1413 günlük həsrət, yubiley və 545 dəqiqəlik “quru seriya”
Bizi izləyin

İdman

1413 günlük həsrət, yubiley və 545 dəqiqəlik “quru seriya”

Azərbaycan Premyer Liqasında 3-cü dövrə maraqlı başladı. Gözlənilməz nəticələr qeydə alındı. Antalyada toplanışda olan əksər komandaların məğlubiyyəti müzakirə üçün kifayət qədər mövzu verdi. 19-cu tur bəzi futbolçular və komandalar üçün əlamətdar alındı.

Publika.az xəbər verir ki, “Qarabağ”la qarşılaşmada (1:0) qol buraxmayan AZAL quru oyunlar seriyasını 6-ya çatdırdı. Paytaxt təmsilçisi sonuncu dəfə 2015-ci noyabrın 23-də qapısında qol görüb. “İnter”lə 13-cü turun matçında 0:2 hesabı ilə uduzan “Təyyarəçilər”in qapıçısı Stanislav Namaşkonu Abbas Hüseynov 85-ci dəqiqədə məyus edib. Bundan sonra moldovalı qolkiper “Sumqayıt”, “Rəvan”, “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”la görüşlərdə qapısını toxunulmaz saxlayıb. Onun quru seriyası 545 dəqiqəyə çatıb. Bakı klubunun bu göstəricidə rekordu Rauf Mehdiyevə məxsusdur – 746 dəqiqə. Cari mövsümün rekordunu isə Dmitri Bezotosnı (“Qəbələ”) müəyyənləşdirib – 729 dəqiqə.

“Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn “Kəpəz” Premyer Liqasının 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb. Gəncə təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə belə sevinc yaşayıb. “Kəpəz” həmin vaxt “Sumqayıt”ı məğlub etmişdi. 2012-ci il martın 18-də baş tutan qarşılaşmada “Kəpəz” qonaqları 4:1 hesabı ilə üstələmişdi. Qərblilər növbəti belə uğuru 1413 gündən sonra əldə edib. Ümumiyyətlə, “Kəpəz” Azərbaycan çempionatları tarixində 3 və ya daha çox top fərqiylə qazanılan qələbələrin sayında 2-ci göstəriciyə malikdir. Yalnız “Neftçi”dən (116) geri qalan gəncəlilər 92-ci dəfə 3 xalı böyük hesabla qazanıb. 22-ci böyükhesablı məğlubiyyətini alan “Qəbələ” isə 419 gündən sonra belə yenilgi yaşayıb. Əyalət klubunun çempionatdakı son belə məğlubiyyəti 2014-cü il dekabrın 7-də “Xəzər Lənkəran”la səfər matçına təsadüf etmişdi – 0:3.

Azərbaycan millisinin futbolçusu Səlahət Ağayev Premyer Liqada 100-cü oyununu keçirib. 3 ildən sonra yenidən “Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı “Neftçi” ilə qarşılaşmaya təsadüf edib. Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı olub.

Premyer Liqada 2010/11 mövsümündən çıxış edən Ağayev “100”-ə 3 komandanın heyətində çatıb. Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi “Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox “İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm