Magazin1
Bu həyatdan o həyata günah aparmaq istəmirəm: Yarım qədəh belə içsəm... - Nura Suri
Məşhur müğənni Nura Suri "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni ixtisarla təqdim edir:
- Qadın anlayışı sizin üçün nə ifadə edir? Sizcə, müasir dövrün qadınları öz sosial və mənəvi missiyalarını yetərincə yerinə yetirə bilirlərmi?
- Qadın mənim üçün yaradandır. O, bətnində bir insanı yetişdirir və onun formalaşmasında böyük rol oynayır. Bəzən deyirlər ki, qadınları anlamaq çətindir. Bu da təbiidir, çünki qadınları həm hormonları, həm də hissləri idarə edir. Kişilər isə qərar verərkən daha çox ağılla, məntiqlə hərəkət edirlər. Qadınlar da ağılla hərəkət edirlər, ancaq çox zaman hisslərinə güvənərək qərar verirlər. Məhz bu xüsusiyyətlər kişi və qadınları bir-birindən fərqləndirir.
Lakin missiya baxımından, yəni həyatda daşıdıqları məqsəd və dəyər baxımından kişi ilə qadın arasında fərq görmürəm. Əsas məsələ yaxşı insan olmağı bacarmaq, vicdanlı yaşamaq və başqalarına yaxşılıq edə bilməkdir. Kiminsə hansı sahədə çalışmasının və hansı cinsə mənsub olmasının önəmi yoxdur. Əsas odur ki, işini vicdanla və məsuliyyətlə görsün.
- Müasir cəmiyyətdə qadının sosial, ictimai və ailədaxili rolu barədə fikirləriniz nədir? Onun cəmiyyətdəki mövqeyini necə qiymətləndirirsiniz?
- Keçmiş zamanlarda kişilər daha çox döyüşə gedir, vətəni qoruyur, müharibələrə qatılırdılar. Qadınların rolu isə fərqli idi, ailəyə, uşaqlara qayğı göstərmək, ev işləri ilə məşğul olmaq kimi. Amma hazırda, təkcə bizim cəmiyyətdə deyil, bütün dünyada qadınlar öz ayaqları üzərində durmağı, müstəqil qərarlar verməyi bacarırlar. Onlar istənilən sahədə uğurla fəaliyyət göstərə bilirlər. Ümumiyyətlə, bu gün qadınların rolu kişilərlə bərabərdir. Qadın həm anadır, həm də çalışır, işləyir, təhsil alır və bir çox uğurlara imza atır. Qadın güclüdür.
- Qadın kimi özünüzü daxili güc və iradə baxımından güclü hesab edirsinizmi?
- Bəli, özümü güclü hesab edirəm. Məncə, güclü insan o demək deyil ki, "mən belə düşünürəmsə, deməli, doğrudur". Hər kəsin öz doğrusu, həyata öz baxış bucağı var. Kiminsə fikrincə, məqsədinə çatmaq üçün başqalarını tapdalamaq, onların üzərindən keçmək və mərhəmətsiz davranmaq normal ola bilər. Çünki həmin insanın məqsədi var və onun üçün başqa heç nə önəmli deyil. Amma məndə bu bir qədər fərqlidir. Mən çalışıram ki, insanlığımı itirmədən, öz mövqeyimi, mənliyimi qoruyaraq istəklərimə nail olum. Mənim istəklərim əsasən övladlarımla bağlıdır. Analıq missiyam mənim üçün hər şeydən üstündür. Heç vaxt karyeramı ön plana çəkməmişəm. Bütün arzularım övladlarımın savadlı, uğurlu olmaları ilə bağlıdır. Onların hər bir uğuru mənim öz uğurum kimi dəyərlidir. Mən onları dünyaya gətirmişəmsə, bu həyatı onlara bəxş etmişəmsə, bu daşıdığım məsuliyyəti dərin şəkildə dərk edərək yaşayıram. Mən hərdən reenkaryasiya inanıram, əgər başqa bir həyatım olacaqsa, bu həyatdan o həyata günahlar və səhvlər aparmaq istəmirəm. Gecə yatanda vicdan rahatlığı ilə yatmaq istəyirəm. Mənim üçün ən önəmlisi özümlə harmoniya içində olmaq və bacardığım qədər yaxşı insan qalmaqdır. Mənim üçün yaxşı insan olmaq prioritetdir.
- Müsahibələrinizin birində "Deputat olsam, irəli sürəcəyim fikirlərdən biri odur ki, mağazada içki satılmasın" fikrini bildirmisiniz. Bu fikrinizdə qalırsınız?
- Bəli, bu fikrimdə qalıram. İçki insanda aqressiya yaradır. Mən ailə qurduğum illərdə Birləşmiş Ərəb Əmirliklərində yaşamışam. Orada mağazalarda içki satılmırdı. Bunun üçün hansısa məkan var idi. Mən içkini sevmirəm. Yarım qədəh belə içsəm, özümü sevmirəm. Xarakterimin dəyişdiyini hiss edirəm.
Mənim belə bir xüsusiyyətim var: beynim hər zaman məni kontrolda saxlayır. Ona görə də kontroldan çıxmağı sevmirəm. İçki insanı nəzarətdən çıxarır, aqressiv edir və lazımsız sözlər söylədə bilir. Bu mənim şəxsi fikrimdir.
- Gözəl qadın olmağınız cəmiyyətdə hansı çətinliklərə səbəb olur?
- Açığı, özümü gözəl hesab etmirəm. Gözəl görünmək üçün xeyli əziyyət çəkirəm, idman, qidama diqqət, özünəqulluq, prosedurları. Təəssüf ki, müasir dövrdə bu çox önəmlidir. Onu deyə bilərəm ki, gözəl qadın olmaq yaxşı hal deyil. Oxumuşdum ki, “İnsana hər şeyi bağışlayarlar, bircə gözəllikdən başqa". Gözəl kişi və gözəl qadın idaha çox diqqət cəlb edir və buna görə də daha çox paxıllıqla, qısqanclıqla qarşılaşırlar. Onlar daha çox satqınlığa məruz qalırlar. Dünyaya da nəzər salsaq görərik ki, gözəl qadınlar çox problem yaşayırlar. Amma bəzən sadə görünən qadınlar daha xoşbəxt və uğurlu ailə həyatı yaşayırlar. Gözəl qadınların yaşadığı problemləri də yaşamırlar. Amma mən özümü gözəl hesab etmirəm.
-
Əmlak18:24Bakıda torpaq bahalaşıb - SƏBƏBLƏR/VİDEO
-
Magazin217:22Ülviyə "Taşacak bu deniz" serialında rol almayacaq
-
Region16:43Pezeşkian: "Xaricdən ölkəyə terrorçular göndərilib"
-
İqtisadi gündəm15:41Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
-
İdman15:35Onun iynəsinin biri 250 min dollaradır
-
Sağlamlıq15:27Həkimdən ətiri dəriyə vuranlara xəbərdarlıq: Xərçəng riski var!
-
Magazin215:16Teleaparıcı büsqaltersiz poza verdi - FOTO
-
MDB14:44XTQ texnikaları belə partlatdı - Yeni əməliyyat görüntüləri























.webp)














