Azərbaycan komandası Qəbələdə minalanmış əraziyə düşdü, geriyə yalnız bir yol var... - Müsahibə
Bizi izləyin

İdman

Azərbaycan komandası Qəbələdə minalanmış əraziyə düşdü, geriyə yalnız bir yol var... - Müsahibə

Futbol üzrə millimizin və “Kəpəz” komandasının sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Sumqayıt”-“Keşlə” və “Neftçi”-“Qəbələ” oyunlarını Publika.az-a şərh edib.

- Azərbaycan kubokunun yarımfinal oyunlarının ümumi ab-havasını necə dəyərləndirirsiniz?

- Oyunlardan öncə proqnoz vermişdim ki, hər şey cavab matçlarında bilinəcək. Elə də oldu. Gözlənilənlərin tam əksi baş verdi. Hər kəs “Sumqayıt” və “Neftçi”nin daha çox şansı olduğunu deyirdi. Ancaq mən dönüşün zəruri olacağını bildirmişdim. “Qəbələ”nin oyuna köklənməsi yüksək səviyyədə idi. Hücumda daha sürətli oyun sərgilədi. Mənə elə gəlir ki, “Neftçi”nin müdafiədə buraxdığı səhvlər və hesabın səfərdə 2:1 olması onları arxayın salmışdı. “Keşlə” isə taktiki baxımdan ağıllı oynayaraq hesabın qorunmasına çalışdı və əks-hücumlarda qol vurduqdan sonra oyunun taleyini həll etməyə başladı. Baxmayaraq ki, “Sumqayıt” tez bir zamanda qolun cavabını verdi. Amma onlara daha çox qol lazım idi. Rəqib isə müdafiədə daha etibarlı oynadı və qapısını yaxşı qorudu. Buna görə də “Sumqayıt”ın qalibiyyətə şansı qalmadı. Dörd komandanın da şansı var idi finala adlamağa. Sadəcə “Qəbələ” və “Keşlə” bu şansdan daha səmərəli istifadə etdi.

- Finalda görüşəcək komandalar Azərbaycan kubokunun finalına layiqli adlardır?

- Əgər finaldadırlarsa, doğrudan da layiqdirlər. “Qarabağ”ın finalda oynamaması bir az üzücüdür. Təkcə onu demək olar ki, Ağdam klubu da finala layiq idi. Sadəcə uğursuzluq “Qarabağ”ın qarşısını kəsdi. Ancaq finalçıların hər biri bu yeri alın təri ilə və oyunu ilə qazanıb.

- “Qarabağ” kubokda meydanı bir az tez tərk etdi. Ancaq çempionatda uğurlu nəticəsi var. “Atlılar”ın kubokdan kənar qalmasının əsas səbəbi nə oldu?

- Həmin dövrlər “Qarabağ”da oyunların sayı çox idi. Həm kubok, həm milli, həm çempionat, həm Çempionlar Liqasının oyunları futbolçuları çox yormuşdu. Oyunçulardakı bu yorğunluğun fonunda səfərdə “Qarabağ” oyuna köklənə bilmədi. Futbolçularda təravətlik, yenilənmə yox idi.

- Kubokun finalı ilə bağlı proqnozlar necədir?

- Finalla bağlı söz demək çox çətindir. Bəlkə başqalarından soruşsanız, deyər ki, oyunun Qəbələdə olması “Qəbələ” üçün üstünlükdür və şanısını artırır. Ancaq kubok oyunları elədir ki, burada hər şey bir oyunda həll olunur. Çempionatda heyətə, futbolçuların səviyyəsinə baxıb proqnoz vermək olar. Kubokda isə bir oyunda hər şey həll oluna bildiyi üçün 90 dəqiqəyə köklənmək asan məsələdir. Elə bir vəziyyət yaranar ki, hər bir autsayder komanda oyuna köklənib nəticələri tam tərsinə fırlana bilər. Düşünürəm finalda gərgin oyun olacaq və biz sürprizlə qarşılaşacağıq. Çünki “Keşlə” üçün avrokubokun yolu Azərbaycan kubokundan gedir. Və o bu yolda irəliləmək üçün hər şeyini ortaya qoyacaq. “Qəbələ” həm çempionatda ikinci yer uğrunda, həm də kubok uğrunda mübarizə aparırsa, “Keşlə”də bu şanslar məhduddur. “Keşlə” üçün hazırda geriyə yol bir növ minalanmış meydançadır. Bu da finalın rəngarəng və həyəcanlı edəcək.

- “Qəbələ” çıxdığı rəsmi maçtların böyük qismində məğlub oldu. Ancaq kubokdakı nəticələri ilə bir növ sürpriz etdi. Bu irəliləyişdə kimin daha çox rolu var?

- Futbolda məğlub olanda təkcə baş məşqçi günahlandırılır. Qalib gələndə isə bu, artıq hər kəsin qalibiyyəti olur. Məğlubiyyətdə də komandanın hər bir üzvünün məsuliyyəti olur: istər rəhbərlik, istər komanda, istər məşqçilər korpusu, istərsə azarkeşlərin. “Qəbələ”nin də qalibiyyətində bu ünsürlərin hər birinin rolu var. Qələbə komanda işidir. Bu komanda sadəcə qara zolağa düşmüşdü və o zolaqdan çıxmaq üçün sadəcə bir oyun bəs edirdi. Bu oyun da kubok oyununa təsadüf etdi.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sumqayıt” – “Keşlə” və “Neftçi” – “Qəbələ” cütlükləri qarşılaşıb. Oyunlar “Keşlə”nin 2:1, “Qəbələ”nin isə 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm