Dəb ilahələrinin retrosayağı zinət əşyaları - FOTOLAR
Bizi izləyin

Layihə

Dəb ilahələrinin retrosayağı zinət əşyaları - FOTOLAR

Qadınlar dünya şöhrətli aktrisalardan nümunə götürür, özlərini onlara bənzətməyə çalışırlar. Gözəllik etalonu sayılan məşhurların geyindiyi hər şey dəb tendensiyasına çevrilir. Bəs, onlar bütün bunları necə edirlər?

Əslində, ulduzlar kimi görünmək üçün mütləq deyil ki, kinoya çəkiləsən. Zövq sahibi olan istənilən şəxs ulduz ola bilər.

Stil ikonası dedikdə, gözlərimizin qarşısında Merilin Monro, Sofi Loren, Odri Hepbern, Katrin Denyov və digər retro aktrisaların obrazları canlanır. Onlar ilahi gözəlliyi ilə milyonlarla kişinin qəlbini fəth ediblər. Sadəcə, gözəlliyi və istedadı iləmi? Əlbəttə ki, yox. Həmin məşhurlar həm də orijinal üslubuna görə 20-ci əsrin stil ikonaları statusunu qazanıblar. Onların hər bir ayrı-ayrılıqda dəb qanunvericisidir. Çünki adını çəkdiyimiz aktrisaların əksəriyyəti həyatda olmasa da, dizaynerləri hələ də eksklüziv geyim kolleksiyalarını retro film qəhrəmanlarından ilhamlanaraq yaradırlar.

Məşhur zərgərlik evləri də əfsanəvi aktrisaların rollarına biganə qalmayıb və onlar üçün xüsusi olaraq bəzək əşyaları yaradıblar.

Publika.az-ın “9 don” layihəsi çərçivəsində retro stil ikonalarının üslubu üçün xarakterik olan və dəb tarixinə düşmüş zinət əşyaları haqqında söhbət açmışıq.

Odri Hepbern

Odri Hepbern klassika haqqında təsəvvürlərimizi tamamilə dəyişir. Xüsusilə, Avropa dəbinə incəlik, eyni zamanda sadəlik və rahatlıq gətirir.

XX əsrin ən ibrətamiz dəb ilahəsi Odri Hepbren maskulin tərzində geyinsə də, öz xanımlığını itirmirdi. Zərif və şıq üslubu ilə daim diqqət mərkəzində olurdu. Ona görə də, aktrisanın üslubunun xanımları və dizaynerləri yeni obrazlar yaratmağa ruhlandırması təəccüb doğurmur.

Onun qüsursuz zövqü həm geyim, həm də zinət əşyaları seçimində özünü göstərirdi. Bir çox kino çəkilişlərində Odri üstünlüyü mirvaridən hazırlanan bəzək əşyalarına verirdi. Məsələn, onun obrazlarını, adətən, lakonik mirvari sırğalar bəzəyirdi. Aktrisa bir cüt mirvari sırğasını həm payız paltosu, həm yüngül yay donları ilə məharətlə birləşdirirdi. Maraqlıdır ki, mirvari sırğaların qara donla vəhdəti onda daha uğurlu alınır və eleqantlıq zirvəsi sayılırdı. Məncə, öz individuallığınızı qoruyaraq onun stilni təkrarlaya bilərsiniz.

Sofi Loren

İtaliyanın fəxri - Sofi Loren kainatda qazandığı populyarlığını məhz gözəlliyinə borcludur. Əlbəttə ki, aktrisanın dramatik istedadı da şübhə doğurmur. Lakin Loren dəb ikonası kimi daha çox sevilir. Təsadüfi deyil ki, qadınlar özünü bir çox dəb tendensiyalarının əsasını qoyan ulduza oxşatmaq üçün dəridən-qabıqdan çıxırdılar.

Aktrisa gündəlik həyatda da, kinoda olduğu qədər valehedici görünməyə çalışırdı. Bu həm makiyaja, həm geyimə, həm də bəzək və aksessuarlara aiddir. Sofinin sirri ondadır ki, dəb tendensiyalarına riayət etmir, onları özü yaradırdı. Hətta ilk baxışda çox bayağı görünən paltarlarına incə yaxa sancaqları ilə bəzək vururdu. Bir sözlə, Sofi Loren gözəlliyini vurğulayan bəzək əşyası seçməkdə usta idi.

Elizabet Teylor

Elizabet Teylorun brilyantlarla yaşadığı mәhәbbәt macәrasından danışsaq, böyük bir dastan alınar. Elizabet Teylor brilyantdan nəinki qәdim şahzadәlәri canlandıranda, gündәlik geyimlərində də üstünlük verirdi. Elә buna görә Elizabetә “brilyantlarla sevişәn” aktrisa deyirdilәr. O sanki brilyantlarla bәrq vurmaq üçün yaradılmışdı...

Kişilәr də çoxsaylı sevgi macəraları olan kinodivanı sevir və ona gözәl zәrgәrlik nümunәlәri göndәrirdilәr. Hamıya məlumdur ki, bütün dünyada mәşhur olan Elizabet Teylorun zinət əşayaları kolleksiyası onun pәristişkarlarının hesabına yaranıb.

Vivyen Li

Stil ikonası statusunu Vivyen Liyə də ünvanlamaq olar. Çünki “Küləklə sovrulanlar” filminin qəhrəmanı qeyri-adi təbii gözəlliyə malik idi. Əlbəttə ki, Vivyen Li gözəl olduğunu anlayır və onu vurğulamağı yaxşı bacarırdı. Lakin həmkarı Elizabet Teylordan fərqli olaraq, bəzək əşyalarının çoxluğunu sevmir, yalnız bir zinət əşyası taxırdı. Məsələn, uzun, damcı formasında brilyant sırğaları onun sezilməyən şarmını vurğulayır və sanki hər kəsi bu valehedici gözəlliyə tamaşa etməyə səsləyirdi.

Merilin Monro

Təmtəraqlı bəzək əşyaları Monronun əvəzsiz gözəlliyi ilə birləşərək milyonlarla kişini heyran etmişdi. O hesab edirdi ki, qadınların brilyantlardan başqa vəfalı rəfiqəsi ola bilməz. Buna baxmayaraq, Merilin Monronun mücrüsündən çox az sayda ləl-cəvahirat tapıldı. Monronun ölümündən sonra məlum oldu ki, aktrisanın bəzək əşyalarının böyük hissəsini bijuteriyalar təşkil edib. Sonradan bəlli olub ki, o, dünya şöhrətli zərgərlərin zinət əşyalarını kirayə götürürmüş. Məsələn, “Centlmenlər” filminin təntənəli premyerasında taxdığı boyunbağını qiymətli daş-qaş kolleksioneri və zərgərlik firmasının sahibi Meyer Rozenbaumdan götürmüş, mərasimin sonunda öz sahibinə qaytarmışdı. Bu, Monronun bütün ömrü boyu taxdığı ən bahalı və ən böyük daş idi. Daşın tarixi ilə bağlı müxtəlif əfsanələr dolaşır. Deyilənlərə görə, onunla okeanı keçən şəxsə daş müsibət gətirir. Qədim tarixə malik armud formasında “Ay saqqalı” adlı brilyantın çəkisi 24,04 karat idi.

Yeri gəlmişkən, qeyd edək ki, dünyanın bir çox ulduzları Monro ənənəsini davam etdirərək büdcələrinə qənaət edirlər.

Katrin Denyov

Katrin Denyovun lətafətli tərzi kübar fransız gözəlliyinin etalonu sayılır. Çünki kinoulduzu istənilən obrazda xanımlığını qoruyur. Aktrisanın üslubunda minimalist, birrəng əşyalar üstünlük təşkil edir. Lakin o, heç bir halda darıxdırıcı görünmür. Məsələ ondadır ki, sadə geyimlərini böyük cəvahiratlarla rövnəqləndirirdi. Fransız dəb qanunvericisi olaraq ulduz indi də öz üslubunu dəyişmir.

Qreys Kelli

Qreys Kelli aktrisa olduğu vaxtlarda təvazökar, lakin yüksək keyfiyyətli zinət əşyalarına üstünlük verirdi. Gündüz geyimləri üçün sadə yaxa sancaqları və mirvarilər, gecə qiyafələri üçün isə bir cüt sadə sırğa ilə kifayətlənirdi. Lakin Monako şahzadəsi olduqdan sonra cəvahirat onun tərzində daha əhəmiyyətli yer tutmağa başladı. Məsələn, şahzadə axşam qəbullarına təmtəraqlı boyunbağı və tac taxmadan getməzdi. Boyunbağı və mirvarilər Qreys Kellinin həm həyatda, həm də kinoda ən çox xoşladığı bəzəyi olub. Bunun üçün onun filmlərdəki rollarını xatırlamaq kifayətdir.

1956-cı ildə isə Fransanın “Van Cleef & Arpels” firması Monako Knyaz Evinin rəsmi zərgəri statusu qazanması ilə şahzadə ilə şirkət arasında ömürlük əlaqənin əsası qoyuldu. Bundan başqa, “Cartier” zərgərlik evinin bəzək əşyaları da şahzadənin mücrüsündə xüsusi çəkiyə malik idi. Bu brendin istehsal etdiyi zinət əşyaları Qreysin həyatının mühüm anlarını bəzəyirdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm