O da “Кот Ачык”lığına şahid oldu, bəs sabah...
Bizi izləyin

Köşə

O da “Кот Ачык”lığına şahid oldu, bəs sabah...

Roy Medvedev adlı tanınmış bir rus tarixçisi var idi. Yenidənqurma illərində Sov İKP haqda, ümumən Sovet İttifaqı tarixi haqda alternativləri ilə məşhur idi. Asan həzm olunan biri deyildi: kommunist idi, amma SSRİ-nin iflasının labüdlüyü haqda yazmışdı; dissident idi, amma KGB zabiti olduğunu söylənirdi, üstəlik, demokratik sosializm hərəkatı ilə SSRİ-ni xilas etmək mümkün olacağına inanırdı və s.
Həmin Medvedevin o illərin populyar mərkəzi nəşrlərin birində getmiş maraqlı xatirəsi vardı. Yazırdı ki, 1965-ci ilin yazında Moskva vilayətlərinin birində kənddən rayon mərkəzinə baş çəkmək istəyir, başqa nəqliyyat olmadığı üçün at arabasında küləşin üstündə oturub getməyə məcbur qalıb. Yolda səsgücləndirici radioqurğuların birində sovet diktorunun sevincək car çəkdiyi xəbəri eşidir: insan ilk dəfə açıq kosmosa çıxır və bu şəxs sovet astronavtı Aleksey Leonovdur. Sovet İttifaqının süqutunun uzaq olmaması haqda fikir tarixçinin ağlına o zaman gəlibmiş. Metropoliya paytaxtının yüz kilomterliyində, bir məntəqədən digərinə getmək üçün çağdaş nəqliyyat və infrastruktur yoxdur, amma sovet radiosu insanları kosmik nailiyyətlərlə müjdələyir. Və o xəbəri də çağdaş kommunikasiya qurğusu (ev radiosu və ya televizoru) vasitəsilə yox, II cahan hərbindən qalma, dirəklərə bərkidilmiş səsgücləndiricilərdən dinlədir. Belə kontrast, bu qədər kəskin ziddiyyət ölkəni uçuruma aparırdı , bunu görməmək mümkün deyildi.
R.Medvedevin Sovet İttifaqı (Rusiya) üçün o uzaqgörənliyi yenə də aktualdır. İndi gerilik rusların ən çox öyündükləri sahəyə - astronavtikaya da sirayət edib. Neçə illərdir Aya kosmik stansiya göndərilməsi hər dəfə bir bəhanə ilə yubadılırdı. Nəhayət, “Luna- 25” göndərildi, yenidən 60-cı illərin pafoslu təbliğatı işə salındı və bu da nəticə - demə, tətbiq edilmiş sanksiyalara görə xüsusi çiplər, elektron qurğular idxal edə bilməyiblər, odur ki, stansiyanın texniki göstəriciləri aşağı imiş və bildiyiniz bəlli qəza baş verib.
İstər-istəməz sual yaranır-indi bu gündədirlərsə, bəs 60 il əvvəl kosmosu necə fəth edirdilər? Çoxlu konspiroloji izahlar tapa bilərsiniz. Amma sadə bir izahı da var- Sovet İttifaqının 50-60-cı illərdəki nisbi texniki tərəqqisi rus beyninin məhsulu deyildi; bərkgedən sovet texniki brendləri, o cümlədən planetlərarası uçuşu həyata keçirməyə, kosmosda pioner olmağa imkan verən nailiyyətlər sosialist düşərgəsinin və müttəfiq respublikaların amansız istismarı, bir də trofey patentlərin hesabına mümkün olmuşdu. Putin hakimiyyəti dövründə bu haqda danışmağı sevmirlər. Amma 1988-2008-ci illərdə elə Rusiyada həmin patentlər, “trofey ixtiralar”, “trofey kəşflər”, hətta sovet laboratoriyalarında çalışmış “trofey alimlər” haqda istədiyiniz qədər material tapa bilərsiniz. Özgə beyinləri ilə qidalanan çoxbaşlı bədheybət mifində olduğu kimi idi hər şey. Daha qurbanlıqlar yoxdur, rus elmi beynini qidalandıran və adlarını heç zaman bilməyəcəyimiz “trofey” alman alimləri, Kərim Kərimovlar, Fərman Salmanovlar yoxdur, bədheybətin inkişafı da dayanıb.
Ancaq yenə də rus beyinyuma aparatları tezliklə kosmosun fəthində rəqiblərə çatacaqları və ötəcəkləri haqda özünütəlqin səciyyəsində təbliğata başlayıb. İntəhası, 1960-larda “çatmaq və ötmək” feillərinin obyekti Amerika idi. Yoldaş Nikita Xruşov əmin edirdi ki, “ mı doqonim i peregonim Ameriku”. İndi çatıb ötmək üçün hədəf daha Amerika deyil, Hindistandır. Dünənəcən Sovet İttifaqının yuxarıdan aşağı baxdığı Hindistan dördüncü Ay fatehi sayılır artıq.
Yəqin Oljas Süleymenovun Afanasi Nikitinin “Üç dəniz arxasına səyahət” əsərində türk (güman ki, kumik və Azərbaycan) dillərindən istifadəyə dair verdiyi nümunələri xatırlayırsınız. Nikitin Hindistanda fallus və vagina kultlarına yapılan lüt-üryan bütləri türkcə “Кот Ачык” adlandırırdı. Süleymanovun fikrincə, müasir alimlər latın dilinə müraciət etdiyi kimi Nikitin də “rüsvayçı” sözü çatdırmaq üçün türkcəyə müraciət edib.
Xruşovun “dogonim i pereqonim” vədinin qulaqlarda cingiltili əks-səda verdiyi illərdə sovet adamları bir lətifə düzəltmişdilər: “Çatıb ötdük, bəs sonra rüsvay olmarıqmı? Axı arxadan ...olmağımız görünəcək”. Hesab edin ki, indi Amerika yox, Hindistan Rusiyanın “Кот Ачык”lığına şahid oldu. Sabah bu hala kim şahid olacaq? Deyəsən, Ay fatehi olmağa növbədə Türkiyə var.
Hər şey etiraf etdikləri kimidirsə, yəni bu hala düşmələrinə səbəb Krımın işğalından sonrakı embarqolardısa, fövqəlgüc olmanın sonuncu əlamətlərini də itirmək bahasına o işğala dəyərdimi? İndi Pekin-Moskva danışıqlarında diqqətedici tərəf çoxdan II deyil, Ukrayna savaşı başladıqdan sonra Dehlinin də Moskvaya necə ötkəm bəyanatlar verdiyini izləyirik, sabah Ankara, hətta Tehranın Moskva ilə danışanda diktəedici ritorikasını görsəniz, təəccüblənməyin; arxadan “Кот Ачык”lığını özü nümayiş etdirib...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm