İsnik Alimi: Bu, stress, təzyiq və qorxu yaradırdı
Bizi izləyin

İdman

İsnik Alimi: Bu, stress, təzyiq və qorxu yaradırdı

Azərbaycan Premyer Liqasının sonuncu turunda "Kəpəz"lə heç-heçə edən (1:1) "Qəbələ" tarixində 8-ci dəfə Konrans Liqasına vəsiqə qazanıb.

Oyundan sonra "qırmızı-qaralar"ın liderlərindən biri olan İsnik Alimi Publika.az-ın suallarını cavablandırıb. Şimali makedoniyalı futbolçu komandasının Konfrans Liqasına vəsiqə qazanmasından, iştirakçısı olduqları ölkə kubokunun final matçından və gələcək taleyindən danışıb.

- Konfrans Liqasına vəsiqəni təmin etməyimiz kubokun finalında bizə yaxşı təsir edəcək. Çünki biz artıq avrokubokları fikirləşməyəcəyik. Əgər bu fikirlə oyuna çıxsaydıq, bizdə təzyiq və stress yarada bilərdi. Final bizim üçün pozitiv olacaq.

- Oyunun sonuna yaxın "Kəpəz" hesabı bərabərləşdirdi. Bu, sizin üzərinizdə təzyiq yaratmadı?

- Əlbəttə ki, bu, qorxu yaratdı. Hesabda öndə olarkən Avropaya daha yaxın idik. Həmin anda rəqib hesabı bərabərləşdirdi. Bu, stress, təzyiq və qorxu yaradırdı. Necə oynadığımız önəmli deyil. Əsas odur ki, ardıcıl ikinci il Konfrans Liqasına vəsiqə qazandıq.

- Final matçları adətən neytral meydanda keçirilir. Amma bu dəfə "Neftçi"nin stadionunda olacaq. Bu, sizə mənfi təsir etməyəcək?

- Yox. Bu, bizi qorxutmur. Çünki, kubokun finalına çıxmaq üçün ilboyu mübarizə aparmışıq. Əsas məsələ odur ki, stadionda azarkeş çox olsun. Belə olduğu halda şanslar 50/50-dir.

- Finaldan gözləntin nədir? Azarkeşlərə qələbə sözü verirsən?

- Həmin matçda əlimdən gələnin maksimumunu edəcəyəm. Zədə belə məni saxlaya bilməz. Belə halda da mübarizə aparacağam ki, kuboku qazanaq. Söz verə bilərəm. Amma çox şey baş verə bilər. Özümdən asılı olanlarla bağlı söz verirəm. Əlimdən gələni edəcəyəm.

- Kubokun finalında böyük dəstəyə ehtiyacınız var. Azarkeşlərə nə demək istəyirsən?

- Bütün azarkeşlərə səslənirəm, bu vacib oyuna gəlsinlər. Biz də yaxşı oynamağa çalışacağıq. İstərdim ki, stadionun 50 faizi "Qəbələ", 50 faizi "Neftçi" azarkeşləri ilə dolu olsun.

- Mətbuatda "Qəbələ"dən ayrılacağın deyilir. Bu haqda nə deyə bilərsən?

- Fikirlərim, motivasiyam 120 faiz "Qəbələ"dədir. İki məqsədimiz var idi. Biri avrokuboklara vəsiqə qazanmaq, bunu etdik. Digəri isə Azərbaycan Kubokunu qazanmaqdır. Bütün fikirlərim klubumladır. Kubokun finalından sonra istirahətə gedəcəyik. Mediada yazılanlarla bağlı məlumatım var. Amma heç bir şərh verə bilmərəm.

- Kubokun finalı "Qəbələ"dəki gələcəyinə təsir edə bilər?

- Qalıb-qalmayacağımı bilmirəm. Kubokun nəticəsi fikirlərimə təsir etməyəcək. Kubokda "Qarabağ"ı mübarizədən kənarlaşdırandan sonra iddiamız artıb. Sona kimi getmək istəyirik. Şans əlimizdədir.

- Şimali Makedoniya mətbuatı sənin Azərbaycandakı çıxışınla maraqlanır?

- Bəli, maraqlanırlar. Burada titullar qazanan makedoniyalı futbolçular var ki, onlar da çempionat haqda soruşurlar. Soruşan hər kəsə Azərbaycan haqda xoş sözlər deyirəm. Burada futbol günü-gündən inkişaf edir.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm