Dini "ateistlər" tədris etsin!
Bizi izləyin

Köşə

Dini "ateistlər" tədris etsin!

Leyla Sarabi

Məktəbdə ibtidai hərbi hazırlıq dərsi keçirdik.

40-45 yaşlarında Koroğluya bənzər cüssəli, yoğun bığlı müəllimimiz vardı.

Heç vaxt başı papaqsız gəlməzdi bizim Koroğlu. Amma kepkasının forması ilk baxışdan Rafet el Romanı xatırladırdı. Ona görə uşaqlar arasında ləqəbi Rafet idi. Heç vaxt təsbehsiz də gəlməzdi bizim Rafet. İmkan tapan kimi zikr edərdi. Sanki çəmən altında itib-batan dodaqları tərpəndikcə kirpi bığları küləkdən yarpaq kimi əsirdi. İbtidai şəkildə silahdan istifadə, söküb-yığmaq, hətta hədəfə atəş açmağı da öyrədirdi bizə. Amma elə ki, iş dərsin nəzəriyyə hissəsinə çatdı, qara çantasından çeşid-çeşid hədis kitabları çıxarıb bizi növbə ilə sinifin başına keçirərdi. Hərəmiz bir neçə hədis oxuyub fəzamızı rəngləyərdik. Bir növ Rafet müəllim tanrıların yolladığı missioner funksiyasını daşıyırdı. Bir növ bizim qoç Koroğlu şagirdlərini savaşa hazırlayırdı. Özümüzü kamikadze, cihad uğrunda ölümə gedən müqəddəs kimi hiss edirdik. Əslində, indi düşünürəm, çox faydalı iş görürdü bığıburma sələfimiz. Oxuduğum hədislər arasında ən aydın xatırladıqlarımdan biri Məhəmməd peyğəmbərin əbası üstündə yatan pişiyə nəvazişidir. Yadınızdadırsa, islam dünyasının peyğəmbəri otağa girəndə görür ki, əbası üstündə pişik yuxuya gedib. Parçanın həmin hissəsini kəsir ki, Allahın heyvanı oyanmasın.

İllər sonra islamdan da qədim yapon miniatüründə eyni mövzuya rastladım. Yapon qadın (bəlkə də geyşa) kimonosunun üstündəki yumaq pişiyi oyatmamaq üçün parçanın həmin hissəsini ehmalla kəsir. Nə olsun ki, "copy-paste"dir. Əsas niyyətin saflığı, oxucuya ötürülən mesajdır. Ümumiyyətlə, etiraf edək ki, əzəl filosofların əlyazmalarından götürülən ibrət nağılları məcbur da olsa, müxtəlif imamlarımızın ayağına yazılıb. Bu da təbliğat menecmentinin özülüdür. Yenə də deyirəm, əsas ötürülən mesajın məsumiyyətidir. Digər Avropa ölkələrindən xəbərsizəm, amma sırf Fransanın özəl, pullu məktəbləri mütləq hansısa müqəddəsin adını daşıyır. Məsələn, İmam Rza adına özəl məktəb. Bu təhsil ocaqlarında adi məktəblərdən fərqli olaraq din dərsləri də keçirilir. Tolerant davranıb bütün müqəddəs kitablardan xəbər versələr də, əsasən, xristianlıq üzərində fokuslanırlar. Övladına dini rəva görməyən valideyn sadəcə dərsdə iştirakından imtina edir. Hətta Avropada çox rastlaşdığım yəhudi məktəbləri də var ki, hər divarını, daşını avtomatlı polislər antisemit qüvvələrdən qoruyur.

Amma bir məqam da var ki, içimdəki tanrını dinsiz də sevə biləcəyimi həmin Avropadan öyrəndim. Düşünürəm ki, bizdə bir gün din dərsləri tədris olunacaqsa, bunu gözündən çirk kimi axan şəhvəti gizlədə bilməyən cahil mollalar, "erkək mələklər sizi hicabsız görməsin, ayıbdır" deyən qara mağara bürünmüş mərsiyədeyənlər etməsin. Dinlərin hamısına qarşı eyni nöqtədən baxan, peyğəmbəri yazıçı, şairdən fərqləndirməyən antireligionerlər üstələnsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm