Köşə
Bu kilsənin memarı yadplanetlidir
Feminizm ərə gedənədək, ateizm ölüm qoxusunu duyanadəkmiş...
Mən...
Nə tam azadlıq xəmirindən yoğrulan feminist, nə də özümü materiyaya təslim edən ateistəm. Elə bilməyin ki, əmrlərə boyun əyən çarəsiz qadınam. İmanlı dindar heç sayılmaram... Ancaq canımdan əziz canın ölüm adlı üfunəti burnumdan keçib beynimi zəhərləyəndə ateizm dalğası sahilimə çırpılmır.
Strasburqun başdöndürən, qəlbdurduran, hər daşından bir can çıxan 1000 yaşlı tikilisi var. Onu görübən ölməmək, ölübən dirilməmək mümkünsüzdür. Bu böyük katedral balaca şəhərin ən nəhəng ibadətgahıdır. Mənsə oraya "İsanın sarayı" deyirdim. "İsanın sarayı"nda bir neçə dəfə olmuşdum. Hər dəfə də düşünürdüm ki, bu möcüzənin memarı dəqiq yadplanetlidir. Bəlkə hələ də sağdır... Yox, dəqiq yaşayır...
"İsanın sarayı"nda bir astroloji saat var ki, tamaşasına ellər yığışır. Bu saatın Yer oxunu təcəssüm edən hissəsində ox gəldiyi nöqtəyə çatmaq üçün 25 min 800 il yol getməlidir. Üstündə əsdiyim ömrüm bu zaman kəsiyinin neçənci göz qırpımıdır, görəsən?
Anam çarəsiz xəstəlik tapmışdı, daha doğrusu, bu bəla gəlib onun yaxasına yapışmışdı. O, anama daha möhkəm sarıldıqca həkimlər əllərini yavaş-yavaş üzüb, geri çəkilirdilər. Çarəsizliyim damarıma işləmədən dua etməyə qərar verdim. Evdə əlimə keçən bütün kitabları müqqədəsmiş kimi öpüb bağrıma basmaq istəyirdim. Yoldan keçənlərin gözündə yalan da olsa, bir işarə axtarırdım.
Bir gün yenə ucsuz yolun başında tapdım özümü. Sarı səhradakı su axtarışlarım "İsanın sarayı" adlı bulaq olub qarşımda durmuşdu. Bu səfərimin səbəbi daha məsum idi. Özümdən gizlənirmişəm kimi nəhəng qapını açıb, tez içəri girdim. Bir neçə dəqiqə buza döndüm. Ətrafdakı turistlərin diqqətini cəlb etməmək üçün İsaya doğru addımladım. Hətta onunla hansı dildə danışacağımın qərarsızlığı da hafizəmdədir. Amma çətini "İsa, mən gəldim" deyənə qədərmiş. Sonra düz 1 saat dodağım söz hönkürdü. Monoton monoloqumu bəzən xatırlamağa çalışıram. Mən o dildə heç vaxt danışmamışam axı... Bəs niyə sözlərimi tələffüzünə qədər xatırlayıram?!
Hər qarşıma çıxan sənə bürünüb İudayammış kimi günahlarını üstümə atır, İsa. Əli əlimdən olanlar sənə uzanan barmaqlarımı kəsib atdılar, gözü gözümdən bildiklərim cənnətinə boylanan bəbəklərimi oydular, amma mən yenə gəldim. Tanrı bəzən rəsmlərinə məna yükü qoya bilməyən rəssam kimidir. Bizi niyə yaratdığını unudub, üzümüzü quru divara çevirir. Yalvarıram, İsa, məni onun yadına sal. Atana de ki, möcüzə gözləyirəm.
Tez əlimi cibimə atıb səsi son ümid kimi qulağımda cingildəyən axırıncı qəpiklərimi çıxardım. Bir neçə şam alıb, İsa üçün yandırdım.
Mən tez-tez gələcəm, nə qədər istəsən şam yandıracam, amma atana mütləq de. De ki, mən möcüzə gözləyirəm.
Və bir gün anam İsa üçün yandırdığım şamların işığını da istisinə qatıb özü ilə apardı. Qaranlıq gecələrin açılmaz səhərlərinin birində yenə qərar verdim. İsanın görüşünə gedəcəm, deyəcəm ki, üzül mənim üçün, atan məni duymadı, sənə küskünəm, ürəyin rahat olmasın...
"İsanın sarayı"nın kəndarında birdən ağlıma gəldi ki, bugünədək onun üzünə baxmamışam. Başımı göz qırpımında (bəlkə də 25 min 800 ilə) yuxarı qaldırdım. İsa çarmıxdan elə əzablı, o qədər çarəsiz baxırdı ki, içimdəki bir zərrə kinim də su olub gözümdən axdı.
Bağışla məni, İsa. Oğullar atalarına görə cavabdeh deyil. Mən səni bağışladım, atanın da günahından sənə görə keçdim. Amma incimə, şam yandırmağa nə gücüm, nə də qara qəpiyim qalıb...
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO