Yeni dünya düzəni: Rusiya ABŞ və Çin qarşısından geri çəkilir?
Bizi izləyin

Nida Təhlil

Yeni dünya düzəni: Rusiya ABŞ və Çin qarşısından geri çəkilir?

Yeni dünya düzəni: Rusiya ABŞ və Çin qarşısından geri çəkilir?

ABŞ prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında keçirilən görüş qlobal siyasətdə yeni güc balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Görüşdən sonra beynəlxalq münasibətlər sistemində ABŞ və Çinin əsas güc mərkəzlərinə çevrildiyi, Rusiyanın isə əvvəlki qlobal təsir imkanlarını itirdiyi barədə fikirlər daha da güclənib.

Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Oqtay Qasımov bildirdi ki, Trampın Çinə səfəri və görüşün tərkibi tərəflərin artıq bir sıra məsələlər üzrə ilkin anlaşmalara gəldiyini göstərir.

Vaşinqton və Pekin qarşıdurmanı deyil, dialoqu seçir

Oqtay Qasımov bildirdi ki, Donald Trampın Çinə səfəri bütün dünyada maraqla gözlənilirdi və artıq bu görüş baş tutdu. Onun sözlərinə görə, Trampı müşayiət edən heyətə baxdıqda görünürdü ki, tərəflər görüşə qədər bir sıra məsələlər üzrə müəyyən ümumi anlaşmalar əldə ediblər:

"Bu görüşdə hər iki tərəf ciddi strateji razılaşmalar əldə etməsə də, qarşıdakı dövrdə ABŞ və Çin arasındakı rəqabətin davam edəcəyi aydındır. Bununla belə, belə bir görüşün keçirilməsi göstərir ki, tərəflər münasibətləri daha da kəskinləşdirməkdən çox, gərginliyi azaltmaq və dialoq yolu ilə prosesləri idarə etməkdə maraqlıdırlar”.

Politoloqun sözlərinə görə, müzakirələr əsasən ikitərəfli ticarət, tarif siyasəti, yüksək texnologiyalar, süni intellekt, Tayvan məsələsi və Yaxın Şərqdəki proseslər ətrafında aparılıb.

ABŞ artıq Çini ikinci supergüc kimi qəbul edir

Oqtay Qasımov hesab edir ki, liderlərin açıqlamaları artıq yeni dünya düzəninin konturlarını göstərir:

“Donald Tramp faktiki olaraq Çini ikinci supergüc kimi qəbul etdiyini nümayiş etdirdi. Si Cinpin isə bundan sonrakı mərhələdə ABŞ və Çinin rəqib deyil, daha çox tərəfdaş kimi davranmasının vacibliyini vurğuladı.

Nəzərə alsaq ki, Trampı müşayiət edən nümayəndə heyətində Amerikanın iri texnologiya şirkətlərinin təmsilçiləri də yer alırdı, bu, iqtisadi əməkdaşlıq istiqamətində yeni imkanların müzakirə olunduğunu göstərir. Yəni tərəflər rəqabətlə yanaşı, əməkdaşlıq münasibətlərini də qorumağa çalışırlar”.

Politoloq vurğuladı ki, İran, Tayvan və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərdə tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır: “Ən həssas mövzu Tayvan məsələsidir və münasibətlərə ən çox təsir edən amillərdən biri də məhz budur”.

Rusiya qlobal deyil, regional güc olaraq qalacaq

Müsahibimizin fikrincə, dünya artıq ikiqütblü sistemə doğru hərəkət edir və bu sistemdə əsas aktorlar ABŞ ilə Çin olacaq:

“ABŞ hazırda qlobal supergüc statusunu qoruyur, Çin isə həm iqtisadi, həm siyasi, həm maliyyə, həm də hərbi potensialına görə ikinci böyük güc kimi bu rola iddialıdır. Artıq Amerika tərəfindən də qəbul olunduğu kimi, dünya ikiqütblü sistemə doğru gedir və bu qütblərin liderləri ABŞ ilə Çin olacaq”.

Politoloq hesab edir ki, Rusiyanın üçüncü qlobal güc mərkəzi kimi formalaşması real görünmür:

“Rusiyanın nə iqtisadi, nə siyasi, nə də ümumi təsir resursları ABŞ və Çinlə müqayisə ediləcək səviyyədədir. Şübhəsiz ki, Rusiya böyük regional gücdür, amma onun qlobal liderlik imkanları məhduddur”.

Moskva artıq Pekinin kiçik tərəfdaşına çevrilib

Ekspert vurğuladı ki, Rusiya-Ukrayna müharibəsi Moskvanın beynəlxalq mövqeyinə də ciddi təsir göstərib:

“Faktiki olaraq Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya müəyyən mənada Çinin kiçik tərəfdaşına çevrilib. Bu gün Moskvanın mövqeyini qorumasında Çinin dolayı dəstəyi mühüm rol oynayır. Əgər Pekinin dəstəyi olmasaydı, Rusiyanın daha ağır vəziyyətlə üzləşməsi mümkündür”.

Oqtay Qasımov sonda əlavə etdi ki, Moskva ABŞ və Çinin formalaşdırdığı yeni dünya düzəninə müqavimət göstərməyə çalışsa da, bunun ciddi nəticə verməsi real görünmür: “Yaxın onilliklərdə əsas qlobal güclər ABŞ və Çin olacaq. Avropa İttifaqı, Rusiya, Hindistan və digər aktorlar isə daha çox regional güclər kimi çıxış edəcəklər”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm