“Fəlakət” özünü ASMAQ İSTƏDİ - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

“Fəlakət” özünü ASMAQ İSTƏDİ - FOTO/VİDEO

Dünən Gənclik Mall ticarət mərkzəində yerləşən "Cinema Plus"-da "Fəlakət" filminin möhtəşəm qala gecəsi baş tutub. Bu münasibətlə kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilib, o cümlədən film nümayiş olunana qədər orkestr öz ifaları ilə qonaqları darıxmağa qoymayıb.

Publika.az xəbər verir ki, komediya filminin quruluşçu rejissoru Emil Quliyev, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Arif Niftiyev, baş prodüser isə Cəfər Axundzadədir.

Rollarda Elşən Orucov, Azər Aydəmir, Orxan Ata, Solmaz Süleymanlı, Tural Əzizov, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov, Ləman Mərrih, İqrar Salamov, Nahid Kərimli, Zaur Baliyev, Nəsibə Eldarova və başqaları çəkiliblər.

Həyəcanlı olduğunu gizlətməyən Elşən Orucov film haqqında təəssüratlarını Publika.az-a bölüşüb və bildirib ki, ekran işi bahalıdır:

"Çəkilişlər yay ayından başlayıb, filmin büdcəsi kifayət qədər yüksəkdir. Başda Emil Quliyev olmaqla layihə peşəkar insanların əməyi nəticəsində ərsəyə gəlib. Filmin ideyası azərbaycanlı iş adamının təklifi ilə yaranıb. Emil Quliyev söylədi ki, həmin iş adamının Fəlakət obrazına qarşı böyük simpatiyası var və bu mövzuda film çəkmək istəyir. Təbii ki, bu təklif dərhal qəbul olunmadı, mütəxəssislərlə məsləhətləşib razılaşdıqdan sonra filmin çəkilişlərinə başladıq.

Bu dəfə Fəlakətin qohumları yanında yoxdur. Odur ki, onun əsas köməkçiləri məhlə uşaqları olacaq. Fəlakət burada "Bozbash Pictures"də heç vaxt düşmədiyi vəziyyətlərə düşəcək. Əsas fərq ondan ibarətdir ki, baş rolu canlandırmışam, həmçinin rejissorun Fəlakətə yanaşması da fərqlidir. Ümid edirəm ki, film tamaşaçılar üçün baxımlı olar və sevilər. Bununla belə tənqidlərə hazıram, bu, olmasa inkişaf olmaz".

Aktyor daha sonra əlavə edib ki, real həyatda Fəlakətin başına gələn çətinliklərlə nadir hallarda üzləşir. Elşən Orucov açıqlamasında söyləyib ki, bu filmdə beldən aşağı zarafatlara və söyüşə yer verilməyib:

"Ümumiyyətlə istərdim ki, filmlərdə söyüşlər istifadə olunmasın. "Fəlakət"də biz belə mövzulara yer verməmişik. Mənim izləyicilərimin əsas hissəsi uşaqlardır, onlar Fəlakəti sevir. Odur ki, bu filmdə söyüşdən istifadə etmək heç bir halda düzgün olmazdı. Bu hörmətsizliyi heç vaxt edə bilmərəm. Ssenaridə söyüşə yer verənlərə heç bir sözüm yoxdur, hər kəsin öz işidir. Tamaşaçı qəbul edirsə, deməli, düz yoldadır, qəbul etmirsə, deməli, səhv yolu seçib".

Ekran işi bu günədək sevilən eyni adlı obrazın həyatından bəhs edir. Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılıb ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Filmdə əsas hadisələr bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəman özünü irəli verərək bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma unutmaq lazım deyil ki, o, əsl Fəlakətdir. Onun qeyri-adekvat olması bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Bundan sonra Fəlakət özünü asaraq intihar etmək istəyir. Bəs Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı? Fəlakətin sevimli məhəlləsində başına gələn gülməli hadisələrin gedişatını öyrənmək üçün bu gündən etibarən kinoteatrlarda nümayiş olunan filmi izləməyə dəyər.

Qeyd edək ki, filmin qalasında yaradıcı heyətlə yanaşı, İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev, Hacı Nuran, Kəmalə Piriyeva, Zamiq Hüseynov, Sevda Yahyayeva, Dilarə və Oqtay Əliyevalar, Elməddin Cəfərov, Afaq Aslan, Nərgiz Məmmədova və başqa məşhurlar iştirak edib.

Aytən

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm