• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Terrorun 90-60-90 növü

  • Köşə
  • 16 Yanvar 2018 17:00
  • 1 621 Baxış
Terrorun 90-60-90 növü

Leyla Sarabi

Qızlar, yaxın gəlin, söhbət var.

Bu səfər heç birinizin bostanına daş atmayacam, ərlərinizin telefonuna oğrun-oğrun baxmaxınıza da qarışmayacam. Hamınızı, hamımızı bezdirən mövzuya toxunacam - DİETA

Zənnimcə, incəsənətdəki postmodernizm gündəlik həyatımıza da zəhlətökən dietalar olaraq sirayət edib. Qadınların vücudu da sənət kimi ilbəil cılızlaşıb, gözdən itir. Artıq çəkisi olanın da, olmayanın da bir arzusu var - arıqlamaq. Özbaşımıza artıq kilolardan qurtula bilməyəndə də başlayırıq mədəmizi kəsdirib, qapı-qapı dietoloq gəzməyə. Gah yağdan imtina edirik, gah da kalorili qidalardan. Bir faktı unuduruq ki, vücudumuz bütün minerallara, vitaminlərə, zülal və yağlara ehtiyac duyur. Bu qida növlərinin ən az birinin qıtlığının ardında sonradan qarşısı alınmayan xəstəliklər gizlənir. Çox vaxt da, bir həftə özümüzü ələ alıb, sonra gözümüzə görünəni mədəmizə atırıq. Yəni qızıl ortanı tapmaq günbəgün çətinləşir. Sinir pozuntusunun əsas səbəblərindən biri də budur. Bədənimizi olduğu kimi sevib, onunla harmoniyada yaşamırıq. Bəzən hətta kifayət qədər çəkidən azad olan qadınlarda anoreksiya xəstəliyi üzə çıxır. Bəs nədir anoreksiya?

"Anoreksiya" sözü yunan dilindən “iştahasızlıq” kimi tərcümə olunur. Statistikaya görə, son 30 ildə hər 100 gənc xanımdan 2-i anoreksiyadan əziyyət çəkir. Bu xəstəliyin yaranmasının əsas səbəbi davamlı pəhrizlər sayılır. Belə ki, bir neçə kiloqramdan azad olan şəxs həmin çəkiyə yenidən qayıtmaq qorxusu ilə yaşayır. Çəkisi az olsa belə özünü şişman hesab edir. Nəticədə kəskin şəkildə arıqlayan xəstə, cəmiyyətdən təcrid olur və yuxusuzluq problemi yaranır. Belə ki, kökündə psixolojı pozğunluq duran anoreksiya xəstəliyi vaxtında müdaxilə edilməzsə, psixi pozğunluğa, ən qorxulusu isə şizofreniyaya çevrilə bilər.

Dieta anlayışını həyatımıza gətirən Silvester Qrehem olub. 1830-cu ilin əvvələrində “Artıq çəkinin səbəb olduğu xəstəliklərin siyahısı” adlı nəzəriyyəni yazan bu şəxsi lənətləmi anmaq yerinə düşər, yoxsa rəhmətləmi, bilmirəm. Fərqində olduğum bir şey var ki, bu nəzəriyyəni zamanla çox ciddiyə alıb, ifrata varmışıq. Bəzi mütəxəssislər kilolu xanımların daş dövründən tutmuş, yaxın, uzaq gələcəyədək bəşəriyyətin ən çox arzu edilən qadınları olacağından əmindirlər. 90-60-90 ölçülü modellər isə XX əsrin ikinci yarısından qadından həzz ala bilməyən cinsi azlığa mənsub geyim dizaynerlərinin süuraltı terrorudur.

Halbuki bir az da keçmişə, 10-15 addım da ondan uzağa, lap elə antik Yunanıstana geri dönsək, ətli budları, qabarıq sinəsilə qürrələnən qadınları görərik.

Elə orta əsrlər İntibah dövrünə, xüsusən də İtaliya xanımlarına nəzər salaq. İncəsənətin dirçəlişi sayılan bu əsrlərdə kifayət qədər artıq çəkili xanımlar dəbdə olub. Hətta üzü bəriyə gələk, XIX-XX əsrlərin Viktorian Britaniyasında da ideal qadın bədəni etalonu böyük ölçülü qum saatına bənzəməli idi. İri ayaqlar və gövdəyə nəzərən azca zərif bel. Hətta 43 kq-lıq gözəlçələrin at oynatdığı Hollivud filmlərinə 30-50-ci illərdə "türkün məsəli" balıqətli aktrisalar bəzək verirdilər.

Özümü tanıyandan artıq çəki ilə qanlı savaş aparanlardanam. Zaman-zaman 30 kq-dək zəifləyən biri kimi üstünə toz qondurmayacağım teoremim var: Aldığımız hər kilo ömrümüzdən bir il alıb, götürür. Ona görə həftənin birinci günündən, lap elə ikinci günündən sağlam qidalanmağa başlamalıyıq.

Artıq çəkilərimizi bir tərəfdən də doğmalarımıza borcluyuq. Gün ərzində bir neçə dəfə bizi məcbur mətbəxə salan kişilərimiz, günortadan yuyulan qabların suyu qurumadan şam yeməyi gözləyən əzizlərimiz də, ən az, "bir tikə ilə mənə heç nə olmaz deyən" bizlər qədər müqəssirdilər.

Nə isə, qızlar, dediklərim barədə götür-qoy edin. Şablon da olsa, təkrar edim, sağlam bədən, sağlam ruh deməkdir. Mənsə gedim, yeməyimi bişirim. Bizim kişi bir gündə iki dəfə eyni yemək yeyə bilmir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR