Murad Arif: “Toy manısı” ifama irad tutmaq istəsə…”
Bizi izləyin

Magazin1

Murad Arif: “Toy manısı” ifama irad tutmaq istəsə…”

Şoumen və bəstəkar Murad Arif indi də vokal ifası ilə gündəmə gəlib. O, Cüzeppe Verdidən “La Donna Mobile”, Luçiano Pavarottidən “Torna e Surriento”, Andrea Baçellidən “Time to say goodbye” kimi klassik əsərləri ifa edib.

Maraqlıdır, görəsən bəstəkar kimi pop janrına üstünlük verən Murad Arifin, ifaçı kimi klassik musiqiyə müraciət etməsinin səbəbi nədir?

Publika.az-a açıqlamasında bunu ən böyük arzusu ilə izah edən müğənni-bəstəkar təhsilini İtaliyada davam etdirmək istədiyini bildirib.

“Musiqi mənim həyatımdır. Hələ 8-9 yaşımdan atam mənə “Sənsiz”, “Sevgili canan”, “Koroğlu” ariyasını öyrədər, təbliğ edərdi... 2 ilə yaxındır ki, vokalla məşğul oluram. Pop janrında ifa etsəm də, vokalı dərindən bilmək istəyirəm. Bu gün səhnədə vokal məktəbindən xəbərsiz onlarla ifaçı tanınır. Amma musiqinin məktəbini, elmini, incəliklərini bilmək çox önəmlidir. Mən isə savadlı ifaçı olmağa iddialıyam. Heç bir işə həvəs xatirinə başlamıram. Bu, ilk növbədə sənət sevgisidir. İkinci növbədə isə, inam və özgüvən yaradır. Sabah hansısa "toy manısı" ifama irad tutmaq istəsə, yaxşı-yaxşı fikirləşsin. Qarşısındakının nələri bildiyini, nələri öyrəndiyini hesablasın və Murad Arifin vokalı haqda rəy bildirməyə haqqı çatıb-çatmadığına qərar versin. Müəllimim 50 ilin pedaqoqu Tamilla Əhmədovadır. Dərslərə başlamazdan öncə, bu sahədə perspektivimdən əmin deyildim... Ona görə də musiqiyə yaxın işlər görürdüm. Aparıcılıq, prodüserlik və sair. Amma vokal dərsləri məndə özünəinam yaratdı. Tamilla Əhmədova ilə çox ağır, qəliz və məsuliyyətli partiyalar, ariyalar öyrənirik. Bunu efirdə göstərmək istəmirəm. Bu, sadəcə mənə lazımdır. Bir çoxu söz gəzdirirdi ki, "Murad Arif hələ özünü axtarır" və s. Amma anlamalıdırlar ki, Murad Arifin yolu uşaqlığından bəllidir. Doğulduğu gündən özünü musiqidə tapıb. Ailəmizdəki mühit, fortepiano dərsləri, uşaqlığımdan həyatda gördüyüm korifeylər, atamın dostu Yaşar Səfərov, yaxın qohumum İslam Rzayev, illərlə dinlədiyim milli və qərb musiqisi... Füzuli, Şuşa, Ağdamın suyu, havası mənim yolumu çoxdan müəyyənləşdirib. Və bu elmi hərtərəfli öyrənmək həyatımın işidir. Arzum təhsilimi İtaliyada davam etdirməkdir. Amma operaya çox bağlı deyiləm. Klassikanı yaxşı bilən estrada ifaçısı olmaq daha maraqlıdır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm