Ruslan Abışov: Günah özümüzdədir
Bizi izləyin

İdman

Ruslan Abışov: Günah özümüzdədir

- Milli komandamız Macarıstanla yoldaşlıq görüşündə zəif təsir bağışladığından, oyun xoşumuza gəlmədi...

- Mən də razıyam. Bir sözlə, zəif oynamışıqsa, bəhanəsi yoxdur. Günahı özümüzdə axtarmalıyıq.

- Macarıstan yığması güclü oynadı, yoxsa biz zəif idik?
- Məncə, biz zəif oynadıq. Çünki macarlar o qədər də güclü rəqib kimi görünmürdülər. Biz özümüz belə zəif oynadıq. Vallah, bunun səbəblərini, niyə belə olduğunu mən özüm də bilmədim.

- Öz oyununuz haqda nə deyə bilərsiniz? Baş məşqçi Berti Foqts sizi yenə öyrəşmədiyiniz dayaq yarımmüdafiəçisi mövqeyində oynatdı.
- Açıq deyirəm ki, dayaq yarımmüdafiəçisi mövqeyi demək olar məni narahat edir. Çünki öz mövqeyimdə - müdafiənin mərkəzində daha rahat oynayıram və həmişə orada oynamaq istəmişəm. Ancaq baş məşqçi belə məsləhət bilirsə, məcbur çıxıb oynamalıyam.

- Foqtsa narahatçılığını bildirmisiniz?
- Bəli. Foqts özü də məni başa düşüb. Deyib ki, sənin mövqeyin deyil. Əlbəttə, mən neçə illər öz mövqeyimdə oynaya-oynaya birdən gəlib, yerimi dəyişəndə, müəyyən çətinliklər olur. Bu da istər psixoloji, istərsə də taktiki baxımından oyunuma təsir edir.

- Macarıstanla görüşdə siz də daxil olmaqla, 3 eyni tipli futbolçu meydanda oldu. Üçünüz də dağıdıcı funksiyasını icarə edirsiniz. Ancaq yaradıcı futbolçu olan Elvin Məmmədov kənarda qaldı. Bu taktikanı necə dəyərləndirərdiniz? Bəlkə əsas problem hücum qura bilməməyinizdir?
- Mən də elə düşünürəm. Çünki Elvin ikitərəfli oyunda oynayırdı. Son anda heyət dəyişildiyindən, kənarda qaldı. Bu, baş məşqçinin qərarıdır. Sizin fikrinizlə razıyam ki, oyun qurucumuz, hücumları effektiv sonluğa çatdıran futbolçumuz yox idi.

- Macarlar 2-ci qolu vuranda, səhviniz oldu. Həmin vaxt zonanızı boş buraxdınız və rəqib sizi keçərək, qol vurdu...
- Ola bilər. Mən həmişə səhvim olubsa, boynuma almışam. Zona oyununda səhvim var idi. Belə-belə səhvlərlə öyrənirik. İnşallah, əsas odur ki, rəsmi oyunlarda belə səhvlər etməyək.

- Növbəti rəsmi oyunumuza ay yarım vaxt qalıb. Belə oyundan sonra Belçika ilə səfər görüşümüzdə nəyə ümid etmək olar?
- Həmin oyuna xeyli vaxtımız var. İnşallah, yaxşı hazırlaşıb, nəticə qazanmağa çalışarıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm