Söyüş söyən qadının orqanizmində hansı dəyişiklik baş verir?
Bizi izləyin

Köşə

Söyüş söyən qadının orqanizmində hansı dəyişiklik baş verir?

Leyla Sarabi

Qıraqları sökük-tökük çantası ilə əyninə dar gələn pencəyinin yaxasını bağladı. İki ildir bu nimdaşdan qurtula bilmirdi. Yağışda islanıb gündə əriməkdən, parça dərisinə yapışıb daşlaşmışdı. Quş canı ilə ağırlaşıb özü boyda daş olmuşdu. Evdə də səs salmağa qorxurdu. Axı bəyənmədiyi bu daş parçasının bir-iki çörəklik dəyəri vardı.

Al yanaqları qarnında gizlətdiyi günahın qorxusundan saraldı. Tox mədəsini deşən vicdanı qulağından od olub püskürür, cibindəki son qəpiyini bulkaya dəyişən ac nəfsini söyürdü.

Özünü, üzünü çoxdan unudub gücdən düşmüş oturacağa əzab verib dəstəyindən yapışdı. Son 5 saniyə qalmışdı. Elə indicə avtobusun açılan qapısından quş olub uçacaqdı. Onu cani azadlıqdan ayıran cəmi 5 saniyə... Qəribə bir aclıq doldu canına. Gözünə görünən hər şeyi yemək istədi. Cibindəki manatları gülə-gülə sayıb sürücüyə uzadan sinif yoldaşının qorxu bilməyən hamar dərisini çeynəmək keçdi könlündən. Bu dünyanın halal, haram pulunu da, yoxu boyda varını da mədəmdə gizlətsəydim, mən də doyardım, viran qalmış Yer üzü də.

Kirpiklərini döyəcləyən küləyə ayıldı. Çəlimsiz canını əjdahanın alovlu ağzından küləyin qucağına atdı.

Hərdən adamın bir cüt qulağı da qəsdinə durur. Əzrayılın küləklə sovrulub beyninə dolan səsini eşitdi:

- O əclaf yenə pul verməyib, düşdü? Deyərsən atasını söydüm özü də lap ağır söyüşdən...

Canını tapşırdığı çantasını bərk-bərk qucaqlayıb, atasını söydü... atasını öldürdü... atasını ağladı... atası ağladı...

***

İngilis dili müəllimim Amerikada oxumuşdu. Həmişə bu hipermeqa ölkədən söz düşəndə sanki qaniçən qayınanasını xatırlayırdı. Təsəvvür edirsən, ata qızını çağıranda xitab əvəzi söyüş söyür, küçələrdə “fuck”ın biri bir sentdən havada uçur...

Sonradan öyrəndim ki, FUCK sözü abreviaturadır (sözlərin qısaldılmış, yaxud ilk hərfindən ibarət forması). “Fornication Under Consent of the King” yəni “Kralın Razılığı ilə Zina” deməkdir. Üzüm ayağınızın altına, demək, bir amerikalı digərinin anasını söyəndə, dolayı yolla “sənin ananı Kralın Razılığı ilə Zina” deyirmiş.

Ümumiyyətlə, bu əxlaqsız dünyanı 1 günlük də olsa söyüşsüz təsəvvür etmisən? Nifrətini içinə qusan biçarə bəndələrin dörddə biri ürək tutmasından ölərdi.

Bu gün dinlərin yekdilliklə qəbul etdiyi bir aksiom var: söyüş şeytanla söhbətdir.

Elm də bu haqda ürəkaçan heç nə demir. Söyüş söyülən otaqda su da kif bağlayır. Qadının hormonlarından tutmuş səs tembrinədək hər şeyi dəyişir. Ağzından çıxan hər söyüş rəhnindən bir körpə qopardır. Hətta elm fədailəri cəmləşib bu qərara gəliblər ki, söyüş dəbdə olan ölkələrdə daun sindromu lap çox yayılır. Bir də deyirlər, “iyrənc” sözlər DNT kodunuzu elə kirlədir ki, vücudunuz radiasiya şüalanmasından betər hala düşür.

Xəstəxana köşəsində iflic olub qalan qoca “hə”ni, “yox”u dilinə gətirə bilməzkən, var-yoxu ilə söyüş söyür. Bütün həyati funksiyaları qocadan üz çevirib, tək dilinin söyüşləri həmdəmdir. Demək, kirli sözlərdən ziyadə istifadə özü də psixoloji iflicdir.

Mən razıyam, bizim bu sürücü də həyatına tüpürəndə, “Kralın Razılığı ilə Zina” deyib bağırsın. Elə bağırsın ki, səsi qopsun, amma iflic beyni ilə təkərsiz arabasına oturub məsumiyyəti sürgünə aparmasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm