Gələcəyə məktub: Sənin anan Məryəm deyil
Bizi izləyin

Köşə

Gələcəyə məktub: Sənin anan Məryəm deyil

Leyla Sarabi

Leyla Sarabi

Bəlkə də inanmayacaqsan, amma ilk görüşümüzdə sənə filmlərdəki kimi dərindən aşiq olmamışdım. Qar kimi yumşaq, yamyaş körpə bədənin sinəmə toxunanda bir az diksinmişdim də. Sanki ürəyimi söküb, üstümə atmışdılar.

Günlər keçdi, yuxuya möhtac gecələrimdəki ulduzların, daraqsız saçımdan su kimi axıb tökülən tellərimin sayı qədər sevməyə başladım səni. Aylar ötdü, üzümə gülümsədiyin anların, barmağıma tutunan əllərinin məsum cəsarəti qədər vuruldum sənə. Kim deyir ki, analar balalarını 9 ay canlarında gəzdirir. Mən səni tək köksümdə yox, içimdə də böyütdüm.

İndi səninçün mən adlı qüsursuz bir eşq var. İllər sonra məhəbbətin azalmasa, məni evin ən yüksək nöqtəsində toz basan müqəddəs kitab kimi sevmə, oğlum. Ömrün boyu ürəyinin altında, dilinin ucunda da gəzdir demirəm. Sən məni adicə sev. Sənin anan Məryəm deyil. Adıma and içmə. Amma and iç ki, hər dərdini bölüşəcək qədər sevəcəksən məni. İstərsən ana de, lap adımı çağır. Əmin ol ki, hər çağırdığında səsini qulağımda yox, qəlbimdə duyub, dönəcəm sənə.

Mən bütün kişilərin əslində saqqalı uşaq olduqlarını sən gələndə anladım. Hər bir qadının anadan ana doğulduğuna da sən inandırdın məni. Yoluna çıxan bütün qadınları qucaq dolu sev. Biz sevgidən doğuluruq, oğlum, biz sevgidən yoğruluruq. Anla ki, bu qoca dünyadakı dəyərimizi bir gün deyil, hər dəqiqə xatırlamalısan. Arxanca deyil, yanında, bəzən də önündə addımladığımızı qəbul etməlisən.

Həyat nə qəribədir, oğlum. Sən böyüdükcə mən kiçiləcəm, sən çoxaldıqca mən azalacam. İllər sonra mənə möhtac körpəliyinə dönüb, səndən qayğı dilənmək istəmirəm. Buna haqqım yoxdur. Axı səni bu ədalətsiz dünyaya gətirərək ən böyük haqsızlığı mən etmişəm sənə. Amma əmin ol, bunu nəfəsindən kin qusan tanışlarım "bax o da ərə gedib, uşaq doğdu, yerini bərkitdi" desin deyə yox, səni düşmənə çəpər edib, arxanda gizlənmək üçün də deyil, yarım dünyamın səninlə tam olacağını öncədən hiss edərək, içimdəki ən böyük eşqi mənə daddıracağını bilərək etmişəm. Sabah anan olduğuma görə bəlkə də utanacağını hesaba almamışam. Hər ikimizi bu çovğundan qorumaq üçün hər şey edəcəyimə söz verərdim, amma həyat bəzən zamansız gələn sevgilər kimi qəsdimizə durur, oğlum. Tək onu bil ki, atdığım hər addımın səbəbi, bütün yolarımın mənzil başı sənsən. Sən mənim azalmayan, bölünməyən tək məhəbbətimsən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm