Allahdan gizli deyil, sizdən niyə sirr olsun?!
Bizi izləyin

Köşə

Allahdan gizli deyil, sizdən niyə sirr olsun?!

Leyla Sarabi

Allahdan gizli deyil, sizdən niyə sirr olsun?! İT mütəxəssislər əksərən yad planetlərdən bizə qonaq gəlirlər. Yəqin bir məqamdan da halisiniz ki, Azərbaycanda İT-çilər xüsusi muzeylərdə eksponat kimi qorunur. İnanılmaz olsa da, mən həmin muzeylərin birində çalışmışam.

Ümumiyyətlə, informasiya texnologiyaları üzrə mütəxəssis deyiləndə kompüterinizə antivirus yazdırıb, format edəndən sonra cibini 5-10 manatla sevindirdiyiniz sanitarlar nəzərdə tutulmur.

Bu çoxşaxəli, bir o qədər də qlobal məfhumdur. İlon Maskın gələcək nağıllarının elə indidən içində yaşayır həmin müəzzəm varlıqlar. Amma Celal Şengörün nəzəriyyəsindən bir az fərqli olaraq bu məzzəmlik genetik kodun sonradan zədələnməsinin turşaşirin nəticəsidir.

Proqramçı deyəndə birbaşa texnikanın iliklərində kök salan fövqəlsüni insanlar nəzərdə tuturuq.

Samoa dövlətində kişi və qadından əlavə faafafine adlanan üçüncü cinsiyyət bölgüsü də var. Faafafinelər qız kimi tərbiyə olunub qadın kimi böyüyən oğlanlara deyirlər. Məncə, tezliklə proqramçılar da bütün dünyada üçüncü cins kimi qeydiyyatdan keçəcəklər. Onları bizdən daha fərqli qılan əsas məqamlardan biri də şüalanmanın təsirinə daha çox məruz qalmaqlarıdır. Tutaq ki, dünyanın taleyini bir tuşa basmaqla həll edən bu dühaların çox bəsit inancları olur. Bir dəfə ağır əməliyyat öncəsi başı divara dəyən proqramçı məsələni həmən anda həll edir. Ondan sonra hər çarəsiz durumda başını divara çırpmaq ayininə sığınır.

‌Proqramçıları bir yandan pambıq kimi üfürüb, digər yandan da elə o pambıq iplə boğub öldürmək istəyən müdirləri də olur. Ümumiyyətlə, onların cəmiyyətə adaptə olmaq kimi fobiyaları mövcuddur. Təsəvvür edin, ifadəsiz rəqəmlərin, kosmik monitor həyatının içindən çıxıb ətraflarında gəzişən, emosiyalarını gözlərinə, dodaqlarına, əllərinə tökən bər-bəzəkli iki ayaqlılara dözmək kimi məcburiyyətləri var. Ən böyük vahimə isə onlarla ünsiyyət qurmaq işgəncəsidir. Odur ki, bosslar da, ofis çalışanları da "İT" lərdən gen gəzirlər.

Fransadan Ölkəmə dönər-dönməz batmaq üzrə olan bir şirkət məni işə dəvət etmişdi. Dil biliklərimi, çoxsaylı insanlarla ünsiyyət təcrübəmi nəzərə alıb İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunmuşdum. Özümü bataqlığa qonmuş düyməcik kimi hiss edirdim. Hər gün eyni hadisələr təkrarlanır, xüsusi dress-kodla işə gəlirəm, bəlkə 50 nəfərlə telefonla danışıb evlərindəki internetin gücünü, qüvvətini yoxlayıram. Mən hələ dünən Fransada kosmik sürətlə ucan vay-fay istifadə edirdim. Bugün kənar rayon sakinləri saatlarla sürünən i-n-t-e-r-n-e-t-dən şikayətlənir və mən onlara açıb deyə bilmirəm ki, bu lənətlənmiş problem ancaq bizdədir.

Qloballaşan dünyamızın "İT girl" adlı trendi də var. Geyim-keçimi, tərzi ilə daim seçilən, yüksək təbəqənin ledilərinə deyirlər. Mən şirkətinin, ümumilikdə düşdüyüm yeni dünyanın bu qədər ağrılarına dözüb sözün öz mənasında İT qıza çevrilirdim. Təsadüfə bax ki, proqramçı mənimlə bir kabinetdə otururdu.

Hərdən üzümü qaldırıb, kərpic eynəyinin altından rəqəmlər süzülən iri bəbəklərinə baxırdım. Bəzən də ürəyinin içini xəyal etməyə çalışardım. Sanki orqanları da kompüter hissələrindən ibarət idi. Bəlkə də paralel dünyasında özü, hətta oradakı evi, arvadı, məşuqəsi də rəqəmlər idi. Amma məşuqəsi dəqiq "8" idi. Uşaqlıqdan bu rəqəmin cazibəsini sevmişəm. Nə isə... bəlkə də ondan əvvəl elə mənə psixoloji dəstək lazım idi. Bəlkə də indi də lazımdır. Dəqiq vacibdir!

Bir dəfə təsadüfən iş görüşməsinə birgə getməli olduq. Yol boyu valideynləri üçün kreditə götürdüyü evin çiyinlərini bükdüyündən danışdı. Yanılmamışdım, valideynləri onu borclarını ödəyən rəqəm gözündə görürdülər.

Günlərin, həftələrin, rəqəmləri artdıqca cümlələrimizin sayı çoxalırdı.

Çox gözəl təsvir qabiliyyəti də vardı. Sanki qalın monitordan həyatına təmas etmişdim. Hər kofe fasiləsində dərdlərini həlli olmayan tənlik kimi ovcuma tökürdü.

Amma məndən başqa hər kəsi ilan kimi sancırdı. Nifrətini qusmadığı şirkət əməkdaşı qalmamışdı.

Bir gün yenə rəqəm gölündə sanki elə indi öz dünyasına köçəcəkmiş kimi son sözünü üzümə tüpürdü. Bilirsən, sənə niyə mərhəmətli davranıram? Çünki Fransadan geri qaytarmaqla Allah səni möhkəm vurub. Mənim zərbələrimin təsiri olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm