Bakı “yumşaq güc”ünə güc qatdı: mədəniyyət diplomatiyasında növbəti UĞUR
Bizi izləyin

Köşə

Bakı “yumşaq güc”ünə güc qatdı: mədəniyyət diplomatiyasında növbəti UĞUR

Asif Nərimanlı

İyulun 7-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclası keçirildi və Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası Ümumdünya İrs Siyahısına daxil edildi. Beləliklə, UNESKO-nun Ümumdünya İrs Siyahısına Azərbaycanın üç tarixi obyekti salınmış oldu: Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər (2000-ci il), Qobustan dövlət tarixi-bədii qoruğu (2007-ci il) və Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi (2019-cu il).

Ümumdünya İrs Siyahısına UNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən təyin olunan və yerləşdikləri ölkənin dövlət orqanları tərəfindən qorunan, bütün dünya üçün əhəmiyyətli dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələr salınır. Siyahıya salınma kriteriyaları olduqca sərtdir. Təsadüfi deyil ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası 6 il ərzində yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb, yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

Üç maddi-mədəni abidəmizlə yanaşı, Atəşgah Dövlət Tarixi-Memarlıq Qoruğu, Naxçıvan Mavzoleyi, Hirkan Dövlət Qoruğu, Binəqədi Dördüncü Dövr Fauna və Flora Ehtiyatı, Lök-Batan Palçıq Vulkanı, Bakı Dağları, Xəzər sahili mühafizə kostruksiyaları, Şuşa tarix- memarlıq qoruğu, Ordubad tarix-memarlıq qoruğu da Ümumdünya İrsinin İlkin Siyahısına daxildir. Azərbaycanın 7 qeyri-maddi mədəni irs nümunəsi - “Azərbaycan Muğamı”, “Azərbaycan Aşıq Sənəti”, “Novruz”, “Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti”, “Tar və Onun İfaçılıq Sənəti”, “Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu”, “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Lahıcın misgərlik sənəti”, “Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” isə UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Dünyada onlarla ölkə Azərbaycanın yerində olmağı arzulayır və Ümumdünya İrs Siyahısına düşmək istiqamətində çalışır, lakin hər ölkə buna nail ola bilmir. Çünki təkcə dünya üçün əhəmiyyətli abidələrin olması əsas deyil, əsas olan bu maddi-mədəni və qeyri-maddi mədəni irslərin dövlət tərəfindən qorunması, təşviq edilməsi və beynəlxalq səviyyədə təqdim edilməsidir. Hər bir ölkənin UNESKO-nun siyahısında ön pillələrdə olmaq istəyi də təsadüfi deyil. Mədəni-humanitar hadisə kimi görünən bu siyahı əslində müasir dünyada ölkələrin iqtisadi-siyasi divident mənbəyi hesab olunur.

İqtisadi: adətən bir ölkənin Ümumdünya İrs Siyahısında abidələri və qeyri-maddi mədəni nümunələrinin yer alması onun dünya səviyyəsində təqdimatının əsas hissələrindəndir. Bu təqdimat həmin ölkənin təbliğinə xidmət edir və turistlər üçün cəlbedici ölkəyə çevirir. Dünyanın turizm bazarında tarixi-mədəni turizm əhəmiyyətli paya sahibdir və tarixə marağı olan turistlər xüsusilə UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan abidələri, məkanları ziyarət etmək istəyirlər. Yaxud UNESKO tərəfindən qeyri-maddi mədəni irs nümunəsi hesab olunan Lavaş, Katırma, Jupka, Yufka mətbəx turizmi baxımından cəlbedicidir.

Bu baxımdan, Azərbaycanın Ümumdünya İrs Siyahısında daha çox nümunə ilə yer alması turizmin, yəni iqtisadiyyatın inkişafına təkan verir. 2000-ci ildə Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhərin bu siyahıya salınmasından keçən 19 il ərzində ölkəmizə gələn turistlərin hər il daha da artması bunun əyani sübutudur. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin də nəhayət bu siyahıya düşməsinin Azərbaycana iqtisadi divident gətirəcəyini əminliklə deyə bilərik. Bütün bunlara kompleks yanaşdıqda, bu, həm də dövlətin qeyri-neft sektorunun inkişafı istiqamətində əldə etdiyi daha bir uğur sayıla bilər.

Siyasi: Ümumdünya İrs Siyahısında daha çox mədəni nümunə ilə yer almaq iqtisadi divident qədər siyasi qazanc da deməkdir.

- Azərbaycan dünyada tarixi-mədəni abidələrin qorunduğu, bəşəriyyət üçün əhəmiyyətli irsin mühafizə edildiyi, sülh və sabitliyin mövcud olduğu ölkə kimi təbliğ olunur.
- Bəşəri mirasın mühafizə edildiyi sülh ölkəsi imici beynəlxalq platformalarda nüfuzumuzu artırır və bu, bir çox qərarların qəbuluna təsir edir.
- Azərbaycanın təbliğinin güclənməsi, daha çox tanınması siyasi platformalarda ölkəmizin əlinin güclənməsi, milli və dövlət maraqlarımızın təmin olunması deməkdir.
- Mədəni imic “yumşaq güc”ümüzün artmasıdır.

“Yumşaq güc” (Soft Power) mədəniyyətdən tutmuş, turistlər üçün maraqlı olmasına, idmanda qazandığı uğurlardan tutmuş imza atdığı humanitar aksiyalara qədər çoxsaylı elementləri özündə birləşdirir və bu, müasir diplomatiyada əhəmiyyətli faktordur. “Soft Power” nəzəriyyəsinin müəllifi Cozef Nayın dediyi kimi, “Beynəlxalq münasibətlərdə istənilən məsələni, hətta mümkünsüz görünənləri belə reallaşdırmağın 3 yolu var. Birincisi, “qarşı tərəfi güc və müharibə ilə təhdid etmək”, ikincisi, “qarşı tərəfi müxtəlif formalarda satın almaq”, üçüncüsü isə “yumşaq güc”dən istifadə edərək qarşı tərəfi razı salmaq”. Müasir beynəlxalq münasibətlərdə güc və təhdid, o cümlədən, şantaj və satın almaq qəbul olunmur, həm də bu, olduqca riskli addımlardır. Ən unikal variant məhz “yumşaq güc”dür, yəni nüfuzlu və cəlbedici ölkə olmaq. Bunun yolu ölkənin təbliğindən keçir və iyulun 7-də Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın “yumşaq güc” siyasətinin tərkib hissəsi olan mədəniyyət diplomatiyasının növbəti qələbəsi hesab oluna bilər. Buna daha bir nümunəni də əlavə edə bilərik. Bakıda keçirilən iclasda Liviyanın Qademes bağlarının və İraqdakı Babil abidələrinin də Ümumdünya İrs Siyahısına salınması Azərbaycan paytaxtını bu coğrafiya üçün unudulmaz məkana çevirdi və dünya, xüsusilə ərəb mediasının Bakı haqqında tirajladıqları informasiyalar da bunun əyani sübutudur. “Yumşaq güc” budur, mədəniyyət diplomatiyası bu gücün formalaşmasında əsas amillərdəndir.

“Mədəniyyət diplomatiyası” (Cultural diplomacy): Siyasi ədəbiyyatda buna “mədəni münasibətləri, sosial-mədəni əməkdaşlığı gücləndirmək, milli maraqları təşviq etmək və inkişaf etdirmək” deyilir. Praktiki nümunələr kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi, mədəniyyətlərarası dialoqun təşkili və s. göstərmək olar. Mədəniyyət diplomatiyasının bir neçə mühüm prinsipi var:

1. Mədəni müxtəliflik və irsin qorunması, eləcə də tanınması: Azərbaycan dünyada mədəni müxtəlifliyin qorunmasına, müxtəlif dinlərin və etnosların sülh şəraitdə yaşamının təmin edilməsinə görə nümunə kimi göstərilən tolerant ölkədir. Bu, dövlətin apardığı siyasətdə prioritet istiqamətlərdən biri olaraq seçilib.

2. Beynəlxalq Mədəniyyətlərarası Dialoq: 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanan “Bakı prosesi” artıq 11 ildir dünyada mədəniyyətlərarası dialoq platforması olaraq qəbul olunur.

3. Ədalət, bərabərlik və qarşılıqlı əlaqə: Azərbaycanda müxtəlif dinlərin və millətlərin bərabər şəkildə yaşadığı ədalətli mühit yaradılıb və bu, beynəlxalq müstəvidə yüksək səviyyədə qarşılanır.

4. Qlobal sülh və sabitlik: Bakı istər mədəniyyətlərarası, istər sivilizasiyalararası dialoq, istərsə də qlobal güclərin müzakirə məkanına çevrilib.

Və bu səbəbsiz deyil: dövlətin dialoqa, həmrəyliyə və sülhə əsaslanan geniş spektrli siyasət yürütməsi; mövcud multikulturalizm, tolerant mühit və müxtəlif dinlərin bir ailə kimi mehriban yaşaması; Azərbaycanın dünyada artan siyasi və iqtisadi çəkisi; sabitlik və təhlükəsizlik;

Bütün bunlar Azərbaycanın dünyada “yumşaq güc” oyunçularından birinə çevrib. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsini şərtləndirən də məhz bu amillərdir.

Və bütün bunların fonunda işğalçı Ermənistanın mediasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi haqqında isterik materialların yayımlanması, “təhlükəsizlik problemləri” haqqında uydurmaların tirajlanması diqqətdən qaçmadı. İşğalçı ölkə narahatdır, çünki Azərbaycanın mədəniyyət diplomatiyasının növbəti uğuru olan bu addımlar rəsmi Bakının “yumşaq güc”ünə güc qatır və bu güc qlobal masada ölkəmizin əlini gücləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm