İdman
Azərbaycanlı dünya çempionundan etiraf: “Hər şeyi bir gün öncədən görürəm”
Avropa və dünya çempionu, parataekvondoçu xanım Aynur Məmmədova özünün dediyi kimi, həyatda hər şeyə çətinliklə nail olsa da, demək olar ki, arzularına çatıb.
Fiziki məhdudiyyətli olması onun uğurlar qazanmasına maneə törətməyib. Xanım idmançı Aynur Məmmədova Publika.az-a müsahibəsində çəkdiyi əziyyətlərdən və bunun bəhrələrindən danışdı:
(Əvvəli bu linkdə - http://publika.az/p/48327 )
- Demək olar ki, bütün istədiklərinizi əldə etmişiniz...
- Bəzən yoldaşım da deyir ki, artıq bəsdir, işlə də təmin olunmusan, ev də verilib. İstədiklərini aldın. Amma mən deyirəm, hədəflərim var.
Düzdür, əvvəllər çətinliyim olduğu üçün idman aləminə düşdüm. Artıq işim də var. İndi isə idmana böyük sevgim yaranıb. Məni idmana maddi durum bağlamır. Böyük istək var. Özümü idmansız təsəvvür edə bilmirəm. Dediyim kimi bir arzum da var. Paralimpiya çempionluğunu qazanmaq istəyirəm. Buna görə də deyirəm, gücüm varsa, bacarıramsa, niyə idmanı atmalıyam?! Azərbaycan bayrağını hələ çox zirvələrə yüksəltmək istəyirəm.
- Peşəkar idmandan məşğul olduğunuzu bilirik. Bəs harada işləyirsiniz?
- 2010-cu ildən Fövqəladə Hallar Nazirliyində işləyirəm. Cənab nazir tərəfindən işlə təmin olunmuşam.
- Paxıllığınızı çəkənlər olubmu?
- Əlbəttə olub. Eşitmişəm. Ən çox da milli komanda tərəfindən. Amma mən komanda üçün elə olmamışam. Məsələn, biz bölgələrə təlim-məşqlərə gedirik. Bu zaman bizimlə həkim getmir. Ancaq bəzən həkimə ehtiyac olur. İynə vurmaq lazım gəlir və ya vitamin lazım olur. Vallah, mən onlara qardaşlarım kimi yanaşmışam, vitaminlərini də vermişəm, iynələrini də vurmuşam. Bunu heç kim öyrətməyib. Sadəcə, kimsə “mən bacarmaram” deyir, mən isə həmişə demişəm: “bacararam, edəcəyəm”...
- Risk etdiyiniz vaxtlar çox olub?
- Lap çox. Demək olar ki, həmişə də müsbət nəticə almışam.
- Bəs düşünməmisiniz ki, son pis ola bilər? Və ya gözləmədiyiniz nəticə olubmu?
- Sizə bir sirr açım. Mən çox həssasam. Bəlkə də, bu balıq bürcündən olduğuma görədir. Bəzən hadisəni öncədən yuxuda görürəm. Olur ki, yuxuda nəsə görürəm, bilirəm ki, başıma pis hadisə gələcək. Bunu çox ürəyimə salmıram. Hərçənd çox adam belə olanda evdən də çıxmır. Amma mən risk edirəm.
Amma həqiqətən də, yuxum çin olur. Dostlarım həmişə mənə deyir ki, səndən ekstrasens çıxacaq. Çünki yarışdan bir gün əvvəl qazanacağım nəticələri görürəm. Həmçinin komanda yoldaşlarımın da hansı yeri tutacağını, necə nəticə verəcəyini görür, ya hiss edirəm, özlərinə də deyirəm.
- Belə hadisələr çox olur?
- Çox olur. Mən nə hiss etdiyimi, ya yuxuda gördüyümü deyirəm. Düz çıxır. Bəzən olub, demişəm, yaxşı yuxu görmədim. Belə ki, hündürlüyə qalxıram, bilirsiz də, bu, yüksəlməyə işarədir, Amma mən görürəm yuxarı çıxıram, məni tutub aşağı salırlar. Görürəm ki, cırmaqlaşıb qalxıram, amma ayağımdan dartıb aşağı salırlar. Bu zaman anlayıram ki, ikinci yerə çıxacağam. Bax belə hadisələr başıma gəlib.
Olub ki, hündürlüyə qaxıb yerimdən düşmürəm, o zaman da anlayıram ki, çempion olacağam...
- Bəs övladınız sizin məşqlərə getməyinizdən şikayətçi olurmu?
- Olur, təbii ki… Bəzən özümlə məşqlərə aparıram. Amma bəzən də deyir: “Ana, bu gün məşqə getməsən olar?”. Başa salıram ki, olmaz, sən mənimlə fəxr etmək istəmirsən? Ancaq dostları ilə danışanda fəxrlə deyir ki, mənim anam idmançıdır, kimsə ona nəsə deyəndə isə hədələyir: “Anama deyərəm gəlib səni döyər”. (gülür)
- Bəs, idmana necə, meyillidir?
- Hə, meyillidir. Ancaq indi yaşı azdır. Amma iki ildən sonra istəyərəm ki, idmanda mənim yolumu davam etsin. Yaxşı idmançı olsun. İndi çox üzərinə düşmürəm, amma onunla idmanla məşğul oluram. Amma onu gələcəkdə heç nəyə məcbur etməyəcəyəm. Sadəcə, ürəyimdən keçir ki, idmançı olsun. Özü necə istəsə, elə olacaq. Məni də yönəltmədilər ki, idmana get, bunu et, onu etmə. Amma yenə də qismətdən çox şey asılıdır. Onun öz arzusu astronom olmaqdır (gülür). Döyüşlərimə çox gəlib baxıb. Xaricdə yarışda olanda onu da özümlə aparmışam. Döyüşəndə kənardan bir də görürsən “Ana belə vur, elə vur. Niyə elə etmədin” deyir. Guya ki, mənə ürək-dirək olur (gülür). Həqiqətən də, mənə dəstək olur. Mən uduzanda da pis olur. Çempion olanda çox sevinir.
- Yoldaşınız yarışınızı və ya məşqinizi izləyibmi?
- Yox, heç vaxt.
- Siz istəmirsiz, ya özü?
- Əslində, mən istəmirəm. Bir az sıxılaram. Utanaram. (gülür)
- Bəs qardaşlarınız?
- Qardaşlarım da, bacılarım da mənimlə fəxr edirlər. Sadəcə, atam işlərimə qarışıb. Atam ümumiyyətə həmişə qarışıb. Hər işimə “yox, olmaz” deyib. O, bir dəfə mənim işimə “hə” deməyib. (gülür)
Ona görə həmişə demişəm, ata, onsuz “yox” desən də, edəcəyəm. Təsəvvür edin, məktəbə getməyimə də “yox” deyib, amma gedib oxumuşam. Hər işimə “yox” deyib. Amma adımı jurnalda görəndə çox sevinib. Əslində, elə bilib alınmayacaq, çətin olacaq... Atam mən ailə qurarkən də öncə razı deyildi. “Yox, sənin üçün çətin olacaq, uşağın olanda ona kim baxacaq” deyirdi. Hətta idmana başlayanda yoldaşım bir yanda qalırdı, atam narazılığını bildirirdi. “Nə idman? Sən idmana gedəndə uşağına kim baxacaq, ailəlisən” deyə fikir bildirib. Maşın alarkən belə deyirdi: “Nə maşın, qadın nədir, maşın nədir?”. Amma yenə deyirəm, bu dediklərinə baxmayaraq, istədiyimi etmişəm, arzularıma da çatmışam.
- Sizi idman yolunuzdan nə çəkindirə bilər?
- Bu dediyim pis çıxmasın, idmana elə öyrəşmişəm ki, uzaq olsun, bəlkə də, ailəmizdə söz-söhbət olsa, idmanı seçərəm. Nə bilim, bəlkə, indi belə deyirəm. Amma əsas odur ki, idmana çox bağlanmışam. İdman həyatımı xilas edib. Həm sağlamlıqdır, həm də şöhrət…
Sizə bir söz də deyim ki, mən bu il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşam. Bundan əlavə, qrup nümayəndəsiyəm. Qiyabi oxuyuram. Amma dərslər olan zaman dərsə gedirəm. 35 yaşım var və hələ də ruhdan düşmürəm, yenə öyrənməyə çalışıram.
-Ən sevmədiyin sual nədir?
-Ən çox bir sual verirlər. Bu sual məni artıq bezdirib. Soruşurlar ki, evdə yoldaşını döymüsən? (gülür) Düzdür, bunu bütün idmançı qızlardan soruşurlar.
Birincisi, mən yoldaşıma nə söyərəm, nə də döyərəm. Bundan əlavə olmayıb ki, bizim münasibətlərimiz lap pis həddə çatsın. Münaqişəmiz olsa belə ağlayaram, öz-özümə qışqıraram. Amma mən idmançıyam, durum ona bir fənd göstərim, təpik vurum, əzim - belə şey heç ağlımdan keçməz”.
- Erməni rəqibiniz olubmu?
- Yox, olmayıb. Çünki onlar hələ parataekvondoda yoxdurlar. Amma Allah edə, olsunlar. Çox istəyirəm erməni rəqibim olsun, onu əzişdirim.
- Üzr istəyərək bir sual verim. Olubmu ki, tanımayan biri fiziki məhdudiyətinizə görə kimsə sizə ürək ağrısı ilə baxsın, reaksiya versin. Görmüsünüz, sizə də pis təsir edib?
- Bəlkə də, siz öncədən eşitməsəydiniz, bilməsəydiniz, məndəki problemi hiss etməzdiniz. Sözüm canı odur ki, mən sərbəst şəkildə hər yerə gedirəm, bazarlığımı belə özüm edirəm. Ağıllarına belə gəlmir ki, mənim qolumda problem var. Hətta çaş-baş qalanlar olur. Belə ki, solaxay görüşürəm axı mən. Amma sonra biləndə deyirlər ki, axı mənimlə sağ əllə görüşübsən. Görün o qədər hiss etdirmirəm ki, bilmirlər.
Amma çox diqqətcil insanlar da olub ki, hiss ediblər. O zaman həmin adama təəccüblə deyirəm ki, sən nə qədər diqqətlisən.
Aygün İlqarqızı
Foto: Elnur Muxtar
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı