Azərbaycan futbolunun parlamadan itən istedadı: O, "Malyorka"ya niyə "yox" deyib?
Bizi izləyin

İdman

Azərbaycan futbolunun parlamadan itən istedadı: O, "Malyorka"ya niyə "yox" deyib?

Azərbaycan futbolunda həmişə istedadlı, böyük potensial vəd edən futbolçular olub. Uşaq futbolunun səviyyəsi aşağı olsa da, çətinliklər və şərait yaxşı olmasa da. Müxtəlif dövrlərdə az sayda olsa da, bir neçə futbolçu üzə çıxıb.

Lakin onların əksəriyyətinin karyerası uğurlu olmayıb. Kimisini pul, kimisini şan-şöhrət, kimisini də zədələr və ya yersiz ədavətlər məhv edib. Məşqçilərin düzgün yanaşmadığı və inkişafına töfhə verə bilmədiyi futbolçular da az deyil. Belə futbolçulara “sönən istedadlar” da demək olar. Hətta bunu rubrikaya, çoxhissəli mövzuya da çevirmək mümkündür.

Bu barədə söhbət açanda ağıla gələn ilk futbolçulardan biri Elşən Abdullayevdir. Yəqin ki, bu ad çox az adamın xatirindədir. O, bir vaxtlar Azərbaycan futbolunun gələcəyi hesab edilirdi. Təsadüfi deyil ki, “Neftçi”nin yaxşı dövrlərində 18 yaşı olmasına rəğmən əsas heyət uğrunda mübarizə aparan futbolçulardan biri idi. Onun “Xəzər Lənkəran”a vurduğu qol bu gün də sosial şəbəkələrdə tez-tez xatırlanır.

Özünün də ifadə etdiyi kimi, ən yaxşı mövsümünü 2015/16 mövsümündə keçirən Abdullayevə həmin dönəmdə böyük maraq vardı. Hətta Qurban Qurbanov da onu gözaltı edib və uzun müddət transferində israrlı olub. “Qarabağ” Qurbanovun istəyini 2017-ci ildə reallaşdırmağı bacarıb. Zədələlərə görə Ağdam klubunda möhkəmlənə bilməyən Abdullayev “Sabah”da yenidən toparlansa da, burada da zədə ona oynamağa imkan verməyib. Daha sonra onun karyerasında sürətli eniş yaşanıb. “Səbail” və “Sumqayıt”da yer tapa bilməyən universal yarımmüdafiəçi 2023-cü ildən Birinci Liqada top qovur.

Bir müddət əvvəl isə onun sözügedən çempionatda mübarizə aparan “Baku Sportinq” klubuna transferinin gündəmdə olduğunu öyrəndim. o zaman qəribə hisslər yaşadım, ötən günlərə qayıtdım. Onunla ünsiyyət və əlaqə qurmaq digər futbolçulardan asan oldu. İntelektual səviyyəsi, məsələlərə yanaşmasında həmkarlarından xeyli seçilirdi. Söhbətə də elə onun hazırkı durumu ilə başladıq.

- Bizdə olan məlumata görə, “Baku Sportinq”də tibbi müayinədən keçmişdiniz. Prosesin sonu necə oldu?

- Bəli, danışığımız olub. Ancaq bəzi məsələlər açıq olaraq qalır. Hələ bu məsələdə yekun bir qərar verilməyib.

- Uzun illər Premyer Liqa klublarında oynamısınız. Lider komandaların üzvü olmusunuz. Baş məşqçilər isə yerli futbolçu qıtlığından şikayət edirlər. Belə olan halda niyə sizə elitada yer tapılmır?

- Məncə, bu, məşqçilərin inamına bağlı bir şeydir. Yəqin ki, güvən olmadığı üçün belə alınıb. Çünki zədələndikdən sonra yetərincə şans qazanmadığımı düşünürəm.

- Söz düşmüşkən, Birinci Liqanın səviyyəsi necədir? Son mövsümlərdə irəliləyiş olduğunu deyirlər. Bu fikirlər doğrudur?

- Bəli, irəliləyiş var. Birinci Liqanın səviyyəsi əvvəlki illlərə nisbətən artsa da, klublarda infrastruktur baxımından səviyyə çox aşağıdır. Əgər Birinci Liqada çıxış edən komandalar elitada çıxış etmək istəyirlərsə, infrastruktur üzərində xeyli işlər görməlidirlər.

- Bəlkə sizin Premyer Liqaya qayıda bilməməyinizin səbəbi elə Birinci Liqada oynamağınızdır. Çünki aşağı liqaları uçurum hesab edən, oranı ciddi almayan klub və məşqçilərimiz var…

- Böyük klublarda oynadıqdan sonra Birinci Liqada çıxış etmək mənim üçün də çətin oldu. Lakin dediyim kimi Premyer Liqada mənə şans yaranmadığı üçün buna məcbur oldum. Birinci Liqaya getməyimə əsas səbəb çempionluq qazanıb, yenidən Premyer Liqaya yüksəlmək olub.

- Bir vaxtlar yetirməsi olduğunuz “Neftçi”nin böyük ümidlərindən idiniz. Hətta siz titullar qazanan, tarix yazan komandanın üzvü olmusunuz. Bu klubda baş verən dəyişikliklərdən sonra əsas heyət üzvünə belə çevrildiniz. Necə oldu ki, birdən birə “Qarabağ”a keçmək qərarına gəldiniz?

- Düzdür, “Neftçi”də böyük uğurlar qazanan komandanın bir parçası olmuşam. Həmin komandanın heyətində olmaq qürurverici olub. “Neftçi” ilə müqaviləm sona yetirdi və Qurban müəllim (red - “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu nəzərdə tutur) məni öz komandasında görmək istədi, mən də qəbul etdim. “Neftçi” fanatları indiyə qədər mənə bununla bağlı bu sualı verirlər (gülür). Sağ olsunlar, həmişə məni xatırlayırlar.

- Deyirlər ki, Qurban Qurbanov həmişə sizin oyun üslubunuzu bəyənib, lakin siz “Qarabağ”da möhkəmlənə bilmədiniz. Səbəb nə idi?

- Bəli, “Neftçi”də oynadığım zamanlarda Qurban müəllim məni dəfələrlə komandasında görmək istəyib, lakin alınmamışdı. “Neftçi”də müqaviləm bitdikdən sonra razılığa gəldik. “Qarabağ”da hücum xəttində rəqabət hər zaman böyük olub. Bu komandanın hücum xəttini həmişə səviyyəli legionerlər və ən yaxşı yerli futbolçular təşkil edib. Mən olduğum dönəmdə “Qarabağ” ilk dəfə tarix yazaraq, UEFA Çempionlar liqası qrupuna düşüb. Düşünürəm ki, o heyət “Qarabağ”ın ən yaxşı heyətlərindən biri idi. Mənim möhkəmlənə bilməməyin də səbəbi düşünürəm ki, o dönəmdə olan güclü rəqabət idi.

- ”Qarabağ”dan sonra “Sabah” sizin üçün yeni səhifə, yeni başlanğıc idi. Orada macəranız yaxşı başladı. Ancaq ağır zədədən sonra hər şey dəyişdi. Həqiqətənmi bu zədə karyeranıza bu qədər ciddi təsir etdi? Çünki sonra “Səbail” və “Sumqayıt”da möhkəmlənə bilmədiniz…

- "Sabah"la xatirələrim həqiqətən də çox pisdir. Komanda Premyer Liqaya yeni vəsiqə qazanmışdı və bizim nəticələrimiz çox yaxşı idi. Komandanın adının birdən-birə yaxşı mənada hallanmasında bir çox futbolçunun xüsusi rolu olmuşdu. Onlardan biri də mən idim. Xatırlayırsınızsa, “Sabah” Premyer Liqaya çıxdığı ilk ildə hətta liderlər qrupunda yer almışdı. Hətta rəhbərliklə də münasibətim çox yaxşı idi. Mən 3 il "Sabah" komandasının heyətində olmuşam, amma zədədən sonra şans qazanmadım. Bu, mənim karyerama böyük zərbə vurdu. Karyeramın qırılma nöqtəsi bu komandada oldu.

- Karyeranızın uğursuz olmasına həqiqətən zədələr mane oldu, yoxsa sizinlə bağlı başqa məqamlar da var?

- Futbolda qərarlar çox önəmlidir. Mən bunun səbəbini bəzi qərarlara bağlayıram, amma çox hissəsini zədələr əhatə edir. Ümumiyyətlə, professional idmanda zədə qaçılmazdır. Təbii ki, futbolda da bu belədir. Hər an zədə ala bilərsən. Bəzən bu, adi epizodlarda da baş verə bilər. Biz dünya futbolunda çox ağır zədələrdən qayıdıb, təkrar əvvəlki formasını bərpa edən çox futbolçular görmüşük. Ancaq bizdə bu hal istisna hallarda baş verir. Təəssüf edirəm ki, bu ağır zədədən sonra mənə yetəri qədər oynamaq imkanı yaradılmadı. Futbolu bilən hər kəs bilir ki, zədədən sonra futbolçuya daha çox oynamaq lazımdır. Bu şərait sənə yaradılmasa, istər-istəməz geri qalırsan. Mən də bu şanssızlığın qurbanı olmuşam.

- Bəlkə karyeranıza müdaxilə edəcək, belə məqamda sizə köməklik edəcək bir şəxsə - menecerə, məşqçiyə, yaxın ailə üzvünə ehtiyac vardı. Bəlkə də kimsə sizə yol göstərməli, oynaya biləcəyiniz kluba keçməyinizə şans yaratmalı idi? Çətin dönəmlərdə dəstəksiz qalmışdınız?

- Dəstək hər zaman önəmlidir. Ailə üzvlərim hər zaman yanımda olub, dəstək olublar. Amma futbolda irəliləmək üçün daha fərqli dəstəyə ehtiyac var. Yəqin ki, məndə bu dəstək yetərli olmayıb.

- Bizə yaxın olan ölkələrdən Gürcüstanda, Özbəkistanda futbolçular bir balaca parylayan kimi, 17-18 yaşlarında ölkə xaricində çıxış etməyə başlayırlar. Amma bizdə isə belə deyil. Siz 18 yaşında, ən yaxşı vaxtınızda niyə legioner həyatı yaşamadınız? Bunun üçün nə çatmadı? Təklif yox idi, yoxsa başqa problemlər var idi?

- Mənim həmişə legioner həyatı yaşamaq arzum olub. Hər zaman buna cəhd etmişəm. Yetərincə yaxşı komandalardan təkliflərim də olub. Hətta 18 yaşımda “Neftçi”nin heyətində olarkən, Antalya toplanışında bir skaut məni bəyənib “Barselona”ya aparmaq istəyirdi. İstəsəniz, bunu həmin dövrdə klubun vitse-prezidenti olan Tahir Süleymanovdan da öyrənə bilərsiniz. Millinin toplanışları zamanı təkliflərim çox olurdu. Hətta “Zenit”, PSV kimi komandalar məni istəmişdi. Transferin reallaşmamasına səbəb kimi həmin dövrlərdə burada menecerimin olmamağını görürəm. 15 yaşımda İspaniyanın “Malyorka” klubu mənə 5 illik müqavilə təklif etmişdi. Sadəcə 18 yaşdan kiçik olduğum üçün mənimlə ailə üzvlərimdən kimsə yaşamalı idi. Bu, həmin dövr üçün alınmamışdı. Düşünsəm, belə çox nümünələr deyə bilərəm. Təəssüf ki, heç biri alınmayıb.

- Bütün yaş qrupları üzrə milli komandaların vacib üzvlərindən olsanız da, hətta İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazansanız da, əsas yığmada debüt etmək qismət olmadı…

- Bəli, bütün yaş qrupları üzrə milli komandaları təmsil etmişəm. Hətta kapitan da olmuşam. Həm öz yaşıdlarımla, həm də özümdən bir yaş böyüklərlə milliyə dəvət almışam. Ancaq təəssüf ki, əsas yığmada debüt etmək qismət olmadı.

- Futbolumuzda Elşən Abdullayev kimi gənclər çoxdur. Söhbət yaşadığı zədələrə görə karyerasında eniş yaşayan futbolçulardan gedir. Zədələrdən qayıtmamağın səbəbi nədir? Düzgün yetişməmək, fiziki baxımdan inkişaf etməmək kimi problemlər bu məsələdə rol oynayır?

- Səbəbi ilkin olaraq odur ki, Azərbaycanda tibb, idmançıların zədədən sonra yaxşı bərpa olub, əvvəlki formalarına qayıtmağına imkan vermir. Bu təəssüf doğurur. Belə olan halda, istər-istəməz futbolçular ağır zədədən sonra əvvəlki kimi oynaya bilmirlər.

- Həqqiqətənmi idman sahəsində tibb inkişaf etməyib?

- Təbii ki. Bunu tək mən yox, bir çox idmançı etiraf edər. Tibbin idmanda önəmi çoxumuza məlumdur. Çox istedadlı gənclərin zədədən sonra karyerlarını bitirdiklərini görmüşük. Bizdə bu mənada axsaqlıq olduğunu düşünürəm.

- Bəzi həmkarlarınız var ki, yaşadığın problemlərdən sonra geridönüş etməyi bacarıblar. Fevral 5-də 31 yaşın tamam olur. Sizdə geridönüşlə bağlı bir ümid var, yoxsa düşdüyünüz vəziyyətlə barışmısınız?

- Mən də bu geridönüşü yaşamaq üçün əlimdən gələni etmişəm. Hətta öz cibimdən pul xərcləyərək xaricdə bərpa keçmişəm. Ancaq yenə deyirəm, zədədən sonra oynamasan, sənə şans verməsələr, geridönüş etməyin mümkünsüz bir şeydir. Məşq etməklə, formanı bərpa edə bilmirsən. Zədədən sonra daha çox oynamaq lazımdır. Təbii ki, bu da bəzən futbolçudan asılı deyil. Premyer Liqamızı izləyəndə çox təəəsüflənirəm ki, mən orada deyiləm. Səbəblərini də çox axtarıram. Ümid hər zaman var. Mən də ümidsiz deyiləm. Hələ də "karyeramla bağlı nə edə bilərəm" deyə düşünürəm. Azərbaycanda yaxşı yerli futbolçu qıtlığı var. Mənə dəstək olmadığı üçün çox təəssüf edirəm. Amma yenə də bütün planlarım futbolla bağlıdır. Bu sahədə hər zaman davam etmək istəyirəm. Allahın mənim üçün ən xeyirlisini nəsib edəcəyinə inanıram.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm