• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Əlövsətin narkobaron babası

  • Köşə
  • 5 İyul 2019 17:04
  • 649 Baxış
Əlövsətin narkobaron babası

Leyla Sarabi

Elə bilirsiniz azərbaycanlı olmaq asandır? Bunun şəhərin göbəyinə çıxanda rusca danışmağa zorlanmağı var, rayona gedəndə qısa şortun üstünə niqab bələməyi var, ölkəyə 5-10 ərəb turist gəldimi mərkəzi küçələrdə çərpələng yerinə ərəb mahnıları uçurtmağı var... Hələ pasport arası bilet sendviçini “N” saylı terminalda çəkib sosial hesablarında, statuslarında paylaşmağı, 3-4 yaşlı tifilini söyə-döyə selfisinə qatıb “anasının canı” başlığı ilə camaata sırımağı var, ana canı.

Elə bilirsiniz, gözümüz o sendviçi yeyəndən sonra süfrə yığışır? Vay o gündən ki, azərbaycanlı həmişəlik ölkədən köçmək istəsin. Bir ilə, üç ilə dönüb olacaq “hara köçübsə oralı”. O boşqabın içində ayağını elə rahat sallayacaq ki, elə bil bədəni düz dairənin içinə biçilib. Əslində yaşadığın ölkənin yorğanına ayaq uzatmaq fövqəlsüni qəlib alana qədər təbii ehtiyacdır. Məsələn, sən fransıza hər petit déjeuner-də (səhər yeməyi) kofe ilə kruassan yediyini desən, onun xoşuna gəlmək şansın daha çoxdur. Amma bu bir növ “mən eynən sənəm, dırnağından yaranmış klonunam” deməkdir. Axı adamdan soruşmazlar ki, bəs özündən yoğurduğun bir zərrəndəmi yoxdur? Avropada gəzdiyim Azərbaycan kafelərinin çoxunda qonaqlara əsasən türk mətbəxi təqdim olunur. Hətta erməni və gürcülər də xeyir versin deyə məkana “Qafqaz” restoranı adı verilir. Tutaq ki, “Baku” mağazasında türk tənəkləri, gürcü ədviyyatları satılır.

Elə bilirsən, udduğun hava dəyişəndə nənənin taa atasının yanağına qondurduğu xalı da silinəcək? Amma sən o xalı kəpənək kimi bəzəyib ətrafındakı nabələdləri elə indicə uçacağına inandıra bilərsən.

Günəş kirli gözlərini yumamış toyuqlarını yemləyib bir yandan da sənə yumurta-pomidor bişirən elə həmin sovetskili nənənin buladığı qoqol-moqol kimi köpüb yazıçı olacaqsan. Əlövsət imzası ilə Neapolun narkobaron ailəsində böyüdüyünü, babanın klan toplantısından çıxmağını gözləyə-gözləyə nənənin süzdüyü spagettinin üstünə rəndələnmiş parmezan səpib yeməyini vəsf etmək istəsən, real Antonio sənin kitabına nəzir verməyəcək.

Elə bilirsiniz, kofemiz, suşimiz yoxdur deyə damağımız sevgidən kasaddır? Əvəzində fastfud modunda dünyaya tanıdacağımız dil-dil qutabımız, Koelyonun da möcüzəsinə inandığı armudu stəkanda çayımız var. Mən armudu stəkanda təzə dəm çayımızın əcnəbiləri sehirlədiyinə onlarca, yüzlərcə dəfə şahid olmuşam.

Şivva şahidim olsun ki, dünyanı ovsunlamaq üçün sandıqda toz basan eşq xurcunlarımız hələ çoxdur. Əsas odur, Əlövsət özünü çolaq babasının Seyid Vacib ağa olduğuna inandırmaqdan əl çəksin. Əsas odur, Əlövsət genini Adirianonun Neapollu klanına calamasın. Zəruridir ki, Əlövsət çolaq babasının Seyid Lazım ağa olduğunu anlayıb, yediyi xəngəlin üstünə Adrianonun soyuducusundakı parmezandan səpmək istəsin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR