Planetin yarıdan çoxu virusa yoluxacaq
Bizi izləyin

Köşə

Planetin yarıdan çoxu virusa yoluxacaq

Leyla Sarabi

#evdəqal

Mən bir vaxtlar əliuşaqlıyam deyə iş verməkdən qaçınıb, ana təmkinimə möhtac qalan şirkətlərin kəsr yeriyəm. Mən ömrünün ən bahar günlərini qaynar mantiyaya həbs edib, özündən Günəş doğan ən müəmma Yerliyəm.

Boynumun borcu toxunduqlarımın temperaturunu dünyanın axışına düz mütənasib tənzimləmək, üşüyəni bürümək, qovrulana soyuducu tabut olmaq, günahkarı ovutmaq, qatilin ovcundakı qanı qaralmasın deyə gözümün sərxoş suyunda dezinfeksiya etməkdir. Dünya mənsiz darıxmaz, amma səma ağlayandan sonra gözlərini 7 rəngli ipək şalla silməliyəm.

Bacarmamaq qorxusu, vəzifəmi şikəst qoymaq təlaşı... Azadlığın tamsızlığı... Divarlarımın arasında sıxışıb ovulmaq əzabı... Bütün qorxular bədəndə aqressiv müdafiə instinkti yaradır. 5 fransızın arasındakı ərəb, susmuş saatın içindəki əqrəb, danışmayan ağıza darlıq edən dil vahimənin özüdür.

Ərəbi ovcuna bük, yoxsa başını əzəcək.

Oxu üzərində dönməyən saatı basdır, yoxsa ömrünü kəsəcək.

Dilini dişlə, yoxsa həqiqəti deyəcək.

Bəlkə mən yalan danışmaqdan bezmişəm?! Sükut saat düşünməyə bol vaxtımın olduğunu pıçıldayır.

Bəlkə ərəb həkim olub, bir firəngin yatmış vaxtını oyadacaq?!

Bəlkə mən sonu zindan olsa belə qorxularımın üstündə diliyalın qəzəlləşmək istəyirəm?!

Bəlkə mən də bədənimə doğmalaşsın deyə məhlədəki ac pişik kimi bu virusa yoluxarsam, daha azad olacam?!

Öldürürmü, güc qatırmı, dadmadan nə biləcəm?!

Evlini də, evsizi də bir aqibət gözləyirsə, mən özümü qutularda bəsləyim?!

Axı mən ən çox qorxduğum nəsnələrə bədənimlə toxunmuşam. Yuxuda meyit görüb qorxan mən anamın cəsədini qucaqlayıb yatmışam. İllər boyu qaranlıqda ruhdan hürküb, bir gün zülmətdə dinclik tapmışam.

Mən əlimi sabunlamaqla dünyanın yeni erası doğacaqsa, ömrümü istağa qoyum. Amma... Lənətlənmiş xəbərlərin vərəqlərini cırıb, yuxulu beynimin hər küncünə səpim ki, hələ heç nə bilmirik. Nə italyan professor, nə alman elmlər namizədi agahdır məsələnin kökündən.

Həkimlər də deyir ki, stəkanın yarıdan çoxu virusu ciyərinə çəkəcək... çəkməlidir. Qayda budur.

Bəlkə mən özümü yaşatmağın yollarına sizdən daha yaxşı bələdəm?! Günəşlə göz-gözə qorunsam, daha çox həyat qurtararam... Heyvan kimi daha təmiz düşünəcəm, şüurum kaldır deyə bir dəfəyə beş-beş, on-on balalayıb artacam. Vaxt çatanda ayağıma dolaşan bütün ailə bağımızı qoparıb atacam.

İndi mənə səfilliyin xəyalı da peyvənddir, amma dünya ana təkminimə hamıdan çox möhtacdır.

Mənim oğlum yad ölkədə doğulanda hesabını itirdiyim günlər sayda, aylar boyda qızıl qəfəsə həbs olmuşdum. İlk dişi də, addımı da, yatmadığı gecələr də güzgü kimi yadımdadır. Mən bu gün də kainatın körpələri böyüyə bilsin deyə öz evimdə dustağam. Əziz insan, sən də mənim oğlum üçün həyatını evə sığdır. Evində qal!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm