İdman
Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı əslində ABŞ-də təşkil olunmalı idi.
Publika.az Sportify.az-a istinadla xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin hazırladığı sensasion məqalədə bildirilir.
Nəşr iddia edir ki, FIFA-nın bütün 211 üzv assosiasiyasını bir araya gətirməsi nəzərdə tutulan bu yeni turnirin ilkin layihəsi hətta “Disney World” yaxınlığında keçirilmək və kommersiyalaşdırılmaq üçün hazırlanıb. Lakin plan dəyişib və FIFA iyunun 24-də yarışın Azərbaycanda təşkil olunmasına qərar verib.

FIFA prezidenti Canni İnfantino son bir il ərzində “U-15 Dünya Kuboku”nun yaradılması və kommersiyalaşdırılması ilə bağlı özəl investorlarla danışıqlar aparıb.
Layihə beysboldakı “Little League World Series” yarışından ilhamlanıb. Turnirin bütün 211 FIFA üzvünün iştirakı ilə keçirilməsi, daha qısa oyunlar və kiçildilmiş meydançalardan istifadə olunması planlaşdırılıb.
İlkin plana əsasən, yarış ABŞ-nin Florida ştatında, Orlando şəhərində yerləşən “ESPN Wide World of Sports Complex”də təşkil edilməli idi. Kompleks “Disney World” əyləncə parklarının yaxınlığında yerləşir. Açılış və bağlanış mərasimlərinin isə “Disney” parklarında keçirilməsi variantı da müzakirə olunub.
Layihənin kommersiya tərəfi ilə bağlı Meksika Futbol Federasiyasının sabiq komissarı Xuan Karlos Rodriges və İngiltərənin “Çelsi” klubunun sahibi Todd Bulvinin rəhbərlik etdiyi “Eldridge Industries” şirkəti çalışıb. ESPN-in turnirin ABŞ-də yayımçısı olması da nəzərdə tutulub.
İnfantinonun İsrail – Fələstin ideyası
Layihənin ən diqqətçəkən məqamlarından biri isə Canni İnfantinonun turnirin açılış oyununu İsrail və Fələstinin U-15 yığmaları arasında keçirmək istəyi olub.
Bu ideya Rodriges və “Eldridge Industries” tərəfindən FIFA-ya təqdim edilən kommersiya təklifinin tərkibinə daxil olmayıb. İnfantino bu qarşılaşmanı futbol vasitəsilə sülh və birlik mesajı vermək üçün simvolik addım kimi görüb.
O, daha əvvəl də FIFA Konqresində İsrail və Fələstin futbol federasiyalarının nümayəndələrini səhnədə görüşdürməyə və birlikdə foto çəkdirməyə çalışıb. Lakin cəhd baş tutmayıb.

211 ölkə necə oynayacaqdı?
İlkin layihəyə əsasən, 211 komandanın turnirdə iştirakını təmin etmək üçün 32 qrupun yaradılması planlaşdırılıb. Qruplarda 6 və ya 7 komandanın olması nəzərdə tutulub.
Layihənin əsas məqsədlərindən biri dünya çempionatlarına nadir hallarda vəsiqə qazanan ölkələrdə futbol marağını artırmaq, digər tərəfdən isə gənc istedadların daha geniş miqyasda skautinqinə imkan yaratmaq olub.
FIFA U-15 turnirinin yaradılması ideyasını ilk dəfə 2025-ci ilin dekabrında açıqlayıb. İlk yarışın yalnız oğlanlar arasında keçirilməsi, 2027-ci ildən isə qızlar turnirinin də təşkil olunması planlaşdırılıb.
Lakin ABŞ-də keçirilməsi və özəl investisiya hesabına kommersiyalaşdırılması ilə bağlı planlar sonradan dayandırılıb.
Bakı planı dəyişdi
FIFA iyunun 24-də – 2026-cı il dünya çempionatının startından 13 gün sonra ilk U-15 Dünya Kuboku və festivalının Azərbaycanda keçirilməsinə qərar verib. Yarış 22-31 oktyabr 2026-cı ildə təşkil olunacaq və ilk buraxılışda bütün FIFA üzv assosiasiyalarının oğlan komandalarının iştirakı nəzərdə tutulur.
FIFA Azərbaycanın seçimində ölkənin yüksək səviyyəli idman və ümumi infrastrukturunun, minlərlə uşaq və onları müşayiət edən şəxsləri mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanının nəzərə alındığını bildirib.
Beləliklə, əvvəlcə ABŞ-də, hətta “Disney World” yaxınlığında keçirilməsi planlaşdırılan və İsrail – Fələstin qarşılaşması ilə açılması ideyası irəli sürülən yeni FIFA turnirinin ilk ünvanı Bakı olacaq. Lakin FIFA-nın açılış oyununu münaqişəli iki ölkə arasında təşkil etmək ideyasının Azərbaycan paytaxtında da qüvvədə olub-olmayacağı bəlli deyil.
-
Magazin118:48Faiq Ağayevə ağır itki üz verdi
-
İdman18:12Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı SENSASİON İDDİA
-
İqtisadi gündəm17:26Bakıya 200 milyard dollarlıq investisiya yatırılıb
-
Elm və təhsil17:09Azərbaycan tarixinin ən böyük imperiyası - XƏRİTƏ
-
İdman15:44Ulduz idi, həbsxanada "çürüyür" - Promesin hekayəsi
-
Hadisə14:56Əməkdar jurnalist dəfn edildi - YENİLƏNİB
-
Maraq dünyası14:38Ovçular kəndə hücum edən ayını axtarırlar
-
Hadisə14:02Xalq artisti yol qəzası keçirdi, vəziyyəti ağırdır


































