• USD 1,7000 0,00% EUR 1,8816 -0,13%
    • GBP 2,0788 +0,89% RUB 0,0259 +0,39%

Evini pedofil basmış qonşunun sehrli lampası

  • Köşə
  • 5 Avqust 2019 13:32
  • 901 Baxış
Evini pedofil basmış qonşunun sehrli lampası

Leyla Sarabi

Sıradan həftəsonu axşamlarının biri idi. Yenə sol qonşu evə pul gətirməyən ərinin allahını lənətləyirdi... Sağ qonşu yerli kanallardan Kant nəzəriyyəsinin belinə qara “kant” bağlayan seriallar izləyirdi... Üst qonuşunun evini pedofillər basmışdı. 2 çarəsiz körpə qaçıb canını qurtarmağa çalışarkən, anaları telefonun bu başından qəhqəhə çəkirdi. Elə həmin üst qonşunun yardımsevər əri “qonşu qonşunun külünə möhtacdır” aksiomunu hərfən sübut edib siqaretinin külünü, kötüyünü, hətta qutusunu eyvanımıza atırdı. Əziz qonşumuzun dostcanlığı bununla da bitmirdi. Ələddinin lampasına bənzəyən pivə şüşəsini də ardınca tullayıb kama çatmağımızı istəyirdi.

Şair də dediyi kimi

“Hamı günahkardı dünyada amma…

Bizim qonşuların günahı yoxdur”

Günəş artıq öləziyirdi. Elə həmin üst qonşularımızın həssas qəlbləri musiqi qıtlığımızı duymuşdu. Odur ki, gecəyə çox “naïf” (fransızcadan tərcümədə sadə, günahsız) plan qururdular.

Çexov tez-tez adını unutduğum yaxın dostunun bağ evinə gedərmiş. Gecələr şam işığında pianoda klassik musiqi ifa olunarmış. Sonda isə şamlar söndürülər, ayın közərtisində Bethovenin "Ay sonatası" səslənərmiş. Bu məntiqdən yola çıxsaq, başımıza kül ələyən qonşularımız Bakının aristokrat təbəqəsinə aiddir. Sübhə qədər Üzeyir (Mehdizadə) bizə lay-lay çalıb.

Sizə allahı söyən sol qonşumdan danışmadım axı. Sağ olsun, folklorumuzun bütün ağılarını qulağımızdan asır hər gün. Elə dünən məlum oldu ki, evini satıb köçməyə niyyətlənib. Allah niyyətini qəbul eləsin. Liftin onuncu qatında dilindən eşitdiyim şad xəbər Quruların varmadığı nirvanaya qaldırdı məni. Zalım qızını qucaqlayıb sevincdən avaz-avaz ağlamaq keçdi könlümdən.

Mənzilimizin önündə dəryada balıq tutarcasına açar axtardığım məqamda yeni qonşular evin təhvil-təsliminə gəldilər. Tanrım, sanki Baninlə Bunin Parisin 13-cü arandismanında apartman kirayəliyirlər. Fərz edin ki, sol qulağımızın dibində 24/7 mərsiyə deyən Elnarə Abdullayeva evini Baninə satır. O da bir yandan “Mən tiryəki seçdim” əsərini tamamlayıb hər axşam Nobelindən öpdüyü Bunini qarşılayır. Normal qonşu xəyalları qurarkən, atistokratizmin miqdarını bol tutmuşuq, deyəsən…

Nə gizlədim, mən qonşucanlı adamam. Özü də qonşu sarıdan əksərən bəxtim gətirir. Məsələn, üzbəüz qonşum Pamella Andersonun 65 yaşlı nüsxəsidir. Bizim Pamella xala çox baxımlı və bacarıqlı qadındır. Evində şirniyyat bişirsə, bil ki, o sobada bizim də bərəkətimiz var. Ümumiyyətlə, qonşularımla natural əmək mübadiləsinə həmişə meyilli olmuşam. Bu barter nəzəriyyəmdə böyüdüyüm mühitin də şəksiz təsiri var. Fransada da sizdən yaxşı olmasın bir polşalı qonşum vardı. Plov bişirəndə birinci onun payını aparırdım. Bizim yeməklər üçün ürəyi gedirdi. O da sobasından çıxan qoğal qaçmadan isti-isti bizə gətirirdi. Üstəlik çox vaxt bunların məclislərində olduğumdan dillərini də pisdən-yaxşıdan öyrənmişdim. Öz müşahidələrimdən deyə bilərəm ki. Polşa lobbisi Avropada çox güclüdür. Yaşadıqları şəhərdə bir-birinə zəncirlənib uşaqları üçün öz dillərində məktəb açırlar ki, həftədə bir dəfə olsa da gəlib ünsiyyət qursunlar. Bizə bir az naməhrəm qalan milli mənsubiyyətlərinə yadırğamasınlar.

Bir qonşum da vardı. Cavan, ağıllı, tərbiyəli fransız idi. Qız rəfiqəsi ilə yaşayırdı. Bir dəfə bu oğlana mənim zibilimi atdığına görə 2 dilim tort apardım. Ertəsi gün BOŞqabı gətirib, dedi ki, dünəndən fikirləşdim içinə nə qoyum, geri qaytarım. Dedim, bəlkə elə bir şey olar ki, ya yerinə düşməz, ya da inciyərsən. Etiraf edirəm, bizim kimi yeri gəldi-gəlmədi, mədəni düşünmək doğru deyil.
Amma fransızlar kimi yersiz mədəni olmaq da bir şey deyil...

Amma başına ən çox kül ələnən öksüz məmləkətimdir. Erməninin, rusun, farsın gürcünün əlində mənzili otaqsız qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR