"Fatmalar üçün fətvalar", yaxud "Xiyar haqda traktat"
Bizi izləyin

Köşə

"Fatmalar üçün fətvalar", yaxud "Xiyar haqda traktat"

Leyla Sarabi

Dünən yatmadan kabus görmüşəm. Sağ olsun, firəng köşə yazarın məşhur saytların birində dərc etdiyi məqalə məni dənizdən də, meyvə-tərəvəzdən də soyutdu. Amma deyim ki, əcnəbi həmkarımın toxunduğu problem sahilə çırpılan ləpələrin sonsuz köpüklərindən sadəcə bir neçəsidir.

“Fatmalar üçün fətvalar”

Necə də tragik səslənir deyilmi? Artıq qərblilər öz uşaqlarını fatmaların, aişələrin, zeynəblərin ruhunu bülbül kimi qəfəsə salan fətva adlı təpəgözlə qorxudacaqlar. Bax, yatmasan fətva gəlib səni aparacaq. Yeməyini bitir, yoxsa fətvanı çağıraram... Axı o yazıq nə bilsin ki, bizim cəsur Fatmanı fətva doğub-böyüdür, könlündən keçəndə də əsərini bir andaca məhv edən rəssam kimi canını alır. Allah belə qabağına dura bilmir.

Çünki fətvanın sələfi adlı öz tanrısı var.

Yazı da sələfi tanrıların mədhi ilə başlayır. Misirin sələfi müsəlman qardaşları növbəti qəlyan məclislərinin birində ərinməyib düz 51 fətva doğublar. Firəng də deyir, bunların yeri türmə deyil, psixoloji dispanserdir. Axı sağlam düşüncədən belə çürük fidanlar yetişə bilməz.

Təsəvvür edin, dünyanın ən qədim ali təhsil ocağı əl-Əhzərin professorları zərdən dəyərli vaxtlarını bu mikrob zərrələrini oxuyub dəyərləndirməyə həsr ediblər.

Yazar fəvaların sadəcə beşini açıqlayır, özü də oxucusuna xəbərdarlıq edir ki, ayaq üstəsənsə, otur, oturmusansa, sakitləşdirici dərman iç, təksənsə yanına kimisə çağır. Birdən bihal olarsan.

Başlayaq...

Deyir, qadına bir sıra meyvə, tərəvəzləri yemək haramdır. Məsələn, xiyar və banana toxunmaq nədir, baxmaq belə şəhvət hissi oyadar, qadını min bir günaha sövq edər.

Sən demə, dəniz ərəb dilində “bahr” deməkdir, özü də kişi cinsindəndir. Ona görə dənizin suyu qadının intim yerlərinə toxunarsa, böyük günah işləmiş olur. Dənizlə cinsi yaxınlıq edən qadın da murdardır, mütləq cəzalandırın!!!

Elə-belə məlumat üçün deyim ki, dəniz fransızcaya “la mer” kimi çevrilir. Ziddiyətə baxın ki, “la mer” qadın cinsinə aid sözdür.

Zavallı firəng üçüncü fətvanı yazanda ovucları tərləyir. Deyir, qadının əri evdə yoxdursa kondisioneri mütləq söndürməlidir. Qoy, qonşudakı kişi onun alışıb-yandığını, vücudunu sərinlətdiyini bilməsin. Yoxsa şəhvət hissi elə oyanar ki, gəlib qonşusunun arvadını zorlayar. Əri də gəlib əxlaqsız arvadını öldürər.

Qızlar da 10 yaşları tamam olan kimi özlərinə ər axtarmalıdırlar ki, düz yoldan dönməsinlər. O körpə bədəni də ərinin arzularının köləsinə çevrilməlidir. Bir şərtlə ki, üst geyimini soyunmasın. Yalnız bu halda nikahları halal sayılır.

Qadın boşanarsa da, bu, dərd deyil. Kölə olmalıdır ki, başqa kişilər ona maddi yardım edib, bədən dəsmalı kimi də olsa istifadə etsinlər.

Haqq yolundan söz düşmüşkən, əxlaqlı qızın məktəbi də evindən 25 km uzaq məsafədə olmamalıdır.

Biçarə firəng deyir, axı bunlar niyə qadına yalnız seks ehtiyaclarını ödəyən qəribə məxluq nəzərində baxırlar? Bunlar hansı planetdən gəliblər ki, qadının səsindən də şəhvətləri püskürür?

Misirin sələfi “qardaşları” piramidaları və digər tarixi məbədləri də yerlə yeksan etməyi düşünürlər. Deyir bu abidələr qadını islamdan soyuda bilər. Müsəlman qadın da dini inancı zədələsə, ərinə yalan danışar. Dinə əməl etməyənlər və kafirlərin də bir cəzası var - ölüm... Odur ki, xristianlar da bir-birini dini bayramları ilə təbrik edib, qadınlarımızı xəyanətə təhrik etməsinlər.

Məqaləni bitirənə yaxın əlləri titrəyən yazar bütün yer kürəsini qarşıdan gələn yeni il münasibətilə təbrik edir. Sonra da yəqin ki, psixoloqundan görüş alıb, pərən-pərən düşmüş hüceyrələrini basdırmağa gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm