İdman
Ürəyində Azərbaycanı, protokolda SSRİ-ni təmsil edən dahi: Onun bayrağı qalxanda bütün İngiltərə...
“Bayrağını qaldıranda təkcə “Uembli” deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hər kəs bildi ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur”.
Bu sözlər ingilis yazıçısı Artur Hopkrafta məxsudur. O, “Futbol adamı” kitabında Azərbaycan futbol tarixinin ən məşhur şəxsiyyəti haqqında yazarkən bu sözləri qeyd edib. Həmin şəxs isə Tofiq Bəhramovdur.
Bu gün ölkədən kənarda Azərbaycan və ya futbol deyəndə ağıla gələn ilk şəxslərdən biri də məhz Bəhramovdur. Onun şan-şöhrəti, karyerası barədə məlumatsız olan az insan var. Hətta futbola yad olan adamlar belə Tofiq Bəhramovun şəxsiyyətindən xəbərdardır.
Dünya onu 1966-cı ildə verdiyi məşhur qərarla tanıyır. Lakin onun karyerası təkcə mundialın final matçından ibarət deyildi. İngiltərə - Almaniya matçı onun şanlı karyerasının sadəcə bir hissəsi idi. Bu gün Azərbaycan xalqı və futbol ictimaiyyəti əfsanəvi hakimi 100 illik yubileyində qürurla anır. Onu ədalətin simvolu da hesab edənlər var. Halbuki onun qərarı bu gün də açıq müzakirə mövzusudur.
Tofiq Bəhramov kimdir? Gəlin bir neçə cümlə ilə onun tərcümeyi-halı ilə tanış olaq. Onun həyat yolu düz bir əsr əvvəl Ağdamdan başlayıb. 18 yaşında Bakıda futbol karyerasına başlayan Bəhramov 19 yaşında “Neftçi”yə dəvət alıb. Ancaq futbolçu karyerası 25 yaşında başa çatıb. Məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə sıradan çıxan Bəhramov 25 yaşında karyerasını başa vurmaq məcburiyyətində qalıb. Bu, bəlkə də onun həyatını dəyişən hadisə olur. Futbolçu kimi yoluna davam etsəydi, yəqin ki, onu “Neftçi”nin veteran kimi belə xatırlayanlar az olacaqdı.
Tale elə gətirdi ki, o, futbolu tərk etmədi. Hakim kimi yoluna davam etdi. Qısa zaman kəsiyində adından söz etdirən Bəhramov 34 yaşında dövrün mini Avropa çempionatı adlandırılan SSRİ-nin Yüksək dəstəsində debüt tedi. Onun beynəlxalq macərası isə 1965-ci ildə başlayıb. Bir il sonra isə o, adını tarixə həkk etmək imkanı qazandı.
Söhbət 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatından gedir. O, bir görüşə baş hakim, 3 matça isə yan xətt hakimi kimi təyinat alır. Sonuncu qarşılaşma isə ona adını tarixə yazmaq imkanı verən final matçı idi. Burada təşkilatçı ölkənin milli komandası Almaniya yığması ilə üz-üzə gəlirdi.
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından, əlavə vaxta ehtiyac duyulmuşdu. “Over taym” əslində dünya çempionunun adını müəyyən etməli idi. Lakin 110-cu dəqiqədə yaşananlar futbol tarixində unudulmaz izlər buraxdı. İngilislərin hücumçusu Ceff Herstin zərbəsindən sonra qəribə hadisə yaşanır. Yan xətt hakimi Tofiq Bəhramov mərkəzə doğru qaçmağa başlayır. Hər kəs təəccüb içindədir. Baş hakim, isveçrəli Qottfrid Dinst onun yanına gedir və nə baş verdiyini dəqiqləşdirməyə çalışır. Bu zaman israrla azərbaycanlı hakim topun qapı xəttini keçdiyini bildirir və fikrini dəyişmir. Nəticədə bu qərar İngiltərə millisinin tarixlərində ilk və hələlik sonuncu dəfə dünya çempionu olmasına səbəb olur.
Bu qərar Tofiq Bəhramovu bütün dünyada məşhur edir. Qolun hesaba alınmasının doğru olub-olmaması bu gün də aktiv müzakirə mövzusudur. İllər keçsə də, insanlar həmin epizodu yada salıb, mübahisə edirlər. Ancaq Bəhramovu həmin an üçün güclü edən məqam qərarında qətiyyətli olması və təzyiqlərə rəğmən fikrini dəyişməməsi idi. Bu amil indi də onun xatırlanmasına və yeni nəsil hakimlərə örnək göstərilməsinə səbəb olub.
Tofiq Bəhramovun bu addımı Böyük Britaniya kraliçası II Elizabet tərəfindən yüksək qiymətləndirilib. O, şəxsən "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarını azərbaycanlı hakimə təqdim edib. Üstündən illər keçsə də, İngiltərə xalqı Tofiq Bəhramovu unutmur. Onu az qala öz qəhrəmanları hesab edirlər. Bakıya yolu düşən ingilislər onun adını daşıyan stadiona və həmin arenada yerləşən büstünə baş çəkməyi özlərinə borc bilirlər. Ailəsi ilə görüşür, ona minnətdarlıq edirlər.
Tofiq Bəhramovun karyerası təkcə DÇ-1966-dan ibarət deyil. O, hər zaman beynəlxalq futbol qurumları tərəfindən vacib təyinatlar alıb. 4 il sonra Meksikada keçirilən növbəti mundialda Bəhramov 3 oyunda hakimlik edib.
1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda ədalət təmsilçilərinin sırasında olub. Bəhramov 1968-ci ildə o vaxt Çempionlar Kuboku, indi isə Çempionlar Liqası adlanan turnirin yarımfinal mərhələsinin "Real" - "Mançester Yunayted" matçının baş hakimi də olub. 1972-ci ildə UEFA kubokunun final oyunu - "Vulverhemton" — "Tottenhem" görüşü ona tapşırılıb. 1971-ci il əfsanəvi qapıçı Lev Yaşinin şərəfinə keçirilən SSRİ - Dünya yığması vida matçını da həmyerlimiz idarə edib.
1975-ci ildə hakimlik karyerasını başa vuran Tofiq Bəhramovun karyerası ilə bağlı bir sıra maraqlı məqamlar da var. O, idarə etdiyi oyunların heç birində oyunçuya qırmızı vərəqə göstərməyib. Bəhramov 1963-cü ildən etibarən 13 il ardıcıl SSRİ-nin 10 ən yaxşı hakimi sırasına düşüb. Bu göstəriciyə görə, o, ümumilikdə yalnız Pavel Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır.
Hakimlik karyerasını baş vurduqdan sonra da Tofiq Bəhramov futboldakı fəaliyyətini davam etdirib. 1975-ci ildə yenidən dogma klubu "Neftçi"yə qayıdan Bəhramov 3 il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib. Daha sonra klubun rəisi vəzifəsində də çalışıb. Azərbaycan müstəqil olduqdan sonra əvvəlcə AFFA Hakimlər Komitəsinin sədri, daha sonra isə baş katib vəzifələrini icra edib.
İllər ötsə də, Tofiq Bəhramov bu gün də xatirələrdə yaşayır. Şəxsi və fəaliyyəti haqqında bir dənə də olsun mənfi fikrə rast gəlmək mümkün deyil. Onunla birlikdə çalışmaq şərəfinə nail olan sabiq FİFA referisi Tahir Süleymanov Bəhramovu belə anır:
“Tofiq Bəhramov dünya çapında dahi hakim olmaqla yanaşı, alicənab, gülərüzlü, xoş xarakterli əsl ziyalı, şəxsiyyət idi. Haqsızlığı qəbul etməz, gənc istedadlı hakimlərə xüsusi diqqət yetirərdi. Tofiq müəllim ruhuna kimi futbola bağlı olan insan, əsl peşəkar idi. Futbolun əsas sahələrindən keçərək hakimliyə gəlmişdi. Müstəqilliyimizin ilk illərində bizim hakim kimi formalaşmağımızda, inkişafımızda müstəsna rolu olmuşdu. Ən böyük arzularından biri azad Azərbaycanın FİFA referilərinin, davamçılarının olması idi. 1994-cü ilin sonunda biz, Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra Azərbaycanda ilk dəfə olaraq beynəlxalq dərəcəli hakim adını qazandıq. Bu gün də o yol davam etməkdədir.
Tofiq Bəhramovun qapıları həmişə üzümüzə açıq olardı. İstedadlı hakimlərin psixoloji hazırlığına, meydanda futbolçularla qarşılıqlı hörmətin, inamın yaradılmasına xüsusi önəm verərdi. Saatlarla söhbət edərdik, oyunlarımızı təhlil edər, səbirli olmağımızı tövsiyə edərdi. Müstəqilliyimizin qazanılmasına çox sevinirdi. Tofiq müəllim deyirdi: "Biz, ürəyimizdə Azərbaycanı, protokolda SSRİ-nı təmsil edirdik. Siz xoşbəxt insanlarsınız, səbir edin, az qalıb, beynəlxalq aləmdə doğma vətəni, bayrağımızı təmsil edəcəksiniz".
Təəssüf ki, Tofiq Bəhramov sıralarımızı tez, 1993-cü ildə tərk etdi. Onun yoxluğunu nəinki biz, bütün Azərbaycan futbolu öz üzərində hiss etdi və etməkdədir. Tofiq Bəhramov AFFA-da yüksək vəzifə tutan ilk futbol adamı olub”.
Tahir Süleymanov Tofiq Bəhramovun 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməli olduğunu da bildirir:
“Tofiq müəllimin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilməlidir. Onun adını daşıyan stadionda dünya yığması ilə Azərbaycan millisinin veteranları arasında görüşün keçirilməsi, idarə etdiyi oyunlarda iştirak etmiş futbolçuların, FİFA, UEFA rəsmilərinin Bakıya dəvət olunması Tofiq Bəhrəmov şəxsiyyətinə göstərilən böyük dəyər olar. Tofiq Bəhramov xatirəsi hər zaman bizim üçün əziz olacaq, daima qəlbimizdə yaşayacaq”.
Müasir Azərbaycan hakimliyində də onun yolunu davam etdirənlər var. Onlar arasında Əliyar Ağayevi fərqləndirmək olar. Azərbaycan müstəqilliyi tarixində bir sıra ilklərə imza atan 37 yaşlı FİFA referimiz Bəhramovu tarixi irs hesab edir:
“Üstündə neçə illər keçsə də, bu gün də Azərbaycanda hakimlik deyiləndə ilk növbədə ağıla Tofiq Bəhramov gəlir. Azərbaycan hakimliyini dünyaya tanıdan şəxsiyyətdir. Adını Azərbaycan hakimliyi tarixinə qızıl və silinməz hərflərlə yazdıran bir insandır. Hətta mən deyərdim ki, o, Azərbaycan futbolu tarixində simvolik bir fiqurdur.
Onun yolunu davam etdirmək təbii ki, çox məsuliyyətli bir işdir. Biz də çalışırıq ki, bu yolu gedək və ölkəmizi layiqincə təmsil edək. Mən deyərdim ki, bu bir irsdir. Ona görə də bu irsi davam etdirmək, hakimlik sahəsində yeni nəsillərin yetişməsi və Azərbaycanda hakimliyin daha yüksək səviyyələrə çatması vacib bir vəzifədir. Bu, həm də Tofiq Bəhramovun adını, şəxsiyyətini həmişə yad etmək və onun fəaliyyətini daha da tanıtmaq deməkdir.
İnanıram ki, nə vaxtsa Azərbaycandan olan hakimlər onun yazdığı bu tarixi uğurları yenidən təkrarlayacaqlar”.
Mütəmadi olaraq beynəlxalq oyunlara təyinat alan Ağayev səfərləri zamanı Tofiq Bəhramovun tez-tez xatırlandığını bildirir:
“Çox vaxt xaricdə Azərbaycan futbolu haqqında danışarkən, Tofiq Bəhramov adı mütləq önə çıxır. Onun məşhur olan qol qərarını daim yada salırıq. Yaşından asılı olmayaraq bütün insanlar o qərarı xatırlayır. Bu da, həm bir fəxarət, həm də böyük bir məsuliyyət hissi yaradır. Ən əsası, biz dönə-dönə onun həmişə Azərbaycandan olduğunu xatırladırıq. Çünki bir sıra ölkələrdə onu hələ də Rusiyadan olan hakim kimi qələmə verirlər”.
Bir sözlə, Tofiq Bəhramov əbədiləşir, unudulmur. Əsrlər keçəcək, amma tarix Tofiq Bəhramovu əfsanəvi şəxsiyyət kimi həmişə insanlara, dünya futboluna xatırladacaq.
Heybət Məmmədov
-
Kriminal17:02
MN-in sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - Araşdırma başladı
-
MDB16:56
Ukrayna torpaqlarına onun da gözü düşdü: “Uydurma dövlətdir”
-
Sosial16:26
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - Açıqlama
-
Region15:26
Kadırovun yoxa çıxması ilə bağlı suallara aydınlıq gətirildi: O, haradadır?
-
Hadisə15:02
Azərbaycanda tanınmış ekspert həbs edildi - FOTO
-
Rəsmi xronika14:23
İlham ƏIiyev Trampa başsağlığı verdi
-
Region13:36
Kütləvi şəkildə intihar edirlər: Deputat həbsxanalardakı dəhşətli durumdan yazdı
-
Nida Xəbər 12:24
Azərbaycana bu sözlərlə vida etdi - FOTO