Köşə
Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
Bu gün Müəllimlər Günüdür. Yaşımı nəzərə alsaq, mənə dərs deyən müəllimlərin çoxu artıq bu dünyada yoxdur. Ona görə bu gün mənim üçün sadəcə təqvimdəki bir tarix deyil. Bir az xatirədir, bir az nostalji, bir az da “nə tez keçdi bu illər” sualıdır.
1983-cü ildə ilk dəfə məktəbə getmişəm. O vaxt indiki kimi məktəbəqədər hazırlıq söhbəti yox idi, ibtidai hazırlıq deyilirdi. Əvvəlcə məni Sevda müəllimənin sinfinə - “B” sinfinə vermişdilər. Amma o vaxt uşaqlar arasında qəribə bir bölgü vardı: “A” sinfinə “ağıllılar”, “B” sinfinə isə “bisavadlar” deyə atmacalar atırdılar.
Mən də uşaq ağlımla bunu ciddi qəbul etmişdim. Evə gəlib ağladım ki, “Mən "B" sinfində oxumaq istəmirəm, onlara bisavad deyirlər”. Evdəkilər əvvəl güldülər. Sonra gördülər ki, məsələ mənim üçün ciddidir. Direktora müraciət etdilər və məni “A” sinfinə keçirdilər. Beləcə Sürəyya müəllimənin sinfinə düşdüm.
Bir neçə gün sonra Sevda müəllimə məni dəhlizdə gördü. Soruşdu:
- A sinfinə keçəndən sonra ağlın artdı, ağıllandın?
Uşaq olsam da, cavabım hazır idi:
- Onu gələcək göstərəcək, kim ağıllıdır, kim bisavad.
İndi dönüb o cavaba baxanda düşünürəm ki, uşaq vaxtı verdiyim bəzi cavabların məsuliyyətini sonradan özüm daşımalı olmuşam. Amma nə edəsən, uşaqlıq belədir.
Sürəyya müəllimənin üzüyü
Sürəyya müəllimənin oxumayan uşaqla arası yox idi. Əslində, bizi öyrətmək üçün əlindən gələni edirdi. Öyrənməyəndə isə barmağındakı böyük üzük işə düşürdü. Uşağın təpəsinə o üzüklə vurulan bir zərbə, deyəsən, ayrıca "pedaqoji metod" idi. İndi bunu xatırlayanda adam istər-istəməz gülür. Amma o vaxt heç kim gülmürdü.
Sonralar başa düşdüm ki, müəllimlərin hərəsinin öz dərs demək üsulu, öz dünyası varmış.
Azərbaycan dili və ədəbiyyat müəllimim Solmaz müəlliməni isə xüsusi rəhmətlə anıram. Məkanı cənnət olsun. Məni oxumağa, ali təhsil almağa daha çox həvəsləndirən əvəzsiz insanlardan biri idi. Bəzən insanın həyatında bir müəllim olur ki, sadəcə fənn öyrətmir, uşağın qarşısında başqa bir yol açır. Solmaz müəllimə mənim üçün məhz belə insan idi.
Kimya müəllimimiz Zülfüqar müəllimin dərs keçdiyi otağa isə “ölüm otağı” deyirdik. Səbəbi kimyanın özü deyildi. Zülfüqar müəllimin zəhmi və bir şilləsi adamın yadından ömür boyu çıxmır.
Raya müəllimə isə yaddaşımda tamam başqa cür qalıb. Onu kəndçimizdən çox rus kimi tanıyırdım. Elə bilirdim Rusiyadan gəlib kəndimizdə yaşayır. Rus dilini o qədər mükəmməl bilirdi ki, uşaq ağlımla başqa cür düşünə bilmirdim.
Tarix müəllimimiz İbrahim müəllim isə dərs danışanda bizi kitabın içindən çıxarıb birbaşa tarixin özünə aparırdı. Bir gün ibtidai icma quruluşunda olurduq, başqa gün xanlıqlar dövründə gedən münaqişələrin içində. Yüzillik müharibənin canlı şahidinə çevrilirdik. II Dünya müharibəsi, 1941-1945-ci illər müharibəsi haqqında elə həvəslə danışırdı ki, özümüzü həmin döyüşçülərdən biri sanırdıq.
Çünki İbrahim müəllim tarix fənnini sadəcə tədris etmirdi. O, tarixi sevirdi. Bəlkə də bizə ən çox onu öyrətdi: öyrətdiyin şeyi sevməsən, onu başqasına sevdirə bilməzsən.
Ulduz müəllim də riyaziyyat aşiqi idi. Bizə deyirdi:
- Oxumayın e, oxumayın. Sabah-biri gün həyatınızla haqq-hesab edəndə deyəcəksiniz ki, kaş Ulduz müəllimənin sözünə baxıb riyaziyyatı oxuyardıq.
O vaxt bu sözlərə nə qədər qulaq asırdıq, bilmirəm. Amma illər keçdikcə müəllimlərin bəzi cümlələri adamın yaddaşında qəribə şəkildə canlanır. Uşaqlıqda adi görünən bir söz, illər sonra həyatın içində öz mənasını tapır.
Ən sevdiyim və nifrət etdiyim dərs
Ən sevdiyim, eyni zamanda ən nifrət etdiyim dərs isə idman idi.
Sevirdim, çünki dərs vaxtı bir az asudəlik olurdu. Nifrət edirdim, çünki hər dəfə futbol oynayanda müəllim məni qapıçı qoyurdu.
Niyə?
Çünki hücumda uşaqların qolunu-qıçını vurub şülküt edirdim.
Deməli, müəllim də məni düzgün mövqeyə yerləşdirirmiş. İllər sonra başa düşdüm ki, o vaxtkı futbol məşqçiliyi də bir növ istedad tanıma sistemi imiş.
Bizim dövr tamam başqa bir aləm idi.
İndi məktəblər də başqadır, uşaqlar da. Texnologiya, telefon, internet, sosial şəbəkələr... Bizim vaxtımızda isə uşaqlığın öz səsi vardı. Məktəbin dəhlizi, taxta lövhə, təbaşir qoxusu, müəllimin səsi, tənəffüsdə qaçış, həyət futbolu...
Hərdən düşünürəm ki, kaş indiki uşaqları İyo-Kio babanın sehrli xalatı ilə bizim dövrə, o illərə apara biləydim. Bir günlük də olsa.
Bəlkə onda anlayardılar ki, bəzi şeylərin bahalı olması onları qiymətli etmir. Bəzən bir müəllimin bir cümləsi, bir kitab, bir top, bir məktəb dəhlizi insanın yaddaşında ömür boyu qalır.
İndi mənə dərs deyən müəllimlərin çoxu yoxdur. Amma qəribədir, insan bəzən dünyasını dəyişmiş adamlarla bağlılığını onların sağlığında deyil, yoxluğunda daha dərindən hiss edir.
Sürəyya müəllimənin o böyük üzüyü, Solmaz müəllimənin oxutma, öyrətmə həvəsi, Zülfüqar müəllimin “ölüm otağı”, Raya müəllimənin rus dili, İbrahim müəllimin bizi tarixin içində gəzdirməsi, Ulduz müəllimənin riyaziyyat sevgisi və məni hər dəfə qapıya qoyan idman müəllimi...
Hamısı bir yerdə mənim məktəbimdir. Hamısı bir yerdə mənim uşaqlığımdır.
Və bəlkə də insanın yaşı artdıqca məktəbdən ən çox öyrəndiyi şey dərsliklərdə yazılmayan olur: bəzi müəllimlər gedir, amma onların dərsi sənin həyatın boyu davam edir.
Bu gün onların hamısını - həyatda olanları da, artıq aramızda olmayanları da hörmət və minnətdarlıqla xatırlayıram.
Gününüz mübarək, əziz müəllimlər!
Sizin bizə verdiyiniz təkcə bilik deyil. Uşaqlıqda bəlkə fərqinə varmadığımız, illər keçdikcə qiymətini daha yaxşı anladığımız bir mirasdır.
Bu gün həyatda olan müəllimlərimə möhkəm can sağlığı, uzun ömür və yetirmələrinin uğurundan qürur duymağı arzulayıram. Dünyasını dəyişən müəllimlərimə isə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun.
Müəllif: Adəm Abbaslı
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi
-
Nida Xəbər 11:30Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi” - VİDEO
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO


































.jpg)
