Qəzzaya gedin, “qəzanız mübarəkdir” deyək
Bizi izləyin

Köşə

Qəzzaya gedin, “qəzanız mübarəkdir” deyək

Osmanlı hərbi folklor dilində çoxlu maraqlı sözlər, terminlər, ifadələr var. Hər birinin arxasında canlı tarix, insan taleləri yatır. “Qəzan mübarək!” belə ifadələrdəndir. Axınçılar yeni ilqara, yeni fəthə getməzdən qabaq onları yol salma zamanı deyilən alqış-dua idi. 90-cı illərdən sonra bizim də dilə keçib, daha çox Elçibəyin Kərimliyə məşhur ikibaşlı “qəzan mübarək” mesajından sonra populyarlaşmışdı. Bu günlər o ifadəni tez-tez xatırlayıram.

Türk sosial mediasında HƏMAS - İsrail qarşıdurmasının ilk günlərindən “Ordu Fələstinə” deyə çağırış edənlərin bir hədəfi də Azərbaycandır. Türk millətçisi, ülküçü maskası bol olan qəzzasevərlər, fələstinofillər dövlətimizə, xalqımıza olmazın təhqirlər səsləndirirlər. Din qardaşlığı, xilafət sevdası türklük qayəsindən, Azərbaycan-Türkiyə dostluğundan çox-çox güclü imiş bu insanlarda.

Bəs, bu qəzzasevərləri qane etməyən, qıcıq edən, qəzəbləndirən nəymiş?

İran təbliğat maşınının bütün yalanlar və ittiham seriyası: Azərbaycan niyə İsraillə əlaqələri kəsmir? Niyə Azərbaycan küçəsi (siyasi etirazçılar) ərəb küçəsi ilə həmrəy olub İsraili asıb- kəsənlərin cərgəsində yer almır? Niyə Azərbaycan İsraildən silah alır? Niyə Azərbaycan İsrailə neft satır? Niyə Azərbaycanda antisemitizm yoxdur? Və s. və il. Etməyin, eləməyin. Biz bu düşük ittihamları başqa səmtdən gəlməsinə öyrəncəliyik, Ankaranın, İstanbulun dilinin Tehrandan fərqli olmasına adət etmişik.

İsrail istər birinci, istərsə də İkinci Qarabağ savaşında yanımızda yer almış, texniki, hərbi, diplomatik dəstəyini əsirgəməmiş ölkədir. İsrail bizim yanımızda olanda müsəlman qardaşlarımızın bir çoxu Ermənistanın yanında idi. İran XİN-in o zamnkı sözçüsü Bəhram Qasiminin azərbaycanlı jurnalistlərə verdiyi cavab beləydi: “Dağlıq Qarabağ münaqişəsi bizim nə Bakı, nə də İrəvanla münasibətimizə təsir edə bilməz”. Bu da Azərbaycan XİN-in bugünkü mövqeyi: “Azərbaycan beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib”. Burda beynəlxalq hüquqa, İƏT normalarına zidd nə var? Amma vilayəti-fəqihçilərə və Türkiyədəki onlarabənzərlərə görə, bir müsəlman ölkəsinin Ermənistanla əməkdaşlığı qaib imamın kölgəsindən gələn əsl islami mövqedir, Azərbaycanın beynəlxalq hüquqa və İƏT prinsiplərinə istinad etməsi isə sionist mövqedir.

Neft satırıqmı? Satırıq. İordaniya, Liviya, İraq, Körfəz ölkələri də satır. Bizim neftimiz Türkiyə üzərindən gedir, digərləri Misir və İordaniya üzərindən.

Diplomatik əlaqələrimiz varmı? Var. O ölkədə bizdən əvvəl Misir və İordaniyanın diplomatik nümayəndəlikləri açılıb. Xüsusi olaraq bu iki ölkəni niyə vurğulayıram? Çünki Qəzza 1967-ci ilə qədər Misirin idarəçiliyində idi, Qərb Sahili və Şərqi Qüds İordaniyanın. Üstəlik, İordaniya bütövlükdə Fələstin mandatı ərazisinin bir hissəsində elan olunub, əhalisinin də 60 faizi 1948-ci ildən sonra mandatın digər guşələrindən qaçıb gələnlərdir, yəni indi fələstinli dediyimiz icma. İsrail təsis olunanda onu ilk tanıyan dövlətlər arasında iki müsəlman ölkəsi də var idi. Hansılar olduğunu bilirsiniz- İran və Türkiyə.

Qınamırıq, hesab edirik ki, o zamankı reallıqlara uyğun, öz milli maraqları çərçivəsində davranıblar. Bəs siz İrandakı indi rejimin rəhbərlərinin Fransada yaşadıqları zaman “sehyonsitləri” qınamış olduqları bircə cümlə tapa bilərsinizmi? Yoxdur, əskinə İranın neytral qalmasının zəruriliyi haqda açıqlamalar var. Hesab edək ki, sonra səhvlərini düzəldiblər. Bəs, onda Təl-Əviv-Tehran-Vaşinqton üçbucağı arasında cərəyan etmiş “İrangeyt” nə qalmaqal idi? Bunu da İraqla savaşın gətirdiyi məcburiyyət hesab edək. Bəs Azərbaycanın eyni zərurətdən etdiyi əməkdaşlıq niyə qəbih sayılır? Nəhayət, dünyanın dörd bir yanında İran təbliğatı elə qurulub ki, sanki Fələstinin az qala yeganə hamisi onlar imiş. SEPAH xaricdə döyüşmək üçün yaratdığı korpusun belə adını “Qüds” qoyub. İndi bu “Qüds” qüvvələri niyə meydanda yoxdur? Hansı günü gözləyir?

Azərbaycan dünya lideri, məzlumların dayağı, müsəlmanların hamisi, xəlifəsi, imamı roluna iddia etmir. Azərbaycan beynəlxalq hüquqla tanınmış ərazilərdə qurulan və əməkdaşlığa açıq bütün dövlətlərə xoş münasibətlərdə maraqlıdır. Yeri gəlmişkən, 2016-cı ildə Suriya -Türkiyə sərhədində rus təyyarəsi vurulandan sonra Rusiya ilə, 2010-cu ildə “Mavi Mərmərə” insidentindən sonra İsraillə yaranmış diplomatik gərginlik zamanı da türk sosial mediasında bizi asıb-kəsənlər yetərincə idi. Xüsusi emissarlar gəlib Bakıda mətbuat konfransları keçirir, bizdən əsil “türklük” tələb edirdilər. Sonra Ankara-Moskva yaxınlaşmasında da, Ankara-Təl-Əviv normallaşmasında da körpü ölkənin Azərbaycan olduğunu dostlarımız indi minnətdarlıqla xatırlayırlar. İndiki gərginlik davamlı deyil, onun səngiməsinə, normallaşmasına mütləq ehtiyac yaranacaq. Və Azərbaycan yenə yada düşəcək. Təbii ki, İranın buna ehtiyacı yoxdur, olsa da, altdan-altdan, pünhan- pünhan alışıb-verişərlər. Bəli, baba, taarrofe-bastane (qədim ənənələr) belə tələb edir.

...Mərhum yazıçı Manaf Süleymanovun maraqlı bir xatirəsi vardı. Türk ordusunun komandanı Bakıda Məhərrəmlik ayini icra edənləri yığıb İraqda ingilislərə qarşı döyüşə göndərməyi təklif edir. Bir az dini azadlığa kobud müdaxilədir, amma bir ibrəti var. Qonşu ölkələrdə və kənar paytaxtların havasına girib özümüzdə də Azərbaycan cəmiyyətini və hakimiyyətini suçlayanları toplayıb heç olmasa volontyor kimi Qəzza sakinlərinə yardıma qoşdurmaq lazımdır.

Qəzza üçün qəzavat istəyirsiniz? Lap yaxşı, qəzanız mübarək, qılıncınız ovxarlı, Yaradan yar və yardımçınız olsun! Di haydı, söz pəhləvanlığından əmələ keçin. Heç olmasa, humanitar yardım üçün qollarınızı sıvayın. Bunu da etməyəcəksinizsə, söz pəhləvanlığını, daha dəqiqi, yüngültaxtalığı dayandırın.

Cəmaləddin Quliyev, siyasi analitik

Oxumağa davam et
Reklam
Reklam

Gündəm