Üstümüzə atılan çirkab və ya Qərbin xarici borcu ilə bağlı ŞOK RƏQƏMLƏR
Bizi izləyin

Ekopublika.az

Üstümüzə atılan çirkab və ya Qərbin xarici borcu ilə bağlı ŞOK RƏQƏMLƏR

Son günlər bəzi xarici mətbuat orqanlarında Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard dollarlıq yardım paketi istəməsinə dair xəbərlər yer almaqdadır.

Artıq rəsmi Bakı məlumatı təkzib edib. Maliyyə naziri Samir Şərifov bildirib ki, 4 milyard dollarlıq təcili yardım paketi alınmasından söhbət gedə bilməz: "Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz".

Maliyyə nazirinin kəskin sözlərinə baxmayaraq, bir sıra qüvvələr hələ də borc məsələsini gündəmə gətirirlər. Sual yaranır, doğurdanmı, Azərbaycanın xarici borca ehtiyacı var?

ÜDM-in həcminin dəfələrlə artması, neft gəlirləri sayəsində stabil valyuta daxilolmaları Azərbaycanı beynəlxalq maliyyə təsisatları və xarici banklar üçün cəlbedici ölkəyə çevirib. Yəni, hökumət istəsə, heç bir çətinlik çəkmədən ölkəyə milyardlarla dollar xarici kreditlər cəlb edə bilər. Lakin Azərbaycan xarici borclanma məsələsinə həmişə ehtiyatla yanaşıb. Hələ ötən əsrin 90-cı illərinin ortalarında ölkədə ağır iqtisadi böhranın hökm sürdüyü dövrdə Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından, digər beynəlxalq maliyyə təsisatlarından borc alarkən bu borcun ÜDM-dəki nisbəti nəzərə alınırdı. Ölkənin pula kəskin ehtiyacının olmasına baxmayaraq, kredit hesabına yaxşı yaşamaq, inkişaf etmək konsepsiyası yaxına buraxılmırdı. Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev nəzərə alırdı ki, beynəlxalq maliyyə çevrələrinin kreditlərindən asılı duruma düşmək ölkənin gələcəyi üçün hansı siyasi-iqtisadi risklər yarada bilər.

Xarici borclanma məsələsində ehtiyatlı davranmaq siyasəti prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam edib.

Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib

Son illər neft gəlirlərinin kəskin artması sayəsində Azərbaycan özü borc alan ölkədən borc verən ölkəyə çevrilib. 2007-ci ildən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi üçün Gürcüstana aşağı faizlə 775 milyon dollar borc verilib. 2010-cu ilin ortalarında Rusiyaya olan borcunu qaytara bilməsi üçün Belarusa 200 milyon dollar həcmində qısamüddətli (12 gün) kredit açılıb. Daha sonra bu ölkənin “Belaruskalium” şirkətinə 300 milyon dollar kredit ayrılıb.

Bundan başqa, 2012-ci ildə Serbiya və Montoneqro arasındakı Liq və Prelina regionlarını birləşdirən “XI Dəhliz” avtomagistralının tikintisi üçün Serbiyaya 300 milyon avro kredit ayrılıb. Kredit 3 ili güzəştli dövr olmaqla 15 il müddətinə 4%-lə verilib. Avtomagistralın tikintisi Azərbaycan və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçirilir.

Qərbin xarici borcları və müqayisələr

Bu gün Azərbaycanın borc istədiyini tirajlayan mətbu orqanlarının məxsus olduğu ölkələrin özləri kreditlərin məngənəsində boğulurlar. Beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş dövlətlərin xarici borcu idarəolunmaz həddə çatıb. Problem avro zonasında özünü daha qabarıq göstərir - bu geoiqtisadi məkanda yerləşən ölkələrin xarici borcu 12 trilyon dolları ötüb. Borcun həcmi Avropanın ayrı-ayrı ölkələrində 120-150%-ə çatır.

Konkretləşdirsək, 2015-ci ildə ABŞ-ın xarici borclarının ÜDM-də payı 106 faiz həcmində olub. Bu da təxminən 18 trilyon 540 milyard 449 milyon dollara yaxındır. Adambaşına düşən xarici borcun məbləği isə təxminən 58 min 500 dollar təşkil edib. Dünyanın ikinci ən iri iqtisadiyyatına malik Asiya nəhəngi - Çinin xarici borclarının ÜDM-də payı 40 faizdir. Böyük Britaniyanın xarici borclarının həcmi 9.6 trilyon dollardır - ÜDM-in həcmindən dörd dəfə çox. Bu, adambaşına düşən xarici borcun 160 min dolları keçməsi deməkdir. Fransanın xarici borcu isə 5 trilyon 750 milyard dollardan çoxdur. Adambaşına xarici borc məbləği 86 min dollardır. Ölkənin xarici borcları ÜDM-in 222 faizini təşkil edir. Avropa iqtisadiyyatının lokomotivi Almaniyanın xarici borcunun məbləği 5.6 trilyon dollara yaxındır. Bu ölkədə adambaşına düşən xarici borc məbləği 68 min dolları keçir. Xarici borcun ÜDM-ə nisbəti isə 142 faizdir. Niderlandın xarici borcu 2.5 trilyon dollardan çoxdur. Bu ölkədə adambaşına düşən xarici borc 226 min dolları keçir və xarici borcların məbləği ÜDM-in 316 faizini təşkil edir. Yəni xarici borc illik ÜDM-in həcmindən 3 dəfə çoxdur. Neft ölkəsi Norveçin də xarici borcu var. Borcun həcmi 737 milyard dollar həcmindədir. Yəni ÜDM-in 141 faizi qədər.

Azərbaycanı MDB ölkələri ilə müqayisə etsək, vəziyyət yenə ölkənin xeyrinə dəyişir. Ötən il Rusiyanın xarici borcunun məbləği 599 milyard dollar olub. Xarici borcun ÜDM-ə nisbəti 33 faiz təşkil edir. Adambaşına düşən borcun məbləği 5 min dolları keçir. Gürcüstanda isə məcmu xarici borclarının məbləği 14 milyard dollara yaxın olmaqla ÜDM-in 82 faizinə bərabərdir. Nəzərə alsaq ki, Azərbaycanın xarici dövlət borcu ötən ilin oktyabr ayının 1-nə 6,730.9 milyon ABŞ dolları (ÜDM-ə olan nisbəti 12.4 faiz) təşkil edib, bu göstərici MDB respublikaları arasında ən yaxşı vəziyyətdir.

Onu da bildirək ki, borc vəsaitlərinin 8.0%-i 10 ilə qədər, 58.6%-i 10 ildən 20 ilə qədər, 33.4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Kreditlər əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilib.

Makroiqtisadi dayanıqlılıq

Hər bir ölkənin iqtisadi inkişaf tempini və qlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlılıq səviyyəsidir. Son illər əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu birmənalı etiraf edirlər. Məsələn, Ümumdünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün hazırladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi”ndə respublikamız makroiqtisadi sabitlik indeksi üzrə son 1 ildə mövqeyini 10 pillə yaxşılaşdıraraq 8-ci yerdə qərarlaşıb.

Bu gün neftin qiymətinin ucuzlaşdığı bir zamanda Azərbaycan post-neft dövrü ilə bağlı ciddi islahatlara başlayıb. Dövlət başçısı İlham Əliyev də bildirib ki, neftdən asılılıq tamamilə aradan götürülməlidir: “Bu, post-neft dövrüdür. Post-neft dövrü bizim hesablamalarımıza görə, 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz post-neft dövründə yaşayırıq. İqtisadi sahədə ciddi islahatlar başlayıb və getdikcə daha da dərinləşəcək. Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatları səviyyəsində olacaq. Növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaq. Birinci mərhələdə, 1990-cı illərin əvvəllərində biz tənəzzülün qabağını almalı idik və almışıq. Bundan sonra Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bilmişik. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum bizə çox böyük imkanlar yaratdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə nefti ixrac etməyə və gəlir əldə etməyə başladı. Biz gəliri də ölkəmizin inkişafına yönəltdik. Bölgələrdə, Bakıda yeni infrastruktur layihələri həyata keçirildi, məktəb binaları, xəstəxanalar tikildi, yəni, infrastruktur tamamilə yeniləndi. Hələ ki, görüləsi işlər çoxdur. Amma infrastruktur layihələrinin böyük hissəsi artıq reallaşıb. Buna biz vəsait sərf etdik ki, gələcəkdə neftdən asılılığı daha da azaldaq”.

Göründüyü kimi, Azərbaycan islahatlarla öz iqtisadi göstəricilərini qoruyub saxlamağa iddialıdır. Bu istiqamətdə prezidentin tapşırıqlarının icrasına start verilib. İkinci bir tərəfdən, qeyri-neft gəlirlərində əsas mənbələrdən hesab edilən “Yeni İpək Yolu” dəhlizinin fəaliyyətə başlanılması tədbirləri çərçivəsində Ələt qəsəbəsində yerləşən beynəlxalq dəniz ticarət limanının tikintisi, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan Bakı-Böyük Kəsik dəhlizinin tamamilə yenidən qurulması və dəhlizin enerji təchizatının və işarəvermə sisteminin yenilənməsi, habelə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun birinci kateqoriyaya uyğun genişləndirilməsi istiqamətində işlərin icrası sürətləndirilib.

Bundan əlavə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması yaxındır. Ötən ilin avqustunda “Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanovla İranın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi arasında keçirilən ikitərəfli görüşdə "Şimal-Cənub" dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılması qərara alınıb. Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm