İdman
Romao braziliyalılara Juninyo və "Qarabağ"dan danışdı: Azərbaycana gələndə nədən qorxurmuş?
“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Braziliyanın “Globo” nəşrinə müsahibə verib.
Publika.az xəbər verir ki, 27 yaşlı orta futbolçu həm komanda yoldaşı Juninyonun “Flamenqo”ya mümkün transferi barədə danışıb, həm də Azərbaycandakı həyatından bəhs edib.
Juninyonun “Flamenqo”ya keçmək variantı barədə bu sözləri deyib: “Juninyo Braziliya futbolunda bu gün sahib olduğumuz bir çox oyunçudan fərqli mərkəz hücumçusudur. Adətən biri çox qol vurur, digəri daha hərəkətli, sürətli olur. Juninyo da belədir. Onun burada çox qol vurmasının səbəbi sürətidir. Sürətli hərəkətlər sayəsində rəqiblərini keçmə üsulu inanılmazdır. Mərkəz hücumçusu üçün bunu etmək çətindir. Təəccüblü deyil ki, böyük klublar olan “Flamenqo” və “Sevilya” ona maraq göstərdi. Bizim nəzərimizdə “Qarabağ”ın futbolçusuna baxmaq, demək olar ki, mümkün deyildi. Əminəm ki, niyə arxasınca gəldiklərini göstərəcək. Əla oyunçudur. Fərdi oyuna və ya fərqli hərəkətə ehtiyac duyduğunuz zaman oyunun taleyini həll edə bilər. Düşünürəm ki, sürətindən istifadə edərək çoxlu qollar vuracaq. Braziliyada onun kimi oyunçular çatışmır”.
Romao “Qarabağ”ın uğurlu çıxışı və Azərbaycan çempionatının səviyyəsi haqqında da fikirlərini bölüşüb: “Gələndə dedilər ki, oyunlar çox ağır keçir. “Qarabağ” uzun illərdir çempiondur, çünki məşqçi çoxdandır klubun fəlsəfəsini qoruyur. Transfer dönəmində az oyunçu alınır və bu da komandanın öz performansını qoruyub saxlamasına səbəb olur. Amma liqa çətindir, çünki rəqiblər bizə qarşı başqa cür hazırlaşırlar. Avropa Liqasında komandalar ya eyni səviyyədədir, ya da bir az yüksəkdir. Ona görə də fərqlidir. Daxili çempionatda komandalar müdafiədən oyun qururlar və bu, bizim işimizi çətinləşdirir. Çox mürəkkəb oyunlar olur, komandalar bizi artıq tanıyır. Liqa mürəkkəbdir, təmas oyunları, boş sahə azdır”.
O, ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirilən oyunlardan da danışıb: “Bayer”ə qarşı iki möhtəşəm oyun keçirdik və bundan sonra insanlar “Qarabağ”a başqa cür baxmağa başladılar. Gənc olanda topla daha çox oynayırdım, müdafiəyəmeyilli yarımmüdafiəçi deyildim. Amma Portuqaliyada daha geridə oynamağa uyğunlaşmalı oldum və bu, “Qarabağ”dakı çıxışımda mənə çox kömək etdi”.
O, hətta Azərbaycan və Braziliya futbolunu da müqayisə edib: “Azərbaycanda böyük oyunlar zamanı stadionlar dolur, amma təzyiq Braziliyadakı təzyiqlə müqayisə olunmur. Burada daha çox məşqçi təzyiqi var, amma rəhbərlikdən və azarkeşlərdən çox deyil. Juninyo təcrübəlidir, artıq Braziliya və Portuqaliyada oynayıb. Təbii ki, heç vaxt belə vəziyyət yaşanmayıb. Bu, “Qarabağ”dan “Flamenqo”ya böyük sıçrayış sayılacaq və avtomatik olaraq təzyiq böyük olacaq. O, durumdan necə baş çıxaracağını biləcək, Juninyo çalışqan insandır. Sadəcə, gəlib bacardığını etməlidir, heç bir sirr yoxdur. O, Braziliyada oynamağa hazırdır. Futbolçularla tanış olmaq və hazırlaşmaq üçün mövsümöncəsi vaxtı olacaq. Onun “Flamenqo”da yaxşı çıxış etmə ehtimalı çox yüksəkdir”.
Romao iki il yarımdır yaşadığı Azərbaycan barədə xoş fikirlər səsləndirib: “Portuqaliyada sakit idi, uyğunlaşmaq asan idi, eyni dildə danışırdım. Azərbaycanda tamamilə fərqli oldu. İnsanlar, mədəniyyət, iqlim… Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu. Məni çox yaxşı qarşıladılar, kənardan gələnlərə qarşı burada mehriban olurlar. Gəlməzdən əvvəl qorxurdum, amma şəhəri görəndə heyran oldum. Görməli çox şey var. Ailəmi də gətirmişəm, hamı buranı bəyəndi. İnsanlar bu ölkəni tanımadıqları üçün Azərbaycana gəlmirlər. Halbuki Avropada bir çoxundan daha yaxşı ölkədir. Təhlükəsizlik yüksək səviyyədədir. Burada hər şey yaxşıdır, şikayət edəcəyim heç bir şey yoxdur”.
Heybət
-
Rəsmi xronika14:50
İlham Əliyev daha iki fərman imzaladı
-
Dünya14:30
Bir-birinin ardınca görüş, 130 səhifəlik hesabat: İsraildə Türkiyə qorxusu
-
Sosial13:42
Ev almaq istəyənlərə müjdə: Yeni tikililərdə mənzillər ucuzlaşacaq
-
İdman12:42
Süleymanov AFFA rəhbərliyinə xəbərdarlıq etdi: Səhv etmək limitiniz bitib
-
Kriminal12:30
İcra başçısının oğlunun inanılmaz əməlləri: "Rüsvay olmuşam, evlənə də bilmirəm..."
-
İqtisadi gündəm11:54
Qızılın qiyməti maksimuma çatdı
-
Region11:16
Rusiya "bahalıdır" dedi, Türkiyədən almağı dayandırdı: bu ölkələrə üz tutdular
-
Hadisə10:50
Bakıda jurnalistin xanımı qəfil vəfat etdi