Futbolçu qırmızı vərəqədən sonra bıçaqla meydana qayıtdı
Bizi izləyin

İdman

Futbolçu qırmızı vərəqədən sonra bıçaqla meydana qayıtdı

Futbolçu qırmızı vərəqədən sonra bıçaqla meydana qayıtdı

İtaliyanın Siciliya adasında həvəskar futbol matçı qeyri-adi və təhlükəli hadisə səbəbindən yarımçıq dayandırılıb. Qırmızı vərəqə alan futbolçu soyunub-geyinmə otağına getdikdən sonra qatlanan bıçaqla meydana qayıdaraq rəqib komandanın futbolçularını və rəsmilərini hədələyib.

Publika.az xəbər verir ki, hadisə noyabrın 22-də “Paolini” və “Partanna” komandaları arasında keçirilən Terza Categoria turnirinin dördüncü turunun oyunu zamanı baş verib.

Məlumata görə, gərginlik “Paolini”nin 10 nömrəli futbolçusunun rəqib komandanın ehtiyat oyunçular skamyasına qarşı təhqiramiz ifadələr işlətməsi ilə başlayıb. Daha sonra meydanda yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin futbolçu oyunun dayandığı vaxt rəqib komandanın üzvlərindən birinə dəfələrlə zərbə endirib.

Baş hakim Vinçentso Perniçe futbolçuya qırmızı vərəqə göstərib. Mübahisəyə müdaxilə edərək komandasının oyunçusunu müdafiə etməyə çalışan “Partanna”nın baş məşqçisi Kalandra da meydandan qovulub.

Lakin hadisələr bununla bitməyib. Qırmızı vərəqə alan futbolçu soyunub-geyinmə otağından qatlanan bıçaq götürərək yenidən meydana çıxıb. O, rəqib komandanın baş məşqçisini, bir neçə klub rəsmisini və futbolçuları hədələyib. Bildirilir ki, insident zamanı bir əlində bıçaq tutan şəxs digər əli ilə rəqib klubun nümayəndələrindən birinin boğazından yapışıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin təhlükəsizlik səbəbindən hakim qarşılaşmanı dayandırıb. Polisə və təcili xidmətlərə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək iştirakçıların ifadələrini almağa başlayıblar.

“Partanna” klubu baş verənlərlə bağlı İtaliya Futbol Federasiyasına (FIGC) və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edəcəyini açıqlayıb.

Yarımçıq dayandırılan matçın taleyi hakimin hesabatından sonra müəyyənləşəcək. Hadisə ilə bağlı hüquqi araşdırma da davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm