Köşə
Zəfəriniz mübarək, qəhrəman kişilər!
Çoxluğun razılaşdığı bəzi fikirlərin yanlış olduğunu anlayanda öz doğrunu tapırsan. Əslində sən hər kəs kimi düşünüb, hamıya bənzəməyə məcbur deyilsən. Məsələn, bu gün əksəriyyət xoşbəxtliyin həyatın bir anından, ani göz qırpımından ibarət olduğuna inanır.
Mən əsla!
Mən xoşbəxtliyin içimizdə çox dərində gizlənmiş xəzinə olduğunu dərk edirəm. Onu tapıb tapmamaq, bəlkə də öz əlimizdə deyil. Və bəlkə də, bəzən ömrümüzün gəlmiş-keçmiş günlərini bir-birinə calasaq da, mümkünsüzdür, çarəsizdir.
Amma yerin lap altından, göyün ən mavi üzündən tapıb ovcuna sıxdınsa, bir də heç vaxt itirmirsən.
Sənin hər səhifənin öz ətri, öz dadı, rəngi var.
Bəzən uşaqlıqdan tamını, qoxusunu unutduğun o anda yatıb qalır bütün sevincin.
Və sən onu unutsan da, o, sənin yaddaşının lap içinə, barmağının lap ucuna, ananın köksünün ortasına çökür. Zaman səni dünyanın bu başından ta o nöqtəsinə qovduqca, nələrini tapıb, nələrini itirirsən.
Yenə hər şey yarım, yenə dünya natamam.
Qəribədir şüurunun lap altındamı, inancının səthindəmi məchul həqiqətlə yaşayırsan. Bu gün deyilsə də, sabah həmin o sevincə oyanacam. Elə bir məkan ki, dünyanın başqa yerinə can atmağa gərək qalmasın. Darmadağın küçələrinin ortasında bütün hissələrini, bütün hissələrini cəm eyləyib yola davam edəsən. Elə bir yer ki, hər qum dənəsi sənə tanış, təzə hekayə, yeni həyat...
Yaddaşımızın, hələ ana bətnindən öz funksiyasını yerinə yetirmək gücünə inananlardanam. Qəribə də olsa, bəzən anamın xatirələrini mənimsəyib o günlərin fraqmentlərində gəzişirəm. Hələ o da azmış kimi donmuş illərimi də o səhnələrin içində əridirəm.
Çox qəribədir amma faktdır, hər bir canlı yuvasından qoparılanda, taleyinə yazılan parıltının üstündə qara kölgə gəzdirir.
Mən 2 il öncə o kölgəni Ağdamda azdırdım. Bu gün Ağdamın dağılmış, sökülmüş, incimiş ruhunu günəş yenidən isidir. Sözün öz mənasında sanki günəş bütün enerjisini Ağdama təmənnasız ötürür. Bir gün mənim yuvamın işığının da mənbəyi günəş olacaq Ağdamda. Əslində oranın hər qarış torpağı ən işıqlı otaq kimi gen, hər qum dənəsi illərin xatirəsini özünə hopduran qan yaddaşıdır. Mən unutduğum, hafizəmə yazılmadan silinən həyatımın gizli-aşkar bütün detallarını Ağdamda tapıram. Çünki torpağın elmə də bəlli olmayan ən dərin qatından gələn köklərimizi qoparmaq belə, sağlam bünövrəmizi zədələmir. Mən ən çox da əbədi zəfərimizin xoşbəxtliyini ruhumda gəzdirirəm. Bizi bu tarixi möcüzənin lap mərkəzinə düzüb, özləri yerin altına köçən dəmir kişilərin ən uca xatirəsinə xatir, mən artıq özümə üzülməyi rəva bilmirəm.
Mən onların körpə əmanətlərinin gələcəyi üçün ən az öz övladıma yandığım qədər alışmalıyam. Bu nəhəng xoşbəxtlik heç tükənməsin deyə hər səhər Zəfər gününə oyanmalıyam. Zəfəriniz mübarək, ovcumuzdan kədəri silib, günəşli yollar çəkən, qəhrəman kişilər!
Leyla Sarabi
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO