Köşə
Tanrı ilə nişanını qaytarmış qadın
Leyla Sarabi
Hər taleyin dəyişməyən əzəli bir qanunu var. Bizdən öncə yer üzünə mütləq bir qadın enər. Bu dünyanın xəzanını süpürüb, daş-qalağını təmizləyər. Təsvirində tanrını da aciz qoyan hisslərini bütöv edib yolumuzu gözləyər. Gələr-gəlməz boğar bizi o yollar tək ucsuz-sonsuz məhəbbətə. Özü kimi, dəli kimi sevgisini üzük edib dolayar barmağımıza. Bir ucunu da göyə atıb, calayar tanrının ayağına. Bəxtimizi yaradana nişanlayan o üzükdən keçər bütün ömrümüz. Sevgilər, nifrətlər, ruhumuzda daş bağlayan həqiqətlər...
Nə qədər ki, o üzük bəzəyər barmağımızı yer üzünün hər nöqtəsi doğma ev tək isti olar. Getdiyimiz hər mənzildən dönməyə bir səbəb qalar. Özünə belə qıymadığı ürəyini, sevgisini dəfələrlə əzib keçdiyimiz o yolların başındaca durub gözləyər bizi o qadın.
Bu vəfasız dünyada tək arxanı dayadığın, kim tərk etsə də, o, etməz, "yandırsam da, kül olmaz" dediyin cəfakarın bir gün gözündən axan yaşların sayı qədər yorulub, getməyə qərar verər. Elə səni yuxudaca aldadıb, üzüyünü çıxardar barmağından. Üstəlik bütün məhəbbətini xəncərə döndərib, dəlik-dəlik edər qəlbini. Şirin yuxudan oyanıb, gəldiyin yolun tam başında taparsan özünü. Gün keçər, il ötər, qaysaq bağlamaz ürəyindəki yaralar. Hər baharın gəlişi, bir yasəmən ətri, ən dərində yatan xatirələrini kabusa çevirib son nəfəs kimi göynədər bədənini. Bu dünyada ətirdən daha qəddar, daha doğma yaddaş varmı görəsən?
Barmağında üzüyünün izi qalan tanrı da arayıb-axtarmaz səni. Getdikcə o iz də gedər barmağından. Nişanını qaytardığın yaradandan tutmuş, yararına nə varsa, kim varsa, yadlanar yaralı ürəyinə. O qadının sənə öyrətdiyi hər şeyi unudub, yenidən böyüməyə çalışarsan. Yetim ayaqların körpə qədəmlərlə yenidən yola düzələr. Amma nədənsə onun sənə qəddini əydirmədiyi sərt yollarda beş-betər axsayarsan. Elə o an ömür boyu daşladığın o göyərmiş bədənin sancısından ağlayarsan. Hamının yerinə, hər kəsin əvəzinə bağışlayarsan əbədi yoxluğunu, amma yenə dikilər gözün o yollara...
İntizarla baxmaqdan doymadığın ot-alaq basmış yolun başından biri çıxıb gələr o qadının yerinə. Çox sevdiyi üzüyünü barmağından çıxardıb, qoyar sənin əlinə. Amma o da dönə-dönə tapşırar: "Mən hələlik gəlmişəm, qayıdanda qaytararsan özümə".
-
MDB10:31Dünyanı taxıl ilə təmin edən ölkədə insanlar çörək tapmırlar
-
Sağlamlıq09:37Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
-
MDB09:19Rusiyada "Wildberries"in əsas obyektləri vuruldu - 7 ölü, 24 yaralı var
-
Hadisə08:55Xırdalanda binada yanğın - Yeniləndi
-
MDB08:24Rusiyaya alverə gedən azərbaycanlılara xəbərdarlıq
-
ABŞ08:00ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?














.jpg)






















