İnternetdə pul satan yapon tanrı
Bizi izləyin

Köşə

İnternetdə pul satan yapon tanrı

Leyla Sarabi

Yəqin kriptovalyuta terminindən agahsan. Eşitməmisənsə, deyim, elektron ödəniş şəbəkəsidir. Bitkoin isə kriptovalyutanın doğma qızıdır. İnternet şəbəkələrdə var olan rəqəmsal valyuta sistemidir. Bitkoin elə hürr yaşayır ki, sən onu dünyanın hər nöqtəsində xərcləyə bilərsən. Həm də pul dəyişmə məntəqələrində başqa valyutaya çevirmədən... Həm də pulun ətrini, materialını duymadan... Çünki bitkoin virtual puldur. Özü də illüziya dəridən tikilmiş pulqabında məskən salır.

Bitkoinin tanrısı bəlli deyil. Amma bizim allahımız kimi haqqında əfsanələr dolaşır. Güman olunur ki, kökü samuraylardan, yaradanı isə Satoşidir.

Unutmadan xatırladım, bu il bitkoinin 10 yaşı tamam oldu. Təsəvvür edirsiniz, o doğulanda 1300 dənəsi cəmi bircə dollar idi. Ötən il isə bir bitkoin almaq üçün 23000 dollarından keçməli idin.

Bu gün, fırlanan dünyamızda 4300 virtual bitkoin milyonçusu, hər birinin də ən az bitkoin qədər real varlanma tarixçəsi var.

Əslində bitkoin insan səbrinin sınandığı beton çərçivədir. Məsələn mədənin güdazına gedib 1000 bitkoinə cəmi 2 pizza sifariş edərsən, sabah eşidərsən ki, həmin bitli koinlər dönüb sərvət olub. Elə o an mədən ürək kimi döyünüb özünə lənət oxuyar.

Bitkoinin kursu Satoşinin hər günü köndələn virtual xanasında elə oynayır ki, əməllərindən yaradanı da baş açmır.

Mövzumuzla yaxından-uzaqdan əlaqəsi olmasa da, deyim, Bakı kəndlərində adətən “təsəvvür” əvəzinə “təsvir” sözü istifadə olunur. İndi sən də təsvir et ki, bitkoin milyonçususan.. Anidən məxfi sistemə girişin itir. Bu o deməkdir ki, virtual valyutanın izi tozu silinir. Təsvirində canlanan bu acı mənzərənin hər an baş vermə ehtimalı var, üstəlik sistemin yenidən bərpası yoxdur. Elə yaxınlarda bir xəbər oxudum. Məxfi kodu qeyd olunmuş diski itirən ingilis virtual milyonçu hər gün evinin kənarındakı zibillikdə zarıyaraq diskini axtarır. Çünki arvadının zibil bilib atdığı o “yumru kaset” 7,5 milyon dollarlıq sərvətin qapısının tək açarıymış.

Mən bitkoin haqda traktat yazmaqla çiyninə iqtisadi xəbərlər yükləmək istəmirəm, əziz oxucum. İzahat verməsəm də bitkoin konsepsiyasının real həyat çeşməsindən su içdiyini dərk edirsən. Vicdan dəyəri 0,0001 olan bitli koinləri gözümüzdə zirvələrə qaldıranda, heç təsvir də etmirik ki, bir gün məxfi sisteminə girişimiz itəcək. O da puç olub virtual fəzada buxarlanacaq.

Yaxud əlimizdəki ləl cəvahiratı ən yaxşı halda bol mozarellalı pizzaya qurban verdiyimiz qanmaz addımlar da atmışıq.

Həyatı kriptovalyuta, insanları bitkoin, tanrını Satoşi adlandırsaq belə ana prinsip dəyişmir. İnsan (bitkoin) bağışlamadıqca, rəhm etmədikcə, içində xərçəng şişi kimi yayılıb canına metastaz verən yük böyüyür.

İnsanları bağışla!

"Yer də, göy də şahidim ki, ən varlı küçənin zibil qabı onun ürəyindən təmizdir" dediyin ruhsuzların cır canını bağışla!

Bir vaxt küsdün deyə qabağında zəhər-zəhər yaşlar tökən qansızların boş damarını bağışla!

Tolstoyun da düzməyə əli gəlməyən hərf yığınından ibarət sonsuzları, ən çətin əlifbaların doğa bildiyi eşq sözünə bağışla!

Açmasını izah eliyə bilməyən parabeyin qızın bağışlamadığı riyakarlığı bağışla!

Sən ki, Sitoşi deyilsən, bitkoini satma, bağışla!

Unutma, insan çıxıntları olan mürəkkəb və qüsurlu orqanizmdir. Canını bit koinlərə fəda edəcək qədər ali vəzifələrlə yükləmə. Meduzadan artıq deyilsən. Gör, heç düşünür ki, sabah oyanıb dünyanı bir az da gözəlləşdirəcəm?! Çünki bilir, dəli dansları onsuz da kainatın palitrasına yeni çalar qatacaq.

Maya dəyərini milyondan aşağı salma. Yalnız bu təqdirdə İsveçrə frankı belə sənə baş əyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm