Müşfiq Ələsgərli: "İntihar xəbərlərində hadisənin detallı təsviri verilməməlidir" - - MÜSAHİBƏ
Bizi izləyin

İKT

Müşfiq Ələsgərli: "İntihar xəbərlərində hadisənin detallı təsviri verilməməlidir" - - MÜSAHİBƏ

Ölkə mediasında zaman-zaman işıqlandırılan kriminal xəbərlərə oxucuların reaksiyası birmənalı deyil. Bir qrup insan bu kimi xəbərlərin psixoloji təsirinin yüksək olduğunu düşünürlər. Hesab edirlər ki, gənc nəsil bu kimi xəbərlərdən təsirlənir və buna görə də cinayətlərin sayı artır. Digər bir qrup isə bu düşüncə tərzi ilə qətiyyən razılaşmır, bunu KİV-lərin normal iş prosesi sayır.

Bəs kriminal faktlarla bağlı medianın necə addım atması daha məqbul sayılar?

Suallarımızı Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnaistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli cavablandırdı:

- Yerli media qurumları ölkə ərazisində baş verən kriminal hadisələrlə yanaşı, xarici ölkələrdə baş verən analoji hadisələri də geniş işıqlandırır. Belə yanaşma bəzən, ictimai etiraza səbəb olur; kriminal hadisələrin çox qabardılması cəmiyyətdə gərginliyi artıran amillərdən biri kimi qəbul edilir. Bu fikirlərlə razısınızmı, sizcə, media nə etməlidir?

- KİV-lər kommersiya qurumudurlar, auditoriyaya, bazara işləyirlər. Onlar öz auditoriyalarının maraqlarını başqalarından daha yaxşı bilirlər; hansı tip məlumatların daha çox oxucu qazandırdığını, daha çox gəlir gətirdiyini hesablayırlar, bunu uyğun olaraq fəaliyyət göstərirlər. Bütün KİV-lərdən ciddi, siyasi, maarifləndirici və sair tip materiallar yaymağı gözləmək olmaz. Əgər kiminsə auditoriyası kriminal xəbərləri oxumağa üstünlük verirsə və hansısa KİV fəaliyyətində bu auditoriyanın maraqlarını ödəməyə çalışırsa, burada problem axtarmağa dəyməz. Məncə, problemin kökü kriminal xəbərlərin sayının çoxluğunda yox, kriminal xəbərlərin qeyri-peşəkar hazırlanmasındadır. Bəzi KİV-lərin yaydıqları kriminal xəbərlərin strukturu elə həmin kriminal hadisənin özü qədər ağırdır, qanundan, peşə standartlarından kənardır, cəmiyyət üçün ziyanlıdır...

- Bəzi xəbər portalları nəinki kriminal xəbərlərə gen-bol yer ayırırlar, həm də bu xəbərlərə İP-yə hesablanmış başlıqlar qoyulur. Sayt rəhbərləri iddia edirlər ki, kommersiya qurumu olduqları üçün belə davranmağa məcburdurlar. Sözlərinizdən belə çıxdı ki, Siz də onlara haqq qazandırırsınız?

- “Bəzi KİV-lərin yaydıqları kriminal xəbərlərin strukturu bərbaddır” deyərkən, nəzərdə tutuduğum məqamlar arasında “başlıq” məsələsi də var. KİV standartlarına görə, xəbərin başlığı informasiyanın mətnindən götürülməlidir, mətnə uyğun olmalıdır. Biz hər gün şahid oluruq ki, başlığına görə maraq çəkib oxuduğumuz xəbərlərin içində axtardığımız informasiyanı tapa bilmirik. Bu, nəinki peşə standartlarına, xəbər strukturuna ziddir, həm də qeyri- etikdir. Oxucunu, dinləyicini, bir sözlə, auditoriyanı aldatmaq olmaz. Bu, təkcə media standartı deyil, həm də elementar əxlaq məsələsidir. Peşəkar media qurumu belə davranmamalıdır. Əgər belə xətalara yol verirsə, deməli peşəkar deyil və oxucu özü üçün nəticə çıxarmalıdır: bu portalın, bu KİV-in məlumatlarını növbəti dəfə oxumağa dəyərmi? Bu baxımdan barəsində danışdığınız xəbər portalı rəhbərlərinin “biz bazar üçün işləyirik” tezisinin əsassızlığı, yanlışlığı üzə çıxır. Onlar bu vasitə ilə nəinki auditoriya qazanmırlar, əksinə, auditoriyanı itirirlər, ona görə də bir-bir sıradan çıxırlar. Cəmiyyətdə narahatlıq doğuran məqam da budur: kriminal xəbərlərin böyük əksəriyyəti qeyri-standart, qanunlara zidd, ictimai maraqlara uyğunluğu nəzərə alınmadan hazırlanır; auditoriyanın məlumatlandırılmasına, informasiya tələbatının ödənilməsinə yox, auditoriyanın aldadılmasına hesablanır. Əgər xarici ölkələrin təcrübəsinə baxsaq görərik ki, orada nəinki KİV-lər kriminal xəbərlərə üstünlük verirlər, həm də məxsusi olaraq yalnız kriminal xəbər yayan KİV-lər var ki, auditoriyaları kifayət qədər genişdir...

- Yeri gəlmişkən, bu sualı verəcəkdim: Türkiyə və Qərb mediasına baxdıqda görürük ki, onlar hadisə xəbərlərinə hətta bizdən də geniş yer ayırırlar. Amma cəmiyyət arasında bizdəki kimi reaksiya doğurmur, etiraz yaratmır...

- Çünki xəbərləri peşəkar hazırlayırlar, yalan üzərində fokuslaşmırlar, etimad qazanıblar. Fərlaiyyətlərini kommersiya marağı ilə yanaşı, həm də informasiya vermə, məlumatlandırma, maarifləndirmə prinsipinə uyğunlaşdırırlar. Kriminal xəbər hazırlamağın beynəlxalq standartları var. Bu məsələ həm informasiya yayımına həsr edilən qanunlarla, həm də peşə kodeksi ilə tənzimlənir.

Azərbaycan Mətbuat Şurası “Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın layihəsini hazırlayarkən, bu məqama ciddi nəzər yetirib. Kodeksdə 3-cü Prinsipin əksər bəndləri, demək olar ki, bu mövzuya həsr edilib. Təəssüf ki, barəsində bəhs etdiyimiz KİV-lər bu prinsipləri öyrənmirlər. Buna görə də, kriminal hadisələr barədə xəbər hazırlayarkən, bəzən bilərəkdən, ya bilməyərəkdən, kriminal törədicilərinin təbliğatçısına çevrilirlər. Həmçinin, zərərçəkənlərin daha ciddi problemlə rastlaşmasına yol açırlar. Məsələn, cinayəti törətmiş qatilin adını, soyadını, əməlinin formasını verib onu təbliğ etməklə yanaşı, cinayət formasını detallı təsvir etməklə cəmiyyətdə xof, bəzi insanlarda isə cinayətin həmin növünə maraq, meyl yaradırlar. Yaxud, zərərçəkmişin adını, soyadını, hətta təvəllüdünü və yaşadığı ünvanı detallı şəkildə təsvir etməklə, ona dəymiş ziyanı daha da artırırlar. Nəzərə almırlar ki, rəqəmsal informasiya texnologiyaları dövründə yaşayırıq və cinayətin qurbanı olmuş şəxs bu informasiyaların təkrar-təkrar gündəmə gəlməsilə daha çətin duruma düşür. Bu cür hallar çox intensiv şəkildə təsadüf edilir. Etiraf edək ki, çox həssas məsələdir və burada nüansları fərqləndirmək heç də asan deyil. Bu həssaslığı nəzərə alaraq, jurnalistikanın peşə kodeksini hazırlayan bütün beynəlxalq təşkilatlar ona diqqətlə yanaşmış, xəbər istehsalçılarının nüansları qarışdırmamaları üçün çoxsaylı vəsaitlər hazırlayıblar. Beynəlxalq Jurnalistlər Federasiyası bu mövzunun aktuallığını nəzərə alaraq, jurnalistlər üçün qlobal standartlar da hazırlayıb. Buna baxmayaraq, mövzu üzrə qayda və qanun pozuntuları çoxdur və getdikcə də intensivləşir. Səbəb, peşə prinsipini, yaxud, qanunları bilməməkdən qaynaqlanır.

- Narahatlıq yaradan amillərdən biri də intihar xəbərlərinin geniş şəkildə tirajlanmasıdır. Sizcə, media intihar xəbərləri ilə bağlı necə davranmalıdır? Çünki hadisə baş veribsə, onu “işıqlandırma” demək olmaz.

- İntihar hadisələri ilə bağlı xəbərlər, kriminal xəbərlərin bir hissəsidir və mən hesab etmirəm ki, xəbər standartları daha çox burada pozulur. Qeyd edim ki, yetkinlik yaşına çatmayan uşaqların törətdikləri cinayətlər və ya yetkinlik yaşına çatmayanların qurbana çevrildikləri cinayət əməlləri barədə xəbərlərdə də ciddi qanun pozuntuları müşahidə olunur ki, bu daha təhlükəlidir. İntihar hadisələri ilə bağlı standart belədir ki, hadisənin detallı təsviri verilməməlidir. İntiharçının istifadə etdiyi vasitələr, üsullar, qan izləri, ölümdən sonrakı görüntülər qapalı qalmalıdır. Təəssüf ki, əksər media qurumları bu prinsipləri nəinki tətbiq etmirlər, hətta onların mövcudluğundan da xəbərsizdirlər. Bu baxımdan mən kriminal xəbərlərin ayrı-ayrı tipləri üzərində dayanmaq istəməzdim. Küll halında fikrim belədir ki, bu sahədə hazırlanan xəbərlərin əksəriyyəti peşə standartlarından uzaqdır, cəmiyyət üçün ziyanlıdır...

- Uşaqlarla bağlı xəbərlərə xüsusi həssaslıqla yanaşdığınızı dediniz. Səbəblərə toxuna bilərsiz...

- Mediada yetkinlik yaşına çatmayan uşaqların törətdikləri cinayətlər və ya uşaqların qurbana çevrildikləri cinayətlərlə bağlı verilən xəbərlərdə onların adı, soyadı əksər vaxtlarda qeyd olunur. Bu da şəxsin məktəbdə və ya dostları arasında münaqişələrə, gülünc anların yaranmasına səbəb olur. Məlumdur ki, bu uşaqların kimliyinin qeyd edilməsi, yazıda onların şəkillərinin vurulması valideynlərinin icazəsi ilə verilməlidir. Amma buna əməl olunmur. Cinayət törədən uşaqların məxfiliyi qorunmalıdır deyirik, lakin nəticə elə deyil. Belə məqamlar həmin uşaqların psixoloji, emosional sarsıntısına səbəb ola bilər. Bu isə onların gələcəyinə mənfi təsir göstərir. Hansı hallarda şəxsin kimliyi qeyd edilə bilər? Təcrübə göstərir ki, xəbər istehsalçılarının “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları da problemlidir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu (11-ci maddə), ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunu (11.5.3), “İnformasiya əldə etmək azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” (3-cü prinsip) yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini tələb etsə də, xəbər istehsalçılarının bu tələbləri ya bilgisizlikdən, ya da bilərəkdən pozmaları halları intensiv olaraq qalır. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, bu şəxslərin gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur.

Məsələ ondadır ki, ənənəvi media qurumları bu prinsipləri nəzərə almağa çalışırlar. Amma internet xəbər müstəvisində bu prinsiplərin pozulması çox intensivdir. Azərbaycanda internet istifadəçilərinin sayı, ümumi ölkə əhalisinin 75 faizdən çoxunu əhatə edir. Bu əhatəyə daxil olan insanların təhsili, sosial statusları fərqli olduğu kimi, internet üzərindən yaydıqları informasiyaların keyfiyyəti də müxtəlifdir. Yaydıqları informasiyalar “məhdudiyyət prinsipi”nin pozulması baxımdan “zəngindir”. 2013-cü ildən başlayaraq, informasiya yayımındakı məhdudiyyətlərin internet müstəvisinə də tətbiq edilməsi üçün addımlar atılır. 2015 və 2016-cı illərdə “Kütləvi İnformasiya Vasitələri haqqında qanun”a, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə əlavə və dəyişikliklər edildi. Təcrübə göstərir ki, qanunlara əlavə və dəyişikliklər edilməsilə paralel şəkildə maaarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Onlayn xəbər istehsalçıları yayımına qanunla məhdudiyyət tətbiq edilən informasiyalar barədə bilgiləndirilməli, bu prinsiplərə əməl etmələri üçün müəyyən vərdişlərə yiyələnməlidirlər. İnternet xəbər istehsalçıları xüsusi olaraq “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran şərtlər” məsələsində ciddi şəkildə məlumatlı olmalıdırlar.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm