Köşə
Azərbaycanda lalın dil açdığı məkan
Leyla Sarabi
Ölkədə və dünyada baş verən ən son yeniliklərlə maraqlanırsınız? Gözəllik salonlarına gedin. Mənəm-mənəm deyən politoloqların rəy bildirməkdən çəkindikləri siyasi proseslərdən xəbərdar olmaq istəyirsiniz? Yenə gözəllik salonlarına gedin. Qalaq-qalaq pul töküb, əlac tapmadığınız xəstəliklərinizin çarəsi, evdə qalmış qızlarınızın bəxt açanları, hətta ərinizi evə bağlamağın üsulları da gözəllik salonlarında gizlənib. Xüsusən də bu məkan məhəllənizin ən qaynar nöqtəsində yerləşirsə... Binanın komendantından tutmuş, xadiməsinə qədər hər kəsin intim həyatı müzakirəyə qoyulacaq, ən yaxşı bəxtaçan falçının Şamaxı yolunun ilk döngəsindəki qırmızı damlı evdə yaşadığı məlum olacaq. Toz basmış kriminal faktlar bir-bir suyun üzünə çıxacaq.
Bu məkana ayaq basan lalın da dili açılır. “Bu dəfə daha təmkinli olacam, heç kimin söhbətinə müdaxilə etməyib, suallara kəmturş cavablar verəcəm”- deyirsən, 10 dəqiqədən sonra özünü qızğın müzakirənin episentrində tapırsan. Bir də baxırsan ki, beynin keyiyib, dilin qızışıb, bütün həyatını tanımadığın qadınların ovcuna qoymusan.
Özü də salonlarda elə-belə qadınlar işləmir. Hər biri marketinqin kitabını "yazan" insanlardır. Çoxunun da açar kəliməsi “ürəyim” olur. Rəngarənglik üçün digər əzizləmə metodları da işə salınır.
- Salam, saçımı kəsdirmək istəyirəm.
- Salam, ürəyim, buyur əyləş.
Mənə hətta "balam" deyən də tapılıb.
- Siz gel manikur edirsiniz?
- Əlbəttə, edirəm, balam!
İçəri girən kimi: "Aaaa... filan serialdakı aktrisaya necə bənzəyirsən, ürəyim" deyib, stimul verənlər də tapılır. Kinoya baxmasan da, 3 gün güzgünün qabağından çəkilmirsən.
Bura müəmma ocağıdır. Bəzən hətta adi saçkəsənin gizli xəfiyyə olduğundan şübhələnirsən. Bəzənib-düzənib, müştəriləri təpədən-dırnağa süzən balıqətli manikur ustası da Züleyxanın ərinin məşuqəsi təsirini bağışlayır.
Əlqərəz... Tərkedilmişlik, çarəsizlik sindromunun ilk əlamətlərini hiss edən kimi özünüzü ən azı saç kəsdirmək bəhanəsilə məhəllənizdəki kustar, birotaqlı, qapısına “Lady Studio” yazılmış otağa atın. Sizə ana qayğısı ilə qucaq açıb, bacı məhəbbəti ilə yola salacaqlar. Uzaqbaşı 10 manatınız əksiləcək. Ortabab psixoloq qəbulunun cəmi bir seansını 40-50 manatdan hesablasaq, görün nə qədər irəli düşürsünüz.
Zarafat bir yana, nəzərə alsaq ki, qadınlarımızın böyük hissəsinin əyləncə xəyalları, azca dincəlib, problemlərdən qurtulmaq istəkləri mentalitetimizin bəzi çirkin detalları tərəfindən dəfələrlə zorlanır, çarəsizləri qinaya da bilmirsən. Qucağında qaniçənləri azmış kimi, beynində min fikir gəzdirən bu yazıq başqasının betər dərdini eşidib, öz qara gününə sevinməlidir, ya yox? Yaxud dırnaqlarının yeni rənginə baxıb, heç olmasa 5 gün xoşhal gəzəcəkmi? Bu əhvalını ətrafına da ötürdümü, evinizdə kəpənəklər uçuşacaq. Odur ki, dünyanı gözəllik yox, gözəllik salonları qurtaracaq.
-
MDB21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
















.jpg)




.jpg)






.jpg)








