Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
Bizi izləyin

İqtisadi gündəm

Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?

Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?

Dünya bazarında neftin qiyməti geosiyasi gərginliklər, qlobal tələbat və hasilatla bağlı gözləntilərin təsiri altında dəyişir. Yaxın Şərqdə davam edən münaqişələr və Hörmüz boğazı ətrafındakı təhlükəsizlik riskləri neft təchizatının fasiləyə uğraması ehtimalını artıraraq qiymətlərə təsir göstərir. “Barclays” bankı Brent markalı neftin 2027-ci ildə orta qiymətinin 85 dollar olacağını proqnozlaşdırsa da, Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsində neftin bir bareli 65 dollardan hesablanıb.

Bəs Yaxın Şərqdə münaqişələr sülh razılaşması ilə nəticələnsə, neft bazarında hansı dəyişikliklər baş verə bilər? Geosiyasi risklərin aradan qalxması qiymətlərin kəskin azalmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, büdcədə neftin qiymətinin aşağı götürülməsi hökumətin mümkün iqtisadi risklərdən sığortalanmaq istəyindən irəli gəlir:

“Mən hələ 2015-ci ildən bu yana dünya mediasında gələcək illər üçün verilən proqnozların tam şəkildə özünü doğrultduğuna rast gəlməmişəm. Söhbət dünyanın ən məşhur maliyyə qurumlarından, enerji təşkilatlarından və investisiya banklarından gedir. Bir tərəfdə neftin qiymətinin 100 dollar olacağı proqnozlaşdırılır, digər tərəfdə isə Azərbaycanın dövlət büdcəsində bu rəqəm 65 dollar götürülür. Bunun səbəbi hökumətin özünü sığortalamaq cəhdidir. Neftin qiyməti proqnozlaşdırılandan yüksək olduqda əldə olunan əlavə gəlir yenə büdcəyə və ya Dövlət Neft Fonduna yönəlir”.

Ekspert qeyd etdi ki, geosiyasi gərginlik azaldıqdan sonra neftin qiymətində eniş gözlənilsə də, bir sıra amillər onun 70 dollardan aşağı düşməsini çətinləşdirir:

“Təbii ki, geosiyasi risklər aradan qalxdığı zaman neftin qiyməti indiki səviyyədə qalmayacaq. Hazırda qiymət 90 dollar ətrafındadır. Fevralın 28-də ABŞ-İran müharibəsi başlayanda, iki gün sonra birjalar açıldıqda və Hörmüz boğazından keçidə maneələr yarandıqda qiymətlər də artdı. Müharibədən əvvəlki iki ayda neftin orta qiyməti 67 dollar təşkil edirdi.

Qiymətlərin azalması labüddür. Ancaq hesab etmirəm ki, 70 dollardan aşağı düşərək müharibədən əvvəlki səviyyəyə qayıtsın. Çünki müharibə dövründə həm neft-qaz infrastrukturuna dəyən zərər, həm də ehtiyatlardan istifadə nəzərə alınmalıdır”.

İlham Şaban əlavə etdi ki, müharibə dövründə istifadə olunan strateji ehtiyatların yenidən doldurulması neft bazarında əlavə tələb formalaşdıracaq və bu da qiymətlərin müəyyən həddən aşağı enməsini məhdudlaşdıra bilər:

“Ehtiyatı olan dünya ölkələri ilk üç ayda təxminən 400 milyon barel nefti məhz strateji ehtiyatlar hesabına bazara çıxararaq qiymətlərin 150-200 dollara yüksəlməsinin qarşısını aldılar. İndi həmin ehtiyatlar da yenidən bərpa olunmalıdır və bu, neftə tələbat yaradacaq. Bu baxımdan, qiymətlər azalacaq, ancaq hesab etmirəm ki, gələn il neftin qiyməti 2026-cı ilin əvvəlində olduğu kimi 65-70 dollar diapazonunda olsun”.

Müəllif: Zümrüd Abidqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm