Tarı dünyaya sevdirən azərbaycanlı: “Özümü onsuz təsəvvür edə bilmirəm” – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Tarı dünyaya sevdirən azərbaycanlı: “Özümü onsuz təsəvvür edə bilmirəm” – FOTO/VİDEO

Onun tarda ifası tam fərqlidir...

Onun tarda ifası tam fərqlidir... ABŞ, Yunanıstan, Fransa, Çin, bir sözlə, dünyanın dörd bir tərəfində milli musiqi alətimiz olan tarı yüksək səviyyədə təbliğ edir və xarici tamaşaçılara sevdirə bilir.

İfaçılıq məharəti sayəsində Şəhriyar İmanov dünyanın diqqətini bu musiqi alətinə yönəltməyi bacarıb. Avropa və Amerikanın böyük səhnələrində çıxış edən azərbaycanlı tarzən tamaşaçıların böyük rəğbətini qazanıb.

İstedadlı tarzən Şəhriyar İmanov Publika.az-ın suallarını cavablandırıb və tara olan sonsuz məhəbbətindən danışıb.

- Tar çox unikal alətdir. Sizcə, onun sehri nədədir?

- Tar onu dilləndirmədikcə küsən, dilləndirdikdə barışan, sən ona ürəyini verdikcə cavabında sənə ruhunu bəxş edən, sadiqliyi ilə seçilən və sonsuz imkanları bol olan musiqi alətidir. Sadaladıqlarım tarın sehrlərinin çox az bir hissəsidir.

- Tarın taleyinizdə mühüm rol oyanacağını ilk dəfə nə zaman anladınız?

- Musiqi məktəbinin son illəri və Bülbül adına orta ixtisas məktəbinin ilk illərində tarın mənə doğma musiqi aləti olduğunu dərk elədim. Onda artıq futbolçu olmaq üçün gecikdiyimin fərqinə vardım (gülür). Ən əsası musiqidə qazandığım uğurlar məni daha da həvəsləndirirdi və artıq başa düşdüm ki, özümü tarsız təsəvvür edə bilmirəm.

- Musiqi və tar vasitəsilə dünyaya nə demək istəyirsiniz?

- Əlbəttə ki, sülh! Hər kəs sülh içində yaşamağa layiqdir. Gündəlik həyatda müharibə, işğal, günahsız insanların, qocaların, körpələrin qurban olması ilə bağlı xəbərlər hamı kimi məni də üzür.

- Zorakılığın və şiddətin qarşısının alınmasında musiqinin gücü nə qədərdir?

- Hesab edirəm ki, musiqi insanları birləşdirən və sülhə çağıran əvəzsiz vasitədir. Özümü bu yolda bir sülh elçisi kimi görmək böyük arzularımdan biridir.

- Tarı dünyaya sevdirən musiqiçisiniz. Maraqlıdır ki, xarici auditoriya qarşısında çıxış edərkən hansı hissləri keçirirsiniz?

- İlk növbədə bu, böyük məsuliyyətdir. Nəzərə alsaq ki, sinəmdəki alət xalqın şah əsəri sayılan biləcək alətidir və qarşındakı insanlar həmin aləti heç zaman görməyib və eşitməyib, o zaman bu missiya səni daha da diqqətli olmağa çağırır. Çünki həmin alətlə sən qarşındakı insanı xəyali də olsa, öz vətəninə virtual səyahətə aparırsan, öz mədəniyyətinlə tanış edirsən və beləcə tamaşaçıda məmləkətinin rəsmini canladırırsan.

- Azərbaycanlı tamaşaçı ilə xarici auditoriya arasında əsas fərq nədir?

- Yuxarıda dediyim kimi, xarici tamaşaçıdan fərqli olaraq yerli tamaşaçılar tarı kifayət qədər eşidib və onun bu istiqamətdə zövqü formalaşıb. Ən həssas məqam ondandır ki, xarici tamaşaçıdan fərqli olaraq yerli dinləyici sənin hər düzündən zövq alır, hər səhvini isə dərhal hiss edir.

- Xarici musiqiçilər tarı görəndə necə reaksiya verir? Maraqlanan və öyrənmək istəyənlər olurmu?

- Çox maraqla qarşılayırlar, ilk növbədə alət haqqında suallar verirlər. Tarın nə cür alət olduğunu soruşur və təfərrüatları barədə öyrənmək istəyirlər.

- Nəsillər dəyişir, səhnəyə yeni sənətkarlar çıxır, Azərbaycan sənətinin içində olan peşəkar tarzən kimi hazırda hansı sənətkarları müşayiət etmək istərdiniz?

- Düzünü desəm, müşayiəti bir o qədər də sevmirəm. Əlbəttə ki, xanəndəni dilə gətirən alətlərin başında tar dayanır. Amma hesab edirəm ki, bizim çox gözəl müşayiətçi tarzənlərimiz var. Hansı ki, onlar təkrarolunmaz ifaçılarımızı daim şövqlə müşayiət edirlər. Fikirlər müxtəlifdir, lakin mən solo fəaliyyəti daha üstün tuturam.

- Sizcə, tarı gələcək nəsillər sevə, mənimsəyə və qoruya biləcək?

- Bundan qətiyyən şübhəm yoxdur, əminəm ki, qoruyacaqlar. Yetər ki, zamanla ayaqlaşa biləcək ifalar və musiqilər olsun. O zaman bu alət istənilən dövrdə böyük səhnələr fəth edə biləcək. Ümumiyyətlə, tar hər zaman yaşamağa və səslənməyə layiq olan bir alətdir.

- Heç tardan bezmisiniz?

- Uşaq vaxtı otağa salınıb məcbur 6-7 saat və daha çox məşq etdiyim zamanlarda olub (gülümsəyir). Amma özümü dərk edən andan etibarən bu günə qədər bezdiyim məqamları xatırlamağa çalışsam da, inanmıram ki, belə bir hadisəni yadıma sala bilim.

- Ümumiyyətlə, sizdə musiqidən bir qədər uzaqlaşıb istirahət etmək ehtiyacı yaranırmı?

- Buna hər zaman ehtiyac var. Hər şeyin müəyyən ölçüsü olduğu kimi musiqidə də belədir. Fasiləsiz şəkildə musiqiyə aludə olmaq həm psixi, həm də fiziki fəsadlara gətirib çıxara bilər. Nəticənin müsbət olacağını gözlədiyin zaman əks təsir ola bilər. Odur ki, vaxtaşırı zehni istirahət etdirmək mütləqdir.

- İsfar Sarabski ilə eyni səhnəni paylaşmısınız. İki istedadlı insanın dil tapması çətin olmadı ki? Musiqiçilərlə ən çox nə üstündə mübahisə edirsiniz?

- Düşündüyümüz də asan oldu. Çünki ilk konsertimiz Fransanın Kann şəhərində nəzərdə tutulmuşdu və qastrol öncəsi məşq etməyə çox qısa zamanımız var idi. Beləliklə yalnız bir dəfə məşq edə bildik və ertəsi gün yola çıxdıq. O konsertin videoyazısına baxanda buna hətta özümüz də inana bilmirdik. Çıxışımız təsirli alınmışdı.

- Tarınız sizə heç xəyanət edibmi və tarınızla söhbətləşirsiniz?

- Tez-tez söhbət etdiyim üçün xəyanət etmir. İlk sualda dediyim kimi, tarın ifa etmədikdə səndən küsə bilər, bu alət də canlı varlıqlar kimi diqqət və qayğı tələb edir. Qəribə səslənsə də, həqiqətən belədir. Dilləndirməyi söhbətləşməklə eyni tutsaq, belə nəticəyə gəlmək olar ki, fasilə vermədiyimdən tarım küsməyə macal tapmır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm