olduğum üçün nə etdiyimi bilməyərək üzərimdə gəzdirdiyim bıçağı çıxardaraq Elşənlə dalaşanların üstünə getdim. Onlardan iki nəfərin, adlarını sonradan bildiyim Elnurun qarın nahiyəsindən, Buksayın isə kürək nahiyəsindən vurdum. Sonra tanımadığım şəxslər Elşəni Pərvizin avtomaşınına oturtdu, birlikdə hadisə yerindən getdik. Bu zaman Elnuru və Buksayı vurduğum bıçağı hadisə yerindən bir qədər aralıda, fərdi yaşayış evinin hasarının qarşısına atdım”.

“Anamla, bacımla rəqs etməyə başladı”

Digər təqsirləndirilən Təhmasib Qəhrəmanov qeyd edib ki, sentyabrın 22-də Aşağı Güzdək qəsəbəsində yerləşən “Nərgiz” şadlıq sarayında xalası oğlu Söhbətin toy məclisində anası, qardaşları Elnur və Sənyar, digər qohumları, o, cümlədən dayıları, xalaları, eləcə də, Söhbətin qonşuları və dostları da iştirak ediblər: “Məclis əvvəlcə sakit şəraitdə, öz ahəngində davam edirdi. Təxminən axşam saat 8-9 arası anam, bacılarım, xalalarım, onların gəlinləri rəqs edərkən Söhbətin qonşularından olan bir nəfər onlarla rəqs etməyə başladı”.

“Bəyin dostlarına şərait yaratdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, xalası oğlu Cambul həmin oğlana yaxınlaşaraq qadınların arasından çıxmasını xahiş etsə də, o buna əhəmiyyət verməyib və rəqs etməyə davam edib: “Bu zaman Cambul təkrarən həmin oğlana yaxınlaşdı və qoluna girərək arxasınca foyeyə tərəf apardı. Elnur və bir neçə qohumlarımız onları əhatəyə aldı. Qardaşım Elnur Cambulu zala qaytardı. Ramin isə özü ilə bir masada oturan digər şəxslərlə birlikdə zaldan çıxdı. Bundan az sonra dayım Əflatun bəyin dostlarını içəri dəvət etdi. Musiqiçilərə istədikləri mahnı sifariş verib, rəqs etmələrinə şərait yaratdı”.

“Dedi ki, ə, kələ mən səni tanımıram”

Təhmasib Qəhrəmanov bildirib ki, bəyin dostları da təxminən 20 dəqiqəyə yaxın rəqs ediblər: “Sonra mikrafonla məclisə plov gətiriləcəyini elan edərək rəqs edənlərdən ortalığı boşaltmalarını xahiş etdim. Bundan sonra rəqs edənlərin hamısı ortalıqdan çıxdı, bəziləri masalarına qayıtdı, digərləri isə toy məclisinin keçirildiyi sarayı tərk etdi. Sonra məclisə plov gətirildi, süfrələrə paylandı. Sonra özüm isə küçəyə çıxdım. Bu vaxt təxminən 15-20 metr aralıda Söhbətin dostlarından bir neçəsinin qardaşım Elnurla söhbət etdiyini gördüm. Elnur qarşısında dayanmış sonradan bildiyimə görə ləqəbi “Pişik” olan Elşən adlı oğlana “bizdən inciməyin, hamımız toy sahibinin yaxın adamlarıyıq, bir-birimizi də yaxşı tanıyırıq, bunları nəzərə alaraq bir birimizin hərəkətini acıqlı qəbul etmək lazım deyildir” dedi. Elşən bir əlini qardaşım Elnurun çiyninə qoydu və dedi ki, ə, kələ mən səni tanımıram, sən isə məni tanımalısan”.

“Qardaşımın köməyinə gələnin kürəyindən vurdu”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində deyib ki, həmin şəxsin qardaşına acıqlandığını gördüm və onlara yaxınlaşıb: “Onlara yaxınlaşandan sonra Elşəni itələdim və yumruqla vuraraq yerə yıxdım. Bu zaman Elşənin yanındakı oğlanlar, həmçinin özümün qohumlarım bizi əhatəyə aldı. Buna görə də qarışıqlıq yarandı. Bu zaman qardaşım Elnur kimin isə onu bıçaqla vurduğunu dedi. Elnurun yaralandığını görərək onu kənara çəkdim. Eyni vaxtda məlum oldu ki, qarışıqlıqda kim isə digər qardaşım Sənyarı da vurub. Daha sonra isə xalamın əri Buksay Sənyarın köməyinə gələndə, Buksayı da kim isə kürəyindən yaraladı. Sonra qardaşı Elnuru taksi ilə xəstəxanaya apardıq”.

Toyda qan salanların cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Baxışov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Təhmasib Qəhrəmanov isə aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün dəyişdirilməsini istəyiblər.

Bir müddət əvvəl onların şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Nicat Baxışovun barəsində olan hökmdən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin xaric edilməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Ali Məhkəmədə kasasiya protestini araşdıran hakim heyəti apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya qaydasında araşdırılması barədə qərar qəbul edib.

Bu dəfə Sumqayıt Apelyasiya Məhkəməsində şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti Nicat Baxışovun şikayəti üzrə qərar elan edib.

Qərara görə, Nicat Baxışovun şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib.

Hacı Zeynalov

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...