Alma satan Oşonun sonatası
Bizi izləyin

Köşə

Alma satan Oşonun sonatası

Leyla Sarabi

İçindəki heyvanı maqqaşla çəkib qoparmışdılar. Elə bil tamponu da çıxarmağı unutmuşdular. Hər gün bir az qan hopurdu üstünə. Bütün ibtidai duyğuları itirirə-itirə bozarırdı. Bilirdi ki, dünyada cəmi 100 nəfər ən nadir xəstəlikdən əziyyət çəkir. Dünyada cəmi 100 nəfər fiziki ağrı hiss etmədən yaşayır. Təsəvvür et, ağrını duymamaq ən dəhşətli xəstəlikmiş. Betəri də odur ki, yıxılırsan, qol sümüyün qırılır, beynin ağrı siqnalı ötürmür, amma bədən öz işini görür, o şiddətdən dilini dişləyib qanadırsan.

İndi vəziyyət bir az fərqli tüğyan edirdi. Şəksiz o yüzlüyün siyahısındaydı, amma digər refleksləri də sovrulurdu. Əlləri titrəyəndə bilirdi ki, aclıqdan şəkəri oynayır, dili, dodağı çat verirdi susuzluqdan. Su ilə dolu şüşə gəzdirirdi yanında. Zəngli saat çalan vaxtda qabıq qoyan dodağını soyuq şüşənin ağzı öpürdü. Qızdırmadan qaynadığı gecələrçün darıxmaq istəyirdi hərdən. O da gəlmirdi duyğusuz bədənindən. Qupquru yaş, dopdolu boş xurcun deyirdi özünə.

Sancı çəkən Bakı küləyi qova-qova işə yollayırdı tənbəl xurcunu. Bir qütbdən çiskin yuyub, o birindən duman dalğası döyürdü torpağı. Daşları mamırlamış köhnə beşmərtəbənin yanına çatanda, ayaqları yerdən qopdu. Nə qəribə təzaddır, yeni tikililər köhnələr kimi doğulub, yaşayıb qocalmır sanki. Onlar da GMO-lara bənzəyir - nəfəssizdir, duyğusuzdur, uydurmadır. Evdir, amma anlamının haqqına bürünən, ciyərinin dibindən yuvam, ocağım deyəcək qədər EV deyil. Otaqlarının istisinə qızınmırsan, yuyunanda, su qulağına keçmişdən səslər pıçıldamır. Məsələn, elə bu binanın birinci mərtəbəsinin aralı nəfəsliyindən burnuna dolan zəfəranlı plovun mətbəx qoxusuna qarışan ətri ağız tamına belə doğma tumar çəkmir. Birdən boğuq səs eşitdi. Aclığı mədəsinin cırıldayan qapısını açırdı.

Küncdəki meyvə tərəvəz piştaxtasından çoxlu yaşıl alma doldurdu torbasına. Tələsik pulunu ödəyib, almanın şirəsi damarına qarışana qədər yeyib bitirdi meyvələri.

Günbəgün içində solub tökülən xəzəl yaşıllayıb bədəninə baharı gətirirdi.

Balaca piştaxta gözündə pirə çevrilmişdi. Artıq ibadəti də, sevgisi də, doğması da çürümüş taxtalar idi. Ovucları yam-yaşıla, dodaqları qırmızıya bürünürdü get-gedə. Hər günü eyni ritualla başlayıb alışdığı rutinə davam edirdi. Amma minqat daha xoşbəxt, ot yaşılı...

Vay o gündən ki, alma satan ya özünü, ya da almasını əskik etsin bəndəsindən. Ovucları saralır, dodaqları quruyurdu. Bütün ümidini, imanını, inamını sabaha bağlayırdı.

Artıq təbiətin də yaz damarı tuturdu. Hər səhər quşların dedi-qodusu ayırırdı onu yuxusundan.

Yenə bir alma sevdasına mikroplisin küçələrində qarışqa olub itməyə hazırlaşırdı. Bütün həyəcanını əllərinə büküb yaşıl həzzinə qovuşmağa tələsirdi. Həmin məhəllə, həmin nəfəslik... Pambıq barmaqlarına yapışan zibil torbasının içindən limon dilimləri gülümsəyən, ötən gecə qonaqlığa qarışdığı anlaşılan tanımadığı doğma qadın... Yuxulu günəşin isitdiyi mamırlı daşlar...

Hər şey yerində durub, təkcə piştaxta yoxdur. Nə almalar, nə gözündən Oşo hiyləsi tökülən satıcı, nə də müqəddəs taxtalar... Gələn-gedən kim vardısa, hamısına ağız açdı, dil tökdü.

- Burada piştaxta vardı axı... Dəqiq vardı. Siz də görürdünüz məni, ay xala. Hər gün buradan alma alırdım.

- Mən 40 ildi bu binada yaşayıram. Gəlin gəlmişəm bu məhəlləyə. Amma həyətin içində heç vaxt meyvə tərəvəz satılmayıb.

Hamı eyni faktı aktlaşdırıb imzaladı.

- Necə yəni olmayıb? Özümü özümdənmi uydurmuşam?

Yer üzündən silinmiş məbədinə ağladı. Amma nə dodağı qurudu, nə də əlləri soldu. Günəşin altında pişik olub isinmək keçdi içindən. Yenə eyni rutin, günün digərlərinə bənzər yekunu.

Ayın közərtisində evə qayıdırdı. Bethoveni xatırladı. Görəsən “Ay sonatası”nı həqiqətən o balaca kor qıza Ayı göstərmək üçün yazıb? Görmək üçün bəzən 7 notun yallısı, bəzən də yaşıl yöndəmsiz alma bəs edir yəqin.

Qapını açıb, içəri girdi. Masanın üstündəki şüşə qabda bir qucaq yaşıl alma vardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm